BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.826
  • 1 Rusiya rublu
    0.0204
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1608
48828

Deyir ki, uğurlu insanların əsas xüsusiyyətləri müəyyən qədər eqo, nailiyyətləri ilə kifayətlənməmək və insani keyfiyyətlərinin yüksək olmasıdır. Ona görə həddindən artıq eqolu olub, daim kiminləsə yarışmaq, bildiklərini bölüşməmək insanın işlədiyi quruma ən böyük zərbədir. Çünki uğurlu şirkətlər daxildə bir-biri ilə rəqabətdə olanlar deyil, komanda işini bacaranlar və bir-birinə dəstək olanlardır.

Müsahibimiz 13 yaşında ilk ixtirasını edən, 22 yaşında isə “Google”da proqram mühəndisi kimi fəaliyyət göstərən İkram Gabıyevdir.

Yeddi yaşından fizika, kimya və robototexnikaya maraq göstərib. Kiçik cihazları bir-birinə bağlayıb, yeni bir cihaz yaratmağa çalışırmış. Deyir ki, ancaq altıncı sinifdən sonra bu marağının gələcəkdə peşəsinə çevrilə biləcəyini anlayıb. "Ankara Məktəbi" məktəb-liseyində oxuyarkən direktor Səmayə Eynullayeva onun istedadını kəşf edib, olimpiadalara yönəldib. Yeddinci sinifdə qatıldığı ilk beynəlxalq olimpiadada birinci yeri tutub: “Babam alternativ enerji mütəxəssisi olduğu üçün onun sahəsinə də maraq göstərir, bununla bağlı robotlar düzəldirdim. Birinci yerə çıxana qədər heç bir olimpiada ilə maraqlanmırdım. Amma anladım ki, bu yarışlar vasitəsilə gənc alimlər, professorlarla ünsiyyət imkanlarım yaranır və ideyalarımın üstündə işləmək üçün fürsət qazanıram. Robototexnika ilə bağlı digər olimpiadalara da qoşuldum və yer tutdum. Daha sonra “Sabahın alimləri” respublika müsabiqəsinə müraciət etdim. Müsabiqənin şərtlərinə görə, səkkizinci sinifdən qoşulmaq mümkün deyildi. Direktorumuz mənə kömək etdi, onlarla ünsiyyətə keçdi və məni qəbul etdilər. İştirak etməyin mənim üçün böyük təcrübə olacağını gözlədiyim olimpiadada alternativ enerji ilə bağlı layihəm birinci yeri tutdu. Burada səkkiz istiqamət üzrə qaliblər olurdu, iki nəfəri isə ABŞ-yə beynəlxalq olimpiadaya göndərirdilər. Bu olimpiada çox əhəmiyyətli idi, finala çıxdıqda, gələcəkdə ABŞ universitetlərində nəticəni göstərməklə qəbul almaq olurdu. Məqsədimə çatdım, finala çıxdım, üç il sonra ABŞ-də bu nailiyyətimdən istifadə etdim”.

Doqquzuncu sinifdə isə tibb sahəsində dönüş yarada biləcək layihə üzərində işləyir. İnsanda olan bağırsaq çöplərini asanlıqla tapıb, diaqnoz qoymaq üçün aparat ixtira edir. Bu aparatla olimpiadada yenə qalib olur. Beşinci sinifdən ABŞ-yə getməyi hədəfləyən İkram “Amherst Kollec”in kompüter elmləri ixtisasına qəbul olur.

Jimmy Neutron”la həyatı dəyişən məktəbli

- Olimpiadalarda qazandığınız medallar, ixtiralar gələcək təhsilinizdə necə rol oynadı? “ABŞ-dəki olimpiadada nailiyyətimdən üç il sonra istifadə etdim”, - deyirsiniz. Necə istifadə etdiniz?

- “Amherst Kollec”ə qəbulun 40 faizi imtahanlardan, 60 faizi məktəbdənkənar məşğul olduğumuz işlərdən asılı idi. Məhz bu nailiyyətlərimə görə, universitet mənə dörd illik tam təqaüd verdi. Təqaüd orada yaşamaqla birlikdə 80 min manat civarında idi. Şərtləri də o idi ki, kollecdə müəllim köməkçisi kimi işləməli idim. Üstəlik, bunun müqabilində ödəniş də edilirdi. Birinci kursdan professor Larri Hunterin laboratoriyasında çalışırdım. Çox bahalı avadanlıqlarla molekullar üzərində işləyirdik. Daha sonra təhsil almaq üçün iki fakültə - fizika və kompüter elmlərini seçdim. Həmin müddətdə də boş dayanmır, “Android” üçün tətbiq düzəldirdim. Bununla yanaşı, kompüter elmləri ilə bağlı da kurs götürmüşdüm və kodlar üzərində işləyirdim. Yay vaxtı həm laboratoriyada işləyir, həm də CV-mi məşhur şirkətlərə göndərirdim. Ya məşhur şirkətdə işləməli idim, ya da PHD təhsili alacaqdım.

- Yeddi yaşınızdan fərqlənməyə başlamısınız. 13 yaşınızda isə artıq karyera ilə bağlı hədəfləriniz olub. 13 yaşlı uşağın hədəfləri necə formalaşır?

- Mənə elə gəlir ki, bu, uşaqlıqda valideynlərdən asılıdır. Yadımdadır, beş yaşımda “Jimmy Neutron” adlı cizgi filminə baxırdım. Orada uşaq orta məktəbdə oxuyurdu və fərqli cihazlar düzəldirdi. Marağımı anamla bölüşdüm. Anam həkimdir və həmin vaxt xaricdə konfransa getmişdi. Dedim ki, mənə oradan fizika ilə bağlı ensiklopediya gətir. O, mənim istəyimi reallaşdırdı, həmin ensiklopediya hələ də evimizdədir. Baxmayaraq ki, heç nə başa düşmürdüm, amma mən onu birinci sinifdən beşinci sinfə qədər təkrar-təkrar oxuyurdum. Bilirdim ki, nə vaxtsa anlayacam. Yadımdadır, o vaxt metronun “Sahil” stansiyası tərəfdə detallar satılan mağaza var idi. Anamla babamı hər dəfə oraya aparır, detallar aldırırdım. Onları bir-birinə calayıb, özüm üçün kiçik ixtiralar edirdim. Dördüncü sinifdə dərsdən əlavə fizika dərslərinə qoşulur, dinləyirdim. Müəllimlərim təəccüblənirdi, həqiqətən heç nə anlamırdım, amma bezmirdim və öyrənmək istəyirdim.

“Yeniliklərə açıq olmasaq, yer üzündən silinəcəyik”

- Sizcə, o vaxt valideyniniz sizi ciddiyə almayıb, ensiklopediyanı, cihaz üçün detalları almasa idi, bu gün istədiyiniz yerdə olardınızmı?

- Xeyr. Anam o vaxt mənim ixtira həvəsimə inanmaya, gülüb keçə bilərdi. Hətta bu gün özümə belə, o vaxt etdiklərim gülməli gəlir. Bəlkə də onlara da gülməli gəlib, amma yenə də dəstəklədilər. Uşağın marağı hər an, hər yerdə yarana bilər. Məncə, onu uşaqlıqdan ciddiyə almasalar, maraqlarını basdırmağa çalışıb, fərqli yerlərə yönləndirsələr uğur qazanmağı çətin olar. Bəli, düşünürəm ki, ailəm məni o vaxt ciddiyə aldığı üçün bu gün buradayam. İbtidai sinifdə onsuz da heç kim ciddi nə isə icad edən deyil. Amma onlar mənim motivasiyamı salmadılar, inandılar, dəstəklədilər. Altı, yeddinci sinifdə bu fənləri oxumağa başlayanda artıq məni başqaları da ciddiyə alırdılar. Amma bünövrə məhz o cizgi filmiylə qoyuldu.

- “Bezmirdim, öyrənmək istəyirdim” deyirsiniz. Heç “bəsdir, çox oxudum” demisiniz?

- Mən oxumağa atletin idmana yanaşdığı kimi yanaşıram. Bezəndə də oxumağa çalışırdım və düşünürdüm ki, əgər ən pis, motivasiyasız günümdə oxuya bilərəmsə, deməli, hər gün edə bilərəm. Həmişə cədvəlim olub, o cədvəldə mütləq bir saat əlavə oxumaq, araşdırmaq vaxtım olub. Xoşuma gəlməyən fənləri oxuyanda da məhz bu vərdiş mənə kömək olurdu. Musiqidən idmana, riyaziyyatdan fizikaya qədər hər şeyi oxuyurdum. Yorulmaq mənim üçün yeni nə isə öyrənməməyə səbəb deyil. Özümü yeniləməsəm, əskik hiss edirəm. “Google”un kampusunda, binanın girişində dinozavr maketi var. Maketin məqsədi odur ki, insanlar bilsinlər ki, hər gün inkişaf etməsək, sonumuz bu əjdaha kimi olacaq. Yəni yeniliklərə açıq olmasaq, yer üzündən silinəcəyik. Mən həmişə bunu yadda saxlayıram. Elm, araşdırma da belədir. Dayansam, geri qalmaqdan qorxuram.

“Google” bu eqomu sınağa çəkdi”

- Əslində, məqsədlərinizdən biri PHD təhsili olub. Bəs “Google” ilə yolunuz necə kəsişdi? 

- Birinci kursda oxuyanda universitetimizin “Google”da işləyən məzunları şirkətlə bağlı təqdimat edirdilər. O vaxt yadımdadır, üzərində “Google”un loqosu olan suvenirlər gətirmişdilər . O suvenir indiyə kimi çantamın üzərindədir. O vaxtdan artıq burada işləməyi qarşıma məqsəd qoymuşdum və iş üçün dəfələrlə müraciət edirdim. Lakin həmin dövrdə “Google” müraciətlərimə imtina göndərirdi. Hətta sonucu dəfə Varşava ofisində işləmək üçün müraciət etmişdim. “Google” üçün Polşaya gedəcəkdim. Yeddi müsahibədən sonra oradan da imtina göndərdilər. Dördüncü kursda artıq CV-mi təkmilləşdirdim, çatışmazlıqlarımın üzərində işlədim və yenidən müraciət etdim. Cavab iki-üç ay sonra gəldi. Mənə maraqlı olan komandanı və sahəni seçib işləməyə başladım.

- İmtinalar sizi motivasiyadan salmırdı?

- İlk vaxtlar mənə çox pis təsir edirdi. Mənə imtina göndərmələrinə inana bilmirdim. Çünki birinci, ikinci kursda özümdən çox razı idim. Bakıda yaxşı oxumuşam, qızıl medalla bitirmişəm, olimpiada qalibiyəm, ixtiralarım var, burada professorlarım məni tərifləyir, elə bilirdim ki, mənə heç kim “yox” deməz. “Google” bu eqomu sınağa çəkdi. Artıq başa düşdüm ki, səhv məndədir, üzərimdə işləməyə başladım. Yeni layihələr həyata keçirir, professorlarla işləyirdim. ABŞ-də bir fənnlə bağlı işləmək, onu mükəmməl bilmək göstərici deyil. İnsan fərqli sahəni də bilir, maraqlanırsa, deməli, ağıllıdır. Laboratoriyalarda işləməyim CV-mi təkmilləşdirmişdi. İldən-ilə görürdüm ki, ötən il göndərdiyim CV heç nədir. Hətta mən də onların yerində olsam özümü işə götürməzdim. Dördüncü kursda artıq optimal vəziyyətə çatdım və istədiyim komanda ilə işlədim.

“İnsanda eqo olmalıdır, amma...”

- Eqonuzun pik həddindən “mən də olsam, özümü işə götürməzdim” mərhələsinə necə gəldiniz? Yəni eqonuzu necə idarə etdiniz?

- Məncə, uğurlu insanların bir neçə xüsusiyyəti var. Birincisi odur ki, onlarda hansısa miqdarda eqo olur. Yəni öz sahələrində əhəmiyyətli olduğuqlarını düşünürlər. Eyni zamanda da nailiyyətləri ilə kifayətlənmirlər. Düşünürlər ki, yuxarı pillədəyəm, amma bu, bəs deyil. İnsanda eqo olmalıdır, amma bu, “mən artıq ən yaxşıyam, məndən yoxdur” səviyyəsində olmamalıdır. Uğurlu insan bilikləri ilə kifayətlənməyən insandır. Mən bunu ABŞ-yə gələndən sonra anladım. Bütün bunların önündə dayanan ən önəmli xüsusiyyət isə xeyirxahlıqdır. Yəni insan birinci insan olmağı bacarmalıdır. Mənim eqomu da məhz burada öyrəndiklərim, ətrafımda gördüklərim qırdı. Burada öyrəndiyim ən əhəmiyyətli xüsusiyyət sağlam rəqabətdir. Ən uğurlu şirkətlər şirkət daxilində bir-biri ilə rəqabətdə olanlar deyil, komanda işini bacaranlar və bir-birinə dəstək olanlardır.

- “Google” bu şirkətlərdəndir?

- Bəli. Bu, işə qəbul prosesində ciddi şəkildə yoxlanılır. Sən mükəmməl biliklərə sahib ola bilərsən, texniki biliklərin də yüksək səviyyədə ola bilər, amma şirkətin “Googleyness” adlı müsahibəsində bal toplaya bilmirsənsə, bütün xüsusiyyətlərinin üstündən xətt çəkilir. Sən işi mükəmməl bilə bilərsən, amma biliklərini bölüşməyi bacarmırsansa, komanda yoldaşına dəstək ola bilmirsənsə, bu şirkətə lazım deyilsən. Çünki komanda üçün ən pis olan komandada işləməyi bacarmayan insandır. Belə insanlar bütün komandanın motivasiyasını salır, iş prosesinə ciddi şəkildə mane olurlar. Ona görə bir insanda insani keyfiyyətlər ən önəmlisidir. Məsələn, “Google”da heç kim oturub bütün kodları sıfırdan yazmır. Hamı bir-birindən dəstək alır, bildiklərini bölüşür, yararlı olmağa çalışır. Heç bir şirkətə neqativ auralı, daim özünü düşünən, komanda yoldaşını aşağı çəkməyə çalışan işçi lazım deyil.

“Dostlarım həmişə ağıllı, seçilən olublar”

- “Karyeramda ətrafımda olan ağıllı adamların dəstəyi böyükdür” deyirsiniz. Dostlarınızı seçərkən öz sahəsində seçilən olmasına diqqət edirsiniz, yoxsa sizin üçün fərqi yoxdur?

- Bəli, çox diqqət edirəm. Ünsiyyətdə olduğumuz dörd ən yaxın insanın orta intellektini hesablasaq, beşinci adamın intellekti o olacaq. Ona görə də çalışmışam dostlarımı diqqətlə seçim. İbtidai sinifdə ağıllı adamlarla əhatələnməkdə bəxtim gətirib, amma universitet illərində artıq buna fikir verməyə başlamışam. Dostluq bir-birindən öyrənmək, motivasiya almaq, həyatı bölüşməkdir. Məsələn, üçüncü kursa qədər “Google”da bu gün işlədiyim koda marağım yox idi. Serbiyalı dostum kompüter elmləri fakültəsində idi. Mən fizika üzrə, o da kompüter elmləri ilə bağlı professorla işləyirdi. Onun elmi işini oxuya-oxuya bu sahəyə marağım yarandı. Bəlkə də onunla dostluğumun sayəsində bu gün buradayam. Hər insandan bəzən müsbət, bəzən pis nə isə öyrənirik. Dostlarım həmişə ağıllı, seçilən olublar. 

Kaspi.az - Aygün ƏZİZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakının bu ərazilərinə yeni metro xətləri çəkiləcək - RƏSMİ

Bu ərazilərdə qaz olmayacaq

Avro, rubl və lirə manat qarşısında ucuzlaşdı - Məzənnə

Azərbaycanın xam neft istehsalında 700 min tondan çox azalma

Neftimiz cüzi ucuzlaşıb

Bu gündən müəllimlərin sertifikatlaşdırılması imtahanı başlanır

Ukrayna 2022-ci ildən bəri ilk dəfə Gürcüstanla bərə xidmətinə başladı

Almaniya yeni Macarıstana çevrilib: Aİ-nin yeni sanksiyalarıyla bağlı qalmaqal - Reuters

"Flame Force" 1500 manat cərimələnə bilər

İki dünya nəhəngindən sonra Fransanın müdafiə qrupu Ukraynaya daxil olur

Rusiya fərdi gəlir vergisi bəyannamələrinin əksəriyyətindən imtina etməyi planlaşdırır

"ENERGY SERVICE GROUP" cərimələndi

BMW yeni nəsil X3 krossoverini təqdim etdi - Qiyməti açıqlandı

Rektorun bankı kredit mübahisəsinə görə məhkəməyə üz tutdu

SWIFT vasitəsilə ödənişlərdə yuanın payı azalmaqda davam edir

Rusiya biznesi Çinlə hesablaşmağın yolunu tapdı

"İçərişəhər" qoruğu Bakıda 30 minlik festival keçirəcək

Müxalifət qalib gəlsə, Paris Kiyevə yardımı azaldacaq

Mask Baydenin internetə çıxış proqramından qəzəbləndi

"Yilay Transport" gömrük qaydalarını pozub

Ən böyük Rusiya bankları Avropada ödəniş bazarının 1/4-dən çoxunu təşkil edir

Valyuta mübadiləsi xidməti göstərən şirkətlərdən daha biri AMB-nin kapital tələbini yerinə yetirib

Təslim olmamaq lazım olduğunu sübut edən 6 məşhurun həyat hekayəsi

AYNA: Qurban bayramı günlərində 47 mindən çox sərnişin daşınıb

Azərbaycan əhalisi ən çox hansı qida məhsullarını istehlak edir?

Azərbaycan əhalisi ən çox hansı qida məhsullarını istehlak edir?

“PASHA Management Company”də təyinatlar olub

İyun ayının ötən dövrü ərzində havanın temperaturu normadan yüksək olub

Bu müəssisələr 3 ildir pambığı mayasından ucuz satırlar

İki ayda "Facebook"un Azərbaycandakı bazar payı 2 dəfəyə yaxın azalıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin