Cənubi Koreyadan süni intellekt sahəsinə 4 trilyonluq yatırım
Koreya hökuməti sürətlə inkişaf edən texnologiya sahəsində ölkənin rəqabət qabiliyyətini gücləndirmək məqsədilə milli süni intellekt (AI) hesablama mərkəzinin yaradılması üçün ümumilikdə 4 trilyon von (2,86 milyard dollar) sərmayə yatıracaq.
Valyuta.Az "The Korea Times"a istinadən xəbər verir ki, bu barədə hökumət rəsmiləri məlumat veriblər.
Bu açıqlama, Təhsil naziri Yu Sanq-im (Yoo Sang-him) də daxil olmaqla iqtisadiyyatla bağlı nazirlərin iştirakı ilə keçirilən iclasda verilib. İclasın məqsədi yerli sənayelərin qlobal rəqabət qabiliyyətini artırmaqdır.
Layihə süni intellekt üçün mühüm rol oynayan qabaqcıl qrafik emal vahidlərinin ("GPU") təmin edilməsini hədəfləyir və bununla da bu sahədə fəaliyyət göstərən yerli şirkətlərə və tədqiqatçılara dəstək olmağı nəzərdə tutur.
2023-cü ilin sonuna olan məlumata görə, Koreyada süni intellekt çip istehsalçısı "Nvidia" tərəfindən hazırlanan təxminən 2,000 "H100" GPU mövcuddur. Halbuki "Meta Platforms" və "Microsoft" kimi qlobal texnologiya nəhənglərinin hər biri 150,000-ə yaxın belə qurğuya sahibdir.
Nazirliyinin rəsmiləri bildiriblər ki, hökumət milli "AI" hesablama mərkəzinin istifadəyə verilməsini gözləmədən "GPU"ları satın almağa başlayacaq ki, ölkənin AI infrastrukturu tez bir zamanda gücləndirilsin.
Bununla yanaşı, yarımkeçirici istehsalçılarına aşağı faizli kreditlər təqdim etmək üçün nəzərdə tutulmuş 14 trilyon von dəyərində siyasət maliyyələşdirilməsi proqramı çərçivəsində süni intellekt şirkətləri üçün xüsusi kredit proqramı yaradılması da planlaşdırılır.
İnformasiya və Kommunikasiya Texnologiyalarının Planlaşdırılması və Qiymətləndirilməsi İnstitutunun məlumatına görə, Koreyanın süni intellekt sahəsində texnologiya səviyyəsi 2021-ci ildəki 89,1 baldan 2022-ci ildə 88,9 bala düşüb. ABŞ-ın səviyyəsi isə 100 bal olaraq baza göstəricisi kimi götürülüb.
Bu fərqi azaltmaq üçün Seul sentyabr ayında prezidentin rəhbərliyi ilə milli AI komitəsi yaradıb və texnologiya sahəsinə ayrılan büdcəni 2024-cü ildə 1,4 trilyon vondan (təxminən 1 milyard dollar) 1,8 trilyon vona (təxminən 1,285 milyard dollar) artırıb.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay