Bu il Azərbaycanın ixrac dəyəri 11 milyard dollardan çox olub
2021-ci ilin 7 ayı ərzində Azərbaycanın ixrac dəyəri 11,4 milyard ABŞ dolları olub.
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın sentyabr sayında əks olunub.
Sənədə əsasən, qeyri-neft sektoru üzrə 1,4 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 316,7 milyon ABŞ dolları və ya 30,5 faiz artım deməkdir.
“2021-ci ilin 7 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 338 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyrineft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 2,4 dəfə, pambıq iplik 2,8 dəfə, şəkər 2,3 dəfə, kimya sənayesi məhsulları 37%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 42% artım qeydə alınıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə iyul ayı üzrə xarici ticarət həcmi 2,6 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 55,7 faiz təşkil etməklə 192 milyon ABŞ dolları olub”, - deyə hesabatda açıqlanır.
Qeyd edək ki, cari ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6% artaraq 43 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 80,1%artaraq 149 milyon ABŞ dolları təşkil edib.
2021-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (133,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (128,2 milyon ABŞ dolları) ikinci, qızıl (116,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay