İtaliyanın ən iri aviaşirkəti birdəfəlik bağlanır
İtaliyanın ən iri aviaşirkəti, bayraq daşıyıcısı, 1946-cı ildə yaradılmış “Alitalia” (Societa Aera Italiana) fəaliyyətini birdəfəlik dayandırır.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, uzun illər zərərlə işləyən şirkət oktyabrın 15-dən sonra ləğv ediləcək.
75 yaşlı “Alitalia”nın əsas uçuş bazası Roma şəhərinin “Leonardo da Vinçi” hava limanıdır. Ötən əsrin 50-ci illərinin ortalarında Avropanın ən iri aviaşirkətlərindən olan Alitalia uzun müddət uçuş heyətinin geyimlərini və təyyarələrin interyerinin dizaynını İtaliyanın ən iri moda şirkətlərinə, o cümlədən “Giorgio Armani”yə sifariş verib.
Roma Papasının da rəsmi səyahət tərəfdaşı olan “Alitalia” son 30 ildə İtaliya hökumətinin milyardlarla avro dəstək verməsinə baxmayaraq, uzun müddət zərərlə işləyib. 2009-2018-ci illərdə cəmi 2 milyard avroya (2,4 milyard dollar) yaxın zərər edən şirkət 2017-ci ildə özünü müflis elan edib.
İtaliya hökuməti “Alitalia”nın satılması ilə əlaqədar bir neçə aviaşirkətlə uğursuz danışıqlardan sonra ötən ilin martında şirkəti tam dövlət mülkiyyətinə keçirib. Hökumət nəhayət, pandemiya nəticəsində daha ciddi zərbə alan Alitalia-nın ləğv olunmasına və “ITA” (Italia Trasporte Aereo) şirkətinin yaradılmasına qərar verib.
Alitalia artıq son biletlərini satır və müştərilərinə oktyabrın 15-dən sonrakı uçuşlarla bağlı “ITA” ilə əlaqə saxlamağı tövsiyə edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay