Avropanın yarıda qalan "uçan taksi" xəyalları, böyük oyunçular və maliyyə problemləri
Avropada inqilabi nəqliyyat vasitəsi kimi qiymətləndirilən elektriklə işləyən uçan taksilər maliyyə çətinlikləri səbəbindən gözlənilən sürətlə irəliləyə bilmir.
Valyuta.Az xəbər verir ki, xüsusilə Almaniya mərkəzli "Volocopter" və "Lilium" kimi şirkətlər ciddi maliyyə problemləri ilə üz-üzədir.
"Volocopter" layihəsi və maliyyə çətinlikləri
"Volocopter" bu il Paris Olimpiya Oyunlarında iki nəfərlik elektriklə işləyən "VoloCity" hava vasitəsini istifadəyə verməyi planlaşdırmışdı. Lakin bu hədəf reallaşmadı və şirkət yalnız tanıtım uçuşları ilə kifayətləndi.
Şirkət aprel ayında Almaniya hökumətindən 100 milyon avro kredit almaq üçün müraciət etsə də, bu təşəbbüs uğursuz oldu. Hazırda "Volocopter", Çin avtomobil istehsalçısı "Geely"nin 95 milyon dollar qarşılığında şirkətin 85%-lik payını almasını gözləyir. Əgər bu razılaşma baş tutarsa, gələcək istehsal Çinə köçürülə bilər.
"Lilium": cəsarətli dizaynlar və böyük maneələr
Digər Alman startapı olan "Lilium", şaquli qalxış və üfüqi uçuş imkanları təqdim edən, 30 elektrikli jet mühərrikli innovativ uçan taksi modeli hazırlayıb. Şirkət 780 ədəd əvvəlcədən sifariş və razılaşma ilə diqqət mərkəzinə düşüb.
Lakin maliyyə problemləri "Lilium"un fəaliyyətinə ciddi təsir edib. Noyabr ayında şirkət maliyyə çətinlikləri səbəbindən bəzi əsas fəaliyyətlərini dayandıraraq iflas prosesinə daxil olub və "Nasdaq" birjasından çıxarılıb. Yeni təyyarələrin istehsalı davam etsə də, maliyyə problemləri layihəni daha da mürəkkəbləşdirir.
"Vertical Aerospace": İngiltərə bazarının güclü oyunçusu
Bristol mərkəzli "Vertical Aerospace", "VX4" modeli ilə İngiltərənin elektrikli hava nəqliyyatı bazarındakı ən böyük oyunçulardan biridir. Şirkət bu il ilk uğurlu sərbəst qalxış və eniş testlərini həyata keçirib.
Lakin "Vertical Aerospace" də maliyyə çətinlikləri ilə mübarizə aparır. Şirkət ABŞ-ın "Mudrick Capital" şirkəti ilə xilasedici razılaşma əldə edib. Bu çərçivədə "Mudrick" 50 milyon dollarlıq əlavə sərmayə qoyacaq və 130 milyon dollarlıq borc səhmlərə çevriləcək. Bununla da "Mudrick" şirkətin 70%-lik payına sahib olacaq, qurucu Stiven Fitspatrikin (Stephen Fitzpatrick) payı isə 20%-ə düşəcək.
"Airbus" və "CityAirbus NextGen" layihəsi
Avropanın ənənəvi aviasiya nəhəngi "Airbus", "CityAirbus NextGen" layihəsi ilə EVTOL (şaquli qalxış və eniş edə bilən elektrikli hava nəqliyyat vasitəsi) sahəsində sabit addımlarla irəliləyir. 80 kilometr uçuş məsafəsi və saatda 120 kilometr sürətə malik bu dörd nəfərlik vasitə şirkətin texnoloji bilikləri sayəsində stabil inkişaf nümayiş etdirir.
Bazara hakim olan qeyri-müəyyənlik
Uçan taksilərin ilk marşrutlarının hava limanları və şəhər mərkəzləri arasında olması planlaşdırılır. Lakin gəlirlilik məsələsində ciddi narahatlıqlar mövcuddur. Bateriyaların tez-tez dəyişdirilməsi və pilot xərcləri əməliyyat xərclərini artırır.
Mütəxəssislər bildirirlər ki, bu yatırımlar "Tesla" kimi bir inqilab yaratma ümidi ilə edilir. Lakin layihələrin gələcəyi, investorların səbrindən və bazarın bu yenilikçi vasitələrə necə reaksiya verəcəyindən asılı olacaq.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay