BAKU Azərbaycan
29.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0192
  • 1 Türkiyə lirəsi
    0.0514
  • 1 İngiltərə funt sterlinqi
    2.199
44119

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu nəm salfetlərin istehsalı layihəsinə 120 min manat güzəştli kredit ayırıb. Bu məbləğ fərdi sahibkar Fərid Bağırova ayrılıb. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında paylaşım etmişdi.

Həmin sahibkarla əlaqə saxlayıb söhbətləşmək qərarı verdik. “FEB Packaging” istehsal şirkətinin və “Trend” gəlinliklər mağazasının sahibi olan Fərid Bağırov biznes həyatı ilə bağlı Valyuta.az-ın suallarını cavablandırdı.

Qeyd edək ki, F.Bağırov Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) biznesin təşkili və idarə olunması üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində marketinq üzrə magistr təhsili alıb. Avstriyanın Vyana Universitetinə maliyyə menecmenti üzrə doktoranturaya qəbul olsa da, təhsilini yarımçıq qoyub, biznes həyatına davam edib.

- Fərid bəy, biznes adamlarının bir çoxu məktəb dövründən biznes yönündə hansısa addımlar atırlar. Sizdə belə cəhdlər olmuşdu?

- Mən özəl məktəbdə oxumuşam. 9-cu sinifdə oxuyanda (2000-2001) bir qəzetin məktəb daxilində nümayəndəsi idim. Həmin qəzetə məktəbdə abunəçi toplamışdım. Həmin abunəçilərə qəzet paylayırdım. Həm qəzetin aylıq pulunu yığırdım, həm də özümə maaş götürürdüm. Ayda 50-60 min manat (o vaxtın 5-6 şirvanı) qazanırdım. Şagird üçün pis məbləğ deyildi. Növbəti biznes cəhdim isə birinci kursda oldu.

 

“Atasızlıq insanı tez böyüdür”

 

- Bu dəfə cəhdiniz hansı istiqamətdə oldu?

- Dayım oğlu Mingəçevirdə oxuyurdu. Mingəçevir xərçənglərinin yaxşı olduğunu, Bakıda pivə yerlərinə sata biləcəyimizi dedi. Sinif yoldaşım, dayım oğlu və mən hərəmiz 3 şirvan qoyduq və bu işə başlamaq qərarı verdik. Pivə yerləri ilə danışdıq. Mingəçevir xərçəngi bir az balacadır, amma dadı yaxşı olur. Bunu izah etdik, həm də dedik ki, uyğun qiymətə verəcəyik. 10-a yaxın yer bizimlə razılaşdı. Bu işdə təcrübəsiz olduğumuz üçün bir az aldandıq. Xərçəng satan bizə birinci günü başqa xərçəngi göstərdi, amma daha kiçiklərini verdi. Xərçənglər müştərilərə söz verdiyimizdən balaca olduğu üçün qiymətini aşağı elədik, amma yenə də gəlirimiz oldu. İlk cəhddən sonra dayandıq, davam etdirmədik.

- Əgər gəlir də var idisə, niyə davam etmədiniz?

- Xərçəng davamlı suyun içində olmalıdır ki, nəfəs ala bilsin. Bunun üçün də bizim avtomobilimiz olmalı idi. İlk dəfə üçün əlimizdə avtobusla aparırdıq, amma o cür davam etmək də olmurdu. O vaxtı taksi qiymətləri baha idi. Maşınımız olmadığı üçün davam etdirə bilmədik. Ancaq müştərilərdən zəng vurub “yenə gətirin” deyənlər oldu.

- Atanız Şuşada şəhid olub, sizi ananız böyüdüb. Biznes cəhdləriniz maddi problemdən dolayı idi?

- Maddi cəhətdən elə dərin problemimiz olmamışdı. Anam riyaziyyat müəllimi idi. Dayılarım, əmilərim bizə dəstək olublar. Ancaq ümumilikdə inkişafın çətinliklərdən doğması fikri ilə razıyam. İnsan çətinliyə düşəndə istər-istəməz çıxış yolu daha tez axtarmağa çalışır. Mənim atam yox idi. İnsan şüuraltı özündə bir yük hiss edir ki, nəsə etməliyəm. Atasızlıq insanı tez böyüdür. Mənim tanışlarımın, ünsiyyətim yaxşı olanların çoxu yaşca məndən böyükdür.

- Bakalavr təhsili dönəmindən danışaq. Tələbəlik dövrü yadınızda necə qalıb?

- Aktiv tələbə olmuşam. 3 nəfər birləşib “Düşüncə” klubu qurmuşduq. Klubun sədri mən idim. 128 üzvümüz var idi. Universitetdə ən çox üzv bizim klubda idi. Klub vasitəsilə müxtəlif fəaliyyətlər həyata keçirirdik.

 

“Tələbə vaxtı İndoneziyada 3 ev tikdik”

 

- Məsələn, nələr edirdiniz?

- Bir çox istiqamətdə fəaliyyətimiz olmuşdu. Ən yadda qalanını deyim. 2004-cü ildə İndoneziyanın Açe şəhərində sunami oldu. Sunamiyə televiorda baxanda, Şuşadan qaçqın gələndə yaşadıqlarımız yadıma düşdü. 3 gün çöldə qalmışdıq. Klub vasitəsilə yardım etmək qərarı verdik. Dedim ki, kimdənsə pul istəmək üçün birinci özümüz pul qoymalıyıq. Tələbəydik, gücümüz nəyə çatsa, etdik. Universitet daxilində yığdıq, az oldu, şirkətlər və dövlət qurumlarına getdik. Ümumilikdə, 4800 dollar pul yığmışdıq. O vaxtı da Türkiyənin bir şirkəti var idi, 1500 dollara İndoneziyada ev tikirdi. Necə tikirdi bilmədik, amma tikirdi. Pulu Azərbaycan adından şirkətə verdik, üstündən bir müddət keçdi, tikdikləri evlərin sənədlərini və şəkillərini bizə göndərdilər. Evlərin üstündə də Azərbaycan bayrağı asılmışdı. 3 ev tikdik, 300 dollar qalmışdı, onu da nağd pul kimi verdilər. Sonra İndoneziya hökuməti bununla bağlı Azərbaycana təşəkkür ünvanlamışdı.

- Tələbəlik dövründə işlədinizmi, yaxud başqa biznes cəhdiniz oldumu?

- 3-4-cü kurslarda BP-nin SƏTƏM kurslarında ingilis dilindən Azərbaycan dilinə tərcüməçi işləyirdim. 2006-2007-ci illərdən danışıram, saatına 30-35 dollar alırdım. Həftədə 3-4 gün, hərəsində 7-8 saat işləyirdim.Aylıq gəlirim 1500 dollardan çox olurdu. Universitetdən sonra iki il yarım “Bank Respublika”da işlədim. İşim yaxşı idi, sadəcə elə oldu ki, nəsə anlaşa bilmədik, ərizəmi yazıb çıxası oldum. O vaxtı özlüyümdə çox pis olmuşdum ki, mən nə əziyyətlərlə o banka işə düzəlmişdim. İmtahanla 36 nəfər seçib 2 həftə kursa aldılar. Cəmi 10-12 nəfər seçildi, biri də mən idim. Ona görə o işdən ayrılanda, çox stres keçirdim. O müddətdə Türkiyədə oxuyan dostum dedi ki, orada bir dostunun atasının gəlinlik fabriki var. Dedim ki, elə bu sahədə başlayım. 2009-cu ildə başladıq, 2010-da ilk mağazamızı açdıq, uğurlu da alındı.

- Gəlinlik mağazasını açmağa nə qədər maliyyə lazım oldu?

- O vaxtı bu sahədə boşluq var idi və biz o boşluqdan istifadə etdik. 5 min dollarla başladım. Bir az özümdə var idi, qalanını da hərədən bir az borc aldım. Fabrikin sahibi də dəstək oldu, nə qədər məhsulu nisyə verdi. İlk mağazamız bir gözəllik salonunun zirzəmisində idi. Həmin vaxtı dostlarımın evlənən vaxtları idi. Çoxu gəlinliyini bizdən aldı, o da bir dəstək idi. Belə-belə genişləndik və şəhərdə kifayət qədər yaxşı yerlərdə bizim 4 mağazamız oldu.

 

“Qiymətdə müştərini aldatmamağa çalışmışam”

 

- İş öz maliyyəsi hesabına böyüdü?

- Bəli, aktiv idik, davamlı nələrsə edirdik. “Facebook”da 70-80 min üzvümüz var idi. “İnstagram” açılanda orda da olduq, 70 mindən çox da orda idi. “Google”da gəlinlik axtaranda birinci biz çıxırdıq. Efirlərdə məşhur idik, televiziyalarda kiməsə gəlinlik lazım olanda bizdən alırdı. Sonra kampaniyalar edirdik. Oğlan, ya qız şəhid ailəsi idisə, gəlinliyi pulsuz verirdik. Hər yerdə var idik, tanınırdıq. “Pier Cardin”, “Justen Aleksandr” və s. kimi gəlinlik sahəsində bir çox məşhur brendlərin Azərbaycanda nümayəndəsi idik. Qazanırdıq və onu da işə yatıra bilirdik.

- Gəlinlikdə qiymətlər baha olur. Gəlirli sahə demək olar...

- Bizdə kirayə qiymətləri 350-2500 manat arası dəyişirdi. Toy şənliyinin keçirilməsində məqsəd odur ki, bütün el-oba toplanıb ailə quran şəxslərin büdcəsinə dəstək versin. Ona görə, prinsipim belə idi ki, müştəriyə əlçatmaz qiymət deməyək, ailə quranlara dəstək olaq. Bir müştəri bir dəfə gəlinliklərdən birinin qiymətini soruşdu. Dedim ki, 900 azn. Anasını çağırıb dedi ki, ana 900 AZN-dir. Nə olduğunu soruşdum. Dedi ki, sizin yanınızdakı mağazada 3400 manatdır. Müştərini aldatmamağa çalışmışam. Ticarətin də öz əxlaqı var. Həyat bumeranqdır. Nə qədər dürüst olursansa, qarşına o qədər dürüst insanlar çıxacaq.

- 4 mağaza səviyyəsinə nə qədər müddətdə gəldiniz?

- 3 il belə çəkmədi. Kifayət qədər xoş imic qazanmışdıq. Yaxşı kampaniyalar edirdik. O vaxt heç kim bunu etmirdi. Biz müştərilərlə bağlı data yığırdıq. Müştərilərin toy tarixini, bəyin, gəlinin nömrəsini saxlayırdıq. Bəyə toy il dönümlərindən bir gün əvvəl təbrik yazırdıq ki, sabahkı toyunuzun il dönümü münasibətilə təbrik edirik. Adətən, kişilər unudurlar axı, ona görə öncədən yazırdıq (Gülür). Gəlinə də həmin gün yazırdıq. Bir ildən sonra özümüzü yada salırdıq. Müştərimizə bu gün toyu oldu, bitdi kimi yanaşmırdıq. Kimlərsə razı qalıbsa, kimlərəsə tövsiyə edəcək. Yaxud bizim əməkdaş bizdən gəlinlik götürən şəxslərin toyuna gedib gəlinə gül hədiyyə aparırdı. Həm gəlinə jestimiz idi, həm də bu gül hardan gəlib deyə gəlinin rəfiqələri görürdülər. Şüuraltı biz özümüzü orda da reklam edirdik. Müştərilərin çoxu bizimlə bir ailə kimi olmuşdu. Təəssüf ki, pandemiyada bizə çox böyük ziyan dəydi.

- Hardasa 10 il o biznes yaxşı olub.

- 10 il çox yaxşı getdi. Hətta mənim nömrəmi “Getcontakt”da yazsanız, “Fərid gəlinlik”, “Trend gəlinlik” kimi çıxacaq.

 

“Elə olurdu ki, maaşları vermək üçün borc götürürdüm”

 

- Pandemiyadan sonra həmin biznesin hazırda vəziyyəti necədir?

- Mağazalarımızın hamısı icarə idi və hamısı da bahalı ərazilərdə yerləşirdi. Qapanma olanda, yer sahibləri 2 ay güzəşt etdilər. 150-200 kvadratlıq mağaza götürürdük, hər mağazanın təmir və mebelinə 40 min xərcləmişəm, bağlaya da bilmirəm. Dedilər hava isinsin koronavirus öləcək, dəniz sezonu açılsın koronavirus öləcək. Belə-belə, düz 1 ilə yaxın birtəhər dözdük. Toylar da açılmırdı. 10 ay boşuna kirayə pulu verdik. O da bizə çox böyük zərbə vurdu. Düzdür, dövlət müəyyən yardım etdi, onunla işçilərin maaşını verdim. Elə olurdu ki, maaşları vermək üçün borc götürürdüm. Amma icarəni özümüz verirdik. 1 il gözlədikdən sonra 3 mağazanı bağladıq. Bir mağazamız var. O da əvvəlki kimi deyil, zəifdir. İndi fikrimiz var ki, o işi genişləndirək.

- Bəs istehsala yönəlməyiniz necə oldu?

- 2017-ci ildən istehsala başlamışam. Dayım oğlu Türkiyədə yaşayırdı, ordan mənə restoranlar üçün bir ədədli nəm salfetlər göndərirdi, mən də ona çatdırılmaya köməklik edirdim. Sonra düşündüm ki, bunu ölkədə də istehsal etmək olar. İstehsal hər zaman mənə maraqlı gəlib.

- Amma istehsalla məşğul olmamışdınız. Necə başladınız?

- Bu sahəyə başlamamış 2016-cı ildə Türkiyəyə getdim. Türkiyədə dünyanın ən böyük nəm salfet istehsalçılarından olan “Göksu” şirkətinin təsisçisi ilə görüşmək istəyirdim. Görüşdürmədilər, gah satışı göndərir, gah marketinqi. Dedim ki, mən təsisçi ilə görüşmək istəyirəm. Axırı israrımı görüb məni qəbul etdi. Mənə dedi ki, sən nə “qara oğlan”san. Yəni dediyini edən. Dedim ki, bu işi siz qurmusunuz, mən istədiyimi ancaq sizdən ala biləcəm. Mənə dedi ki, səni çox sevdim, səni yeməyə götürəcəm. Yeməkdə mənə öz həyatından danışdı. Dedi ki, o vaxt Türkiyə Hava Yollarına nəm salfet satmaq üçün gedirdim, qapıdan qovdular, bacadan girirdim. İsrarından sonra Türk Hava Yollarının patronlardan biri ona dəstək olub. Sonda ondan istəyi o olub ki, mən deyim 3 il, sən denən 5 il, amma məhsulunu xaricə sat. Çünki Türkiyə Hava Yolları sənə çox pul qazandıracaq. İstehsalının minium 30-40 faizini ixrac edərsən. Deyir, təşəkkürümü bildirdim və belə bir istəyin səbəbini soruşdum. O da dedi ki, bizim bir ölkəmiz – Türkiyəmiz var. Sizin kimi hər bir iş görən adam ölkəmizə minimum 10 min dollar pul gətirsə, ölkəmizin inkişafı gör haralara gəlib çıxar. İndi dünyanın bir çox hava yollarının nəm salfetini həmin şirkət verir.

- Bəs siz həmin şəxsdən nələri öyrəndiniz?

- Öz həyat təcrübəsini ötürdü. Bu, böyük bir şeydir.

- Necə başladınız?

- 24 min dollara nəm salfetin özünü hazırlayan aparatı aldım. Bir ədəd də şəkər və duzları (bir istifadəlik) qablaşdıran aparat aldım. 27-28 kvadratlıq yerimiz var idi, oradan başladıq. Sonra bir az da böyüdük.

- Hazırda nə qədər müştəriniz var?

- 250-ə yaxın restoran və obyekt müştərimizdir. 2016-2017-ci illərdə restoranlarda bu salfetlərə tələb yox idi. Hara gedirdim deyirdilər ki, lazım deyil, əlavə xərcdir. Belə dövrdə başladıq.

 

 

“Razı salana qədər əl çəkmirdim”

 

- İndi baxıram şəhərdəki ən məşhur restoran şəbəkələrinin nəm salfetləri siz istehsal edirsiniz. Bəs müştəriləri necə tapdınız?

- Bizdə ana tərəf 11, ata tərəf 7 uşaqdır, hamısı ailə qurub. Mən öz dayım oğlunun xalası oğlu ilə də dostam. Liseydə oxuyanda deyirdim ki, mamamın bibisi nəvəsinin ad gününə gedəcəm. Deyirlər, o kimdir? Çox adam heç mamasının bibisini tanımır. Həm qohum ətrafımız genişdir, həm də mehribanlıqdır. İlk 4-5 restoran elə qohum-tanışla yönəldi, sonra yavaş-yavaş da özüm restoranları gəzirdim. Müştərilərlə ancaq özüm görüşürdüm. Tələb yox idi, müştəri tapmaq çətin idi, amma mən təslim olmurdum. Eyni yerə dəfələrlə gedirdim, razı salana qədər əl çəkmirdim (Gülür). Elə restoran var ki, bəlkə də ora 10 dəfə getmişəm. “Yox” deyirdilər, nə isə yeni təkliflə gedirdim. Sizə bunu edəcəm, onu edəcəm və s. deyirdim. Eləsi var bezdirib götürmüşəm. Pis mənada yox, sadəcə deyib ki, bu qədər əmin gəlirsən, istəklisən, edək görək nə olur. Şəbəkə restoranların, şəbəkə otellərin çoxu bizim müştərilərimizdir. Elə müştərilərimiz var ki, başlayandan bizimlədirlər.

- Fərqiniz nədir ki?

- Gecikdirmirəm, yaxşı məhsul verirəm, qüsur olsa, dəyişirəm, ödənişi 2 dəfəyə ödəmək istəyirsə, problem olmur. Bu kimi nüanslarla müştəri müştəri gətirdi. Bundan əlavə, biz minimum 10 min ədəd satış edirik. Məsələn, 9000 versəm, müştəri böyük ehtimalla bunu hiss etməyəcək, amma mən dürüst olmağın tərəfdarıyam.

Həmişə bir amalla yaşamışam. Şuşalıların içində istəmirəm desinlər ki, filankəsin nəvəsidir, babaları yaxşı kişi olub, hayıf nəvəsi belə oldu. Azərbaycanda belə deyirəm ki, mən şuşalıyam, özümü elə aparım ki, məndən sonra hansısa şuşalı sizin qapınıza gəlsə, deməyəsiniz ki şuşalılar belədir. Ölkədən xaricə çıxanda nə məni tanıyan var, nə də nəslimi, Azərbaycan adını düşünürəm. Xaricdəki bütün xammal satanlar mənə nisyə məhsul verirlər, hətta bir-birlərinə tövsiyə edirlər. Çox diqqətli oluram. Ola bilər mənim işim alınmaz, amma məndən layiqli, məndən daha yaxşı bir insan sabah həmin adamla iş görməyə gedər, mənə görə həmin adam itirməsin. İşimi hər zaman düzgün etməyə çalışıram. Çalışmışam ki, heç kim “Fərid məni aldatdı” deməsin. Şükür ki, müştəri gəlir. İndi elə hala gəlib ki, daha ucuz təklif verən olanda da, bizi dəyişmirlər.

- Deyirsiniz ki, mənəvi tərəfdən yanaşsaq, biznes dünyasında da etdiklərimizin qarşılığını alırıq?

- Bir türkiyəli müştərimiz var idi, Azərbaycanda restoran işlədirdi, yaxşı da işləyirdi, amma necəsə iflas oldu, biznesini başqa adama satdı. Gəlir və xərclərini də satmışdı. Biz məhsul apardıq, alan şəxs dedi ki, mən sizə sifariş verməmişəm. İflas edənə zəng vururam deyir, onlara satmışam. Nə isə elə oldu ki, borc əvvəlki sahibinin üzərində qaldı. 1000 manata yaxın borc idi. Türklə münasibətim var, vəziyyətini gördüm, dedim ki, borcunu sildim. Qoy rahat olsun ki, borcum yoxdur. Zaman elə gətirdi ki, onun işi böyüdü, restoranında növbə olur. Sonra mənimlə işlədi, indi də nə qədər təklif olur, bizi başqa şirkətə dəyişmir. O addımı atanda, belə bir təsirini gözləmirdim.

 

“O dəzgah xərcimi 50 faiz azaltdı”

 

- Bir salfet neçəyə başa gəlir?

- Ölçü, dizayn, tərkib, qoxu və s. nüanslara görə qiymət 4-8 qəpik arası dəyişir.

 

- Xammalı hardan alırsınız?

- Əvvəl içinin salfetkasını Niderlandan alırdım. Sonra Rusiyadan gətirdim. Çünki MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələri arasında gömrük rüsumu olmur. Rusiya Ukrayna müharibəsi düşəndən sonra Rusiyada xammal bahalaşdı. İndi Türkiyədən almalıyıq. Niderlandda məhsul ucuzdur, amma logistika bahadır. Salfetin üzərindəki qablaşdırmanın boyası xaricdən gəlir. Antiseptik maddələri, polietileni Azərbaycandan alırıq.

- Dövriyyəniz necədir?

- Aylıq 25-30 min manat dövriyyəmiz olur.

- İxrac edirsiniz?

- İstehsalat mənə zövq verir. İstehsal ölkə iqtisadiyyatına dəyər qatır. Vətəndaş borcumdur ki, ölkə iqtisadiyyatına dəstəyim olsun. Bir də ən çox istədiyim o idi ki, Azərbaycanda istehsal etdiyim məhsul ixrac olunsun. Gürcüstanın Dəmir Yolları ilə danışmışdıq, bir partiya verdik, sonra pandemiya düşdü, onlarda da işimiz bağlandı.

- 120 min manat Sahibkarlığın İnkişafı Fondu vasitəsilə aldığınız kreditlə nə edəcəksiniz?

- Mən nəm salfetlərin üzərindəki kağızın çapını Türkiyədə etdirirdim. İşi qurmağa başlayanda, dedim ki, bunu da özüm etməliyəm. 20-30 min dollar ətrafında bunu edən ucuz dəzgahlar var idi, onunla ancaq salfetkanın qabını çap edə bilərəm. Fikirləşdim ki, bir az özümü toplayım, sonra dövlətə də müraciət edim, başqa şirkətlərə də xidmət göstərə biləcəyim bir dəzgah alım. Təxminən 250 min manat lazım idi. Nəhayət zamanı gəldi, Sahibkarlığın İnkişafı Fonduna müraciət etdim. Dövlət 120 min manat güzəştli kredit verdi, qalanını da özüm qarşıladım. Hələ ki çapla bağlı kənar şirkətlərə xidmət göstərə bilmirəm. Mən çap edə bilirəm, kəsimini etmək üçün əlavə 2 dəzgah almalıyam. Onlar da 70-80 min manat ətrafındadır.

- O dəzgahın alınması nəm salfet istehsalı üçün xərcinizə necə təsir etdi?

- 50 faiz azaltdı. Əvvəl hər ay xaricə onun üçün pul göndərirdim.

- Əvvəl biznesiniz üçün kredit götürmüsünüz?

- Gəlinlik biznesində 25 min məbləğində kreditim olmuşdu.

- İndi götürdüyünüz güzəştli kreditin həmin kreditdən fərqi nədədir sizin üçün?

- 5 faizlə verirlər, o vaxt isə 19 faizlə götürmüşdüm. 5 illik olur, mən 3 illik götürdüm. İstəsən ancaq faiz ödəyirsən, əsas məbləğ ödənmir. Mən əvvəldən tam ödəmək istəyirəm. Qazanc olur, bağlayım, tez bitsin.

 

“Sahibkar bankdan kredit götürənə qədər çox əziyyət çəkir”

 

- Son illər banklardan kredit götürməyə cəhd etmisiniz?

- Biznes üçün kredit götürmək istəyəndə, bank deyir ki, girov göstər. Mən 50-55 yaşıma qədər işləyib özümə əmlak almalıyam, sonra özümdə o enerjini tapmalıyam ki, əmlakı girov qoyub kredit götürüb biznesimi böyüdüm. Prezidentimiz neçə dəfə deyib ki, sahibkarları girovla yormayın. Mənim nə qədər əmlakım ola bilər ki? Aldığımız dəzgahları girov götürün. Banklar buna getmirlər. Bu da sahibkar üçün ziyan verir. Bankların yanaşmaları odur ki, malı geri qaytara bilməyəcəklər. Ancaq bu formada da iqtisadiyyata böyük dəstək olmur. Mən əmlakdansa, işimə pul yatırıram. O cür də fikirləşəndə girovun olmur, kredit götürə bilmirsən. Azərbaycanda kifayət qədər idxaldan asılı olan bir sahə var, ora investisiya etmək istəyirik. 1 milyon 200 min manat pul lazımdır. Bu pulu kreditlə götürmək üçün 1 milyon 500 minlik əmlakım olmalıdır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə görüşdə bu problemimizi bildirmişəm, banklara təkliflər vermişəm. Hansısa bir mexanizm olsun ki, sahibkar biznesi üçün krediti rahat götürsün, bank da ziyan görməsin. Sahibkar bankdan kredit götürənə qədər çox əziyyət çəkir.

- 10, 100 ədədli nəm salfetlərin istehsalına başlamağı düşünürsünüz?

- 1 milyon 200 min manat ətrafında pul onunla bağlı lazımdır. Nə qədər idxaldan asılı olduğumuzu, ayda nə qədər xaricdən nəm salfet alışına pul xərclədiyimizi, yerli istehsalımızın gücünü araşdırmışam. O işi qura bilərik. Qura bilsək, əlaqələrim var, ixrac da edə bilərik.

- Fərid bəy, iş həyatınızdan danışdıq. Bəs doktorantura təhsilinizi niyə davam etdirmədiniz?

- Doktorantura təhsili əsasən akademik karyera istəyənlər üçün lazımdır. Mən də biznes həyatım aktivləşdi və karyeramı akademik yöndə görmədiyimə görə düşündüm ki, vaxt itkisi olacaq. Ona görə ölkəyə qayıtdım.

- Müsahibədən öncə “Green card” qalibi olduğunuzu dediniz. Bu, hansı dövrə düşürdü?

-  2012-ci ildə uddum. Amerikaya getdim, Orda “Chase bank”da işə başladım. 3-4 ay işlədim, sonra Azərbaycana qayıtdım. “Green card”ım batmasın deyə, hər il 50-60 günlük gedib qalırdım. Sonra evləndim, o qədər də getmədim. Get-gəllə olmurdu, ya ora köçməli idim, ya da bura fokuslanmalı idim.

- Niyə Amerikada qalmadınız?

- Bunun bir neçə səbəbi var. Birincisi, dövlətimi çox istəyirəm. Bu insanlar birləşib orada özlərinə ölkə qurublar. Mən isə gedib kiminsə evində hazır məhsuluna şərik oluram. “İnsan həyata bir dəfə gəlir, özümü düşünməliyəm” kimi də yanaşmaq olar. Amma çalışıram ki, bizim ölkəmiz yaxşı olsun, bizə gəlsinlər. Onlar özləri üçün ölkə qurublarsa, biz də qura bilərik.

Həm də biz iki qardaşıq. Qardaşım Malayziyada oxuyurdu, atam yoxdur, anam burda tək idi. Dedim ki, anam bizi nə əziyyətlərlə böyüdüb. Pöhrə verən vaxtımızda hərə bir yerə getsin, bu da düz deyil. Anam tək qalmalı deyil ki. Anamla gedə bilərdim, amma o da Amerikaya köçməyə razı olmazdı.

Digər tərəfdən, ünsiyyətcil adam üçün qərib ölkədə çətindir. Mən dostlarımdan ayrı qala bilmirəm, qohum-əqrəba ilə yaxın adamam. Bununla bağlı Amerikada başıma gələn bir əhvalatı da danışım. Deməli, 6-cı gün 4-5-də hava qaralanda, adam darıxır. Mən gedəndə azərbaycanlı az idi. Piter adlı iş yoldaşım var idi, zəng vurdum ki, hardasan, bəlkə görüşək. Mənə yazdı ki, bir də məni şənbə-bazar yığma. Halbuki iş saatlarında naharımız biz, zarafatımız bir. Dedim insan bu qədər laqeyd olar? Dedim bundan sonra səni heç yığmaram (Gülür). İşdə də məsafə saxladım. Ancaq Amerikada yaxşı əcnəbi dostlar da qazanmışdım.

Aygün Asimqızı // VALYUTA.AZ

Fotolar: Rəşad Mehdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Nigeriya hökuməti “Meta” şirkətini 220 milyon dollar cərimələyib

Xiaomi SU7 Ultra idman elektromobili təqdim edilib

Bir sıra dövlət qurumlarının və şirkətlərin mətbuat katiblərinin “Neft Daşları”na səfəri təşkil olunub

“Azəriqaz” Zəngilanda qaztənzimləyici məntəqə qurur

İlham Əliyev: Bizim COP heyətimiz çox səmərəli işləyir

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Azərbaycanda subsidiyaların verilməsinə nəzarət mexanizmi yaradılıb

Azərbaycanın Türkiyədən zeytun və zeytun yağı alışı azalıb

Alimlər içki qəbul edən yeniyetmələrin beynində qorxulu dəyişikliklər aşkar etdi

Keyt Uinsletin "Titanik" filmində batan paltosu rekord qiymətə satılacaq

Türkiyədən tütün alışı kəskin azalıb

Bir gündə bank kartlarından 55 min manat oğurlanıb - DİN çağırış

Azərbaycan alüminiumun ixracını azaldıb

İnternet istifadə pozğunluğunun 9 əlaməti

Bazar gününə olan hava proqnozu

Gürcüstan və Çin nümayəndə heyətləri Orta Dəhlizin inkişaf perspektivlərini müzakirə ediblər

Sosial Müdafiə Fondu ofis icarəyə götürəcək - 1,2 milyonluq tender

Əmtəə bazarlarında qızılın qiyməti 2 400 dollardan aşağı enib

Azərbaycan MDB-də ən çox hansı ölkə ilə ticarət aparıb? (Cədvəl)

Ölkədə duz istehsalı 20 faizdən çox artıb - Rəqəmlər

Nyu-York birjasında təbii qazın qiyməti cüzi azalıb

"Kənddə gündəlik ruzisini qazanan vətəndaşın 100 Mbit/s sürətə ehtiyacı varmı?” - Ekspertlər

İlon Mask “Windows”dakı nasazlığı İT tarixində ən böyük uğursuzluq adlandırıb

“Brent” markalı neftin qiyməti son bir ayda ilk dəfə 83 dollardan aşağı düşüb

Binəqədidə yol problemi nə vaxt həll ediləcək? (VİDEO)

Bu ilin ilk altı ayında Azərbaycanda qızıl istehsalı artıb, gümüş istehsalı azalıb - Rəqəmlər

“Malaysia Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib

Birləşmiş Ştatlarda təhlükəli epidemiya aşkarlanıb

Birləşmiş Ştatlarda təhlükəli epidemiya aşkarlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin