"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı
"Dell Technologies Inc." və "HP Inc." üç aylıq maliyyə hesabatlarını açıqlayıblar.
Valyuta.Az xəbər verir ki, hər iki şirkətin səhmləri bazaröncəsi əməliyyatlarda dəyər itirib.
"Dell"in şəxsi kompüter bölməsindən əldə etdiyi gəlir III rübdə 1% azalaraq 12,1 milyard dollara enib və proqnozlardan aşağı olub. "HP"nin PC bölməsində isə satışlar eyni dövrdə 2% artaraq 9,59 milyard dollar təşkil edib, lakin bu göstərici də gözləntiləri qarşılamayıb.
"Şəxsi kompüter yeniləmə dövrü gələn ilə keçir"
"Dell"in maliyyə direktoru İvon MakGill (Yvonne McGill) çərşənbə axşamı maliyyə nəticələrindən sonra analitiklərlə görüşündə, "Şəxsi kompüter yeniləmə dövrü gələn ilə keçir," deyə bildirib. "HP"nin icraçı direktoru Enrike Lores (Enrique Lores) isə "Microsoft Corp."un yeni "Windows" proqram təminatının bazara çıxarılmasının korporativ müştərilərdən gələn PC satışlarını əvvəlki versiyalar qədər sürətlə artırmadığını vurğulayıb.
Pandemiyanın ilk aylarında tələbələrin və ofis işçilərinin evdən işləməsi ilə noutbuklara olan tələb artmışdı, lakin son illərdə bazar tarixi geriləmə ilə üzləşib. Bu il bərpa əlamətləri müşahidə olunsa da, sənaye analitikləri, xüsusilə "IDC", oktyabr ayında verdiyi açıqlamada, III rübdə də tədarükün azaldığını bildirmişdi.
Kompüter istehsalçıları süni intellekt işlərinə uyğun yeni cihazların tələbi artıracağını ümid edirdi. Lakin "Gartner Inc." analitiklərindən Mikako Kitagavanın ötən ay yayımladığı hesabatda, "Alıcılar hələlik bu yeniliklərdən yaranan xalis faydaları və ya iş dəyərini görmürlər," ifadəsinə yer verilib.
Hər iki şirkətin səhmləri dəyər itirir
"Dell"in səhmləri Nyu-York birjasında 141,74 dollarla bağlanmasından sonra çərşənbə günü bazaröncəsi təxminən 13% ucuzlaşıb. Bu il çərşənbə axşamı bağlanışına qədər şirkətin səhmləri 85% dəyər qazanmışdı. "HP"nin səhmləri isə 39,10 dollarla bağlanmasından sonra təxminən 10% ucuzlaşıb. Bu il ərzində "HP"nin səhmləri 30% artım göstərmişdi.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay