"Vəziyyətdən çıxmaq üçün devalvasiya zəruridir" - Ekspert
Pandemiya ilə əlaqədar dünyanın aparıcı iqtisadi güc mərkəzlərində iqtisadi aktivliyin və işsizliyin azalması davam etməkdədir. 2020-ci ildən etibarən beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələr pandemiya dövründə iqtisadi aktivliyi dəstəkləmək məqsədilə irihəcmli dəstək proqramlarını həyata keçirdi və bu proses davam edir.
Rəsmi statistikaya görə bu ilin ilk 2 ayında ölkəmizdə inflyasiya 3.7% təşkil edib. Ərzaq məhsulları üzrə 6%, qeyri-ərzaq məhsulları üzrə 1.2% və xidmətlər üzrə 1.2% inflyasiya qeydə alınıb. Ərzaq inflyasiyasının yüksəlməsi əsasən karantin rejiminin sərtləşməsi şəraitində ərzağa tələbin qısamüddətli yüksəlməsi, eləcə də istehsal və daşınma xərclərinin lokal artımı ilə izah edilir.
Müharibədən çıxmağın və pandemiya dövrünün gətirdiyi probemləri nəzərə alsa da, əhali uzun müddət davam etmiş iqtisadi azalmanı, maaşların azalması ilə müşaiyət olunan bahalaşmanı təbii ki, narazı qarşılayır. Bəs hansı tədbirlər görülməlidir?
İqtisadçı Qaşqay İsmayıl Valyuta.Az-a verdiyi açıqlamada bildirib ki, vəziyyətdən çıxmaq üçün devalvasiyaya getmək zəruridir.
“Pandemiya dövründə ABŞ başda olmaqla böyük dövlətlərin iqtisadiyyatı stimullaşdırma və digər dəstək proqramları, dünya miqyasında böyük inflyasiya dalğasına gətirib çıxarmaqdadır. Bunun əsas səbəbi, mərkəzi bankların “çap dəzgahlarının” var gücü ilə işləməsindədir
Azərbaycan üçün maraqlı cəhət bundan ibarətdir ki, dünyada başlayan inflyasiya qida, dərman kimi əhalinin ən çox ehtiyac duyduğu sahələrdə özünü göstərir. Bu da təbii olaraq, ölkədə əhalinin sosial-iqtisadi vəziyyətini daha da pisləşdirir.
Dünya miqyasında baş verən bu prosesin qarşısını almaq üçün təkcə monopoliyanın ləğvi, sərhədlərin açılması kifayət deyildir. Saxta statistik məlumatların təqdim edilməsi də bir ayrı bəladır”,- deyən iqtisadçı qeyd edib ki, 190 manat ödənişi etməyə istəyi və resursları olmayan hökumət, radikal islahatlara getməyə məcburdur.
“Reallıq göstərdi ki, manatın kursunu süni surətdə sabit saxlamaqla qiymət artımlarının qarşısını almaq mümkün deyildir və devalvasiya baş verməsə də, qiymətlər günbəgün artmaqdadır. Belə vəziyyətdə manat kütləsini artırmaq, devalvasiyaya getmək, lakin eyni zamanda əhaliyə işsizliklə bağlı irihəcmli müavinətlərin verilməsi və iqtisadiyyatın kreditləşdirilməsi zəruridir. Büdcədən qidalanan təbəqənin loyallığı naminə, iqtisadi fəal əhalini labüd ölümə məhkum etmək siyasətini düzgün hesab etmirəm”,- deyə Qaşqay İsmayıl bildirb.
İlhamə
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay