Pul və pula aid bilmədiklərimiz – Revalvasiya, tədiyyə balansı, dollarlaşma...
Pul müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsuldur. Pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir.
Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir.
Lakin pul vasitəsilə həyata keçirilən bu proseslərin də ümumi məcmuəsi var.
Bura isə pul siyasətinə aid müxtəlif proseslər daxildir.
Valyuta.az bu prosesləri əhatən edən, hər gün eşitdiyimiz pul ilə bağlı terminlərdən bir neçəsinin mənasını təqdim edir:
Kredit - Bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız borc verilən pul vəsaitidir.
Mərkəzi Bankın notları - Mərkəzi Bank tərəfindən bir ilədək müddətinə buraxılan adlı sənədsiz dövlət güzəştli qiymətli kağızlarıdır. Qısamüddətli notlar dövriyyədə olan pül kütləsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş pul siyasəti vasitəsidir.
Pul bazası - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi - Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Maliyyə bazarları inkişaf etdikcə pul kütləsinə daxil edilən aktivlərin sayı artır. Müasir dövrdə likvidliyin müəyyən minimal həddini özündə təcəssüm etdirən maliyyə aktivləri pul kütləsinə daxil edilir. Likvidlik prinsipindən əlavə adətən pul kütləsinə maliyyə aktivlərinin elə bir qrupu aid edilir ki, o pul siyasətinin hədəfi olmağa yararlı olsun. Azərbaycan praktikasında pul kütləsinin 3 növü fərqləndirilir: a) dar mənada pul kütləsi, b) manatla geniş mənada pul kütləsi, c) geniş mənada pul kütləsi
Revalvasiya - Milli valyutanın məzənnəsinin xarici valyutaya nəzərən bahalaşması prosesidir.
Sərt pul siyasəti İnflyasiyanın azaldılmasına və iqtisadiyyatda hərarətlənmənin azaldılmasına yönəldilmiş pul siyasəti tədbiridir. Bu zaman Mərkəzi Bank özünün faiz dərəcələrini artırır ki, bu da iqtisadiyyatda həm əmanətlər, həm də kreditlər üzrə faiz dərəcələrinə artırıcı təsir göstərir.
Üzən valyuta məzənnəsi - Üzən valyuta məzənnəsi rejiminin tətbiq edildiyi zaman valyuta məzənnəsi valyutaya olan tələb və təklifin təsiri əsasında formalaşır. Lakin, üzən valyuta məzənnəsi rejimi Mərkəzi Bank tərəfindən valyuta məzənnəsinin tənzimlənməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi imkanını tam istisna etmir. Belə ki, müstəsna hallarda Mərkəzi Bank məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edə bilər.
Tədiyə Balansı - ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Başqa sözlə, tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir. İnstitusional vahidin rezidentlik statusu onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi və bu əraziyə sıx bağlılığı ilə müəyyən edilir. Tədiyə balansi 4 hissədən ibarətdir: 1. Cari Əməliyyatlar balansı; 2. Kapitalın və maliyyənin hərəkəti balansı; 3. Ehtiyat aktivlərin dəyişməsi və 4. Balanslaşdırıcı maddələr.
Deflyasiya - Qiymətlərin ümumi səviyyəsinin aşağı düşməsi (inflyasiyanın əks prosesi) və nəticədə pulun dəyərinin artması prosesidir.
Devalvasiya - Milli valyutanın xarici valyutaya nəzərən məzənnəsinin ucuzlaşdırılmasıdır.
Dezinflyasiya - Qiymətlərin artımı prosesini səngitmək üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir. O cümlədən Mərkəzi Bankın pul siyasətinin sərtləşdirilməsi dezinflyasiya tədbirlərinə aiddir.
Dollarlaşma - Milli valyutaya paralel olaraq sərbəst dönərli valyutanın daxili pul tədavülündə yer almasdır. Dollarlaşma səviyyəsini ölçmək üçün müxtəlif göstəricilərdən istifadə edilir. Belə göstəriciyə misal olaraq xarici valyutada əmanət və depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisini göstərmək olar. Bu göstərici pulun yığım funksiyasının dollarlaşma səviyyəsini ölçməyə imkan verir. Dollarlaşma əvəzinə bəzi hallarda valyuta əvəzləməsi terminindən də istifadə edilir.
Dövriyyədə olan nağd pul - Mərkəzi Bank tərəfindən dövriyyəyə buraxılmış nağd pullardır. Buraya bank sistemindən kənarda olan nağd pulla yanaşı Mərkəzi Bankın və kommersiya banklarının kassalarında olan nağd pullar da daxildir.
Emissiya - Bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılmasıdır. Pul nişanlarının emissiyası səlahiyyəti bir qayda olaraq Mərkəzi Banka məxsusdur. Qiymətli kağızların emissiyası isə həm dövlət həm də kommersiya qurumları tərəfindən həyata keçirilə bilər. Məhz, bu cəhətinə görə qiymətli kağızlar dövlət və qeyri-dövlət qiymətli kağızları qruplarına bölünür.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay