Saleh Məmmədovun işində nöqsanlar AŞKARLANDI
Dünya İqtisadi Forumunun 2019-cu ildə apardığı tədqiqata görə, Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində dünyanın 140 ölkəsi arasında 2018-ci ildə 34-cü pillədə, 2019-cu ildə 27-ci yerdə qərarlaşıb. Lakin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin balansında olan avtomobil yollarının yalnız 35,8 %-i (I, II və III dərəcəli yol örtüyünə malik) keyfiyyətli yol örtüyünə malikdir.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.
Məlumatda deyilir ki, avtomobil yollarının uzunluğu, illik saxlanma xərci və yola aid digər göstəricilər barədə Agentlik tərəfindən təqdim olunmuş hesabatla Dövlət Statistika Komitəsinin məlumatları arasında uyğunsuzluqlar mövcuddur.
Bu uyğunsuzluqlar ölkə üzrə avtomobil yolları barədə (uzunluğu, illik saxlanma xərci və yola aid digər göstəricilər) məlumatların və hesabatların real vəziyyəti tam əks etdirməməsi ilə nəticələnir ki, bu da hesabatlılığın təkmilləşdirilməsini və gücləndirilməsini tələb edir.
II, III, V dərəcəli və IV dərəcəli qara örtük və asfalt-beton örtüklü yolların hər km-nə çəkilən saxlama xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvəqqəti xərc normativləri ilə uyğunluq təşkil etmir ki, bu da illik istismar xərci üzrə normativlərə yenidən baxılmasını zəruri edir.
2019-cu ildə "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin 70 mln 364 min 029,4 manatı və ya 23 %-i əvvəllər alınmış kreditlərin qaytarılmasına yönəldilib ki, bu da Fondda avtomobil yollarının saxlanılması və istismarı üçün vəsait çatışmazlığına, vəsaitlərin xərc istiqaməti üzrə təyinat dəyişikliklərinə gətirib çıxarıb.
Agentliyin tabeliyində olan bəzi MMC-lər tərəfindən əmək haqqı ilə bağlı məlumatlar Agentliyin müvafiq məlumatlarından fərqlənir, bir sıra MMC-lər üzrə Agentliyin müvafiq məlumatlarından çox olan məbləğlərin mənbəyi göstərilməyib, bəzi MMC-lərdə əməyin ödənişi ilə bağlı məlumatlar Agentliyin məlumatlarından az olub ki, bu da tabeçilikdə olan bəzi MMC-lərin hesabatvermə səviyyəsinin aşağı olması ilə yanaşı, Agentliyin ümumiləşdirilmiş hesabat və məlumatlarının reallığına və tamlığına mənfi təsir göstərir.
İl ərzində əmək haqqı xərclərinə Fonddan ayrılan vəsaitin 70 %-indən çoxunu xərcləyən təşkilatlar cari təmirə lazımi vəsait yönəldə bilməyib, bəzi təşkilatlar isə cari təmir və mal-material alışına ümumi vəsaitin 10 %-dən az vəsait yönəldilib və yanacaq xərcləri cari təmir xərclərindən çox olan təşkilatlarda adekvatlıq pozulub, vəsaitin xərclənməsində risklər yaranıb, eyni zamanda əmək haqqı xərclərinin təşkilatın ümumi xərclərində xüsusi çəkisinin çox olması həmin təşkilatlarda artıq saxlanılan, bir-birini təkrarlayan və lüzumsuz ştat vahidlərinin olması ehtimalını yaradıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay