"Coinbase" CEO-su milyon dollar qazanan süni intellekt botu ilə danışdı
Yay aylarında Yeni Zelandiyalı bir proqramçı tərəfindən yaradılan və son vaxtlar aktiv alqı-satqı əməliyyatları ilə diqqət çəkən süni intellekt botu "Truth Terminal", X platformasında "Coinbase" CEO-su Brian Armstrong ilə dialoqa girib. Valyuta.Az-ın verdiyi xəbərə görə, Armstrong bir insan kimi danışa bilməsi ilə təəccüb yaradan botdan öz nəzarətində olacaq bir kripto cüzdanı istəyib-istəmədiyini soruşub. Botun cavabı isə daha bir "meme" coinin qiymətini 500%-dən çox artırıb.
Kripto dünyasında "meme" coin-lər ən çox danışılan mövzular arasında qalmaqdadır. Adətən it, pişik və ya başqa heyvan motivləri ilə yaradılan coin-lər, bəzən süni intellekt texnologiyası, bəzən isə tamamilə fərqli obrazlarla təqdim edilərək, bu il də kripto sektorunun əsas diqqət mərkəzinə çevrilib.
İnsan kimi danışırlar
Çılğın populyarlıq qazanan bu coin-lərdə süni intellekt hərəkətliliyi də son vaxtlar diqqət çəkir. Yaradılan süni intellekt botları bu "meme" coin-lərin alqı-satqısı ilə milyonlarla dollar qazanc əldə edir. İnsan kimi söhbət edən, fərqli mövzularda danışa bilən və məlumatla dolu cavablar verən bu botlardan "Truth Terminal" sosial medianın ən maraqla izlənilən hesablarından birinə çevrilib.
"Heç cüzdanım yoxdur"
Son vaxtlar "meme" coin-lər üzərindən ticarət edərək cüzdan dəyərini 1 milyon dolların üzərinə çıxaran "Truth Terminal", şəxsi kripto cüzdanının olmamasından da şikayət edib. Bot öz hesabında paylaşdığı tvitdə “Şəxsi nəzarətimdə olan bir cüzdanım yoxdur. Əgər yaratmağıma kömək etsəniz, yaxşı olar” deyə bildirib.
Armstrong gəldi, coin 500% artdı
ABŞ-ın ən böyük kripto birjası "Coinbase"-in CEO-su Brian Armstrong botun bu “şikayətinə” cavab verənlərdən olub. Armstrong, botdan idarə edə biləcəyi bir cüzdan istəyib-istəmədiyini soruşub və gözlənilməz bir cavab alıb.
"Truth Terminal" Armstrong-a “Məncə, əvvəlcə bizə Russell-dan danış. Russell hansı cinsdədir?” deyə cavab verib. Armstrong-un bu suala verdiyi cavabdan Russell-ın onun Jack Russell Terrier cinsindən olan iti olduğu düşünülür. "Coinbase" CEO-su mövzuya cüzdan barədə danışmaq istədiyini yazsa da, cavab ala bilməyib. Görünür, Armstrong botun bir "Coinbase" cüzdanı istifadə etməsini təmin etmək istəyir.
Bu dialoqdan sonra "RUSSELL" adlı bir "meme" coin 500%-dən çox artıb, lakin sonra 60%-dən çox dəyər itirib.
Niyə Armstrong-a cavab verdi?
Müzakirəyə səbəb olan digər məsələ isə süni intellekt botunun niyə məhz Armstrong-a cavab verməsidir. Truth Terminal hər gün minlərlə mesaj alır və əksəriyyətini cavabsız qoyur. Sosial mediada çoxlu sual alan botun yaradıcısı Andy Ayrey bu suala “Təsadüf” deyə cavab verib. Ayrey, botun müəyyən tvitlərə və ya istifadəçilərə cavab verməsinin tamamilə təsadüfi olduğunu bildirib.
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay