Bu xətt Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq - DEPUTAT
Azərbaycan Prezidenti cənab İlham Əlyev Zəngilan rayonuna səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulduğiunu və bu dəmiryolunun Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcəyini bəyan edib.
Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov, ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacağını diqqətə çatdırıb.
Artıq dəmiryolunun inşaatı ilə bağlı işlərin getdiyini deyən ekspert bildirib ki, bu xətt işğaldan azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq və vətəndaşlarımız alternativ nəqliyyat imkanından istifadə edə biləcəklər:
“Bərpa və yenidənqurma prosesindən sonra işğaldan azad olunan ərazilərimizə getmək istəyənlərin sayının çox olacağını nəzərə aldıqda bu nəqliyyat infrastrukturunun üstünlüklərini təsəvvür etmək çətin olmaz.
Dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi kontekstində dəhlizin istifadəyə verilməsi praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevrir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir”.
Bunun Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcəyini söyləyən millət vəkili düşünür ki, xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq:
“Dəhliz həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir ki, bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq”.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi ilə yalnız dəmiryolu deyil, eyni zamanda avtomobil yolunun da istifadəyə veriləcəyi gözlənilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay