BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
31741

Azərbaycanda işlədiyi müddətdə bankda texnoloji mövzuda təqdimat edir. Sonda bir nəfər yaxınlaşıb “əla təqdimat idi” deyib xoş sözlərini bildirir və hansı sahə üzrə təhsil aldığını soruşur. O isə “kompüter elmləri” cavabını verir. “O qədər cəsarətli təqdimatdan sonra tarix fakültəsini bitirdiyimi deyə bilmədim” – deyir. Bu gün isə utanmadan, çəkinmədən, bunu bildirir. Valyuta.Az-ın müsahibi Almaniyada “Accenture” şirkətində yeni texnologiyalarla şəbəkələrin qurulması və avtomatlaşdırılması sahəsində beynəlxalq idarəetmə üzrə konsultant işləyən Səidə Hacıdır.

Qeyd edək ki, Səidə xanım Biləcəri qəsəbəsində böyüyüb, Bakı Dövlət Universitetində tarix üzrə bakalavr təhsili alıb. Daha sonra Corc Vaşinqton Universitetinin Bakıda qurulan kampusunda layihə idarəetməsi üzrə 2 illik təhsil alıb magistr sertifikatı əldə edib.

- Tarix üzrə təhsil almısınız, amma bu gün telekom sahəsindəsiniz. Niyə tarix üzrə oxumuşdunuz?
- Müəllim nə qədər güclü olursa, şagirdlərdə o fənnə qarşı həvəs yaradır. Bizim çox yaxşı tarix müəllimimiz var idi. Bütün fənləri yaxşı oxuyurdum, amma tarixi daha çox sevirdim. Bir neçə fəndən olimpiadalara qatılırdım, lakin tarix üzrə respublika birincisi də oldum. Əslində, ikinci qrupa hazırlaşırdım. İqtisadiyyat üzrə təhsil almaq istəyirdim. Tarix üzrə respublika birincisi olandan sonra dedim ki, tarix oxuyacam. Tarixdə qəbul oldum, ancaq birinci kursda başa düşdüm ki, tarix deyil, telekommunikasiya üzrə davam etmək istəyirəm.

“Nəyə yox deyirlərsə, mənə maraqlı gəlir”

- Telekommunikasiyaya maraq necə yarandı?
- Uşaqlıqdan məndə bir xarakter var. Nəyə yox deyirlərsə, o mənə maraqlı gəlir. Azərbaycanda belə fikir var idi ki, texniki sahələr kişilər üçündür, qadınlara uyğun deyil. Mənə maraqlı gəlirdi ki, fərqi nədir? Ona görə texnoloji sahələri araşdırırdım və anlayırdım ki, gələcək texnologiyaya bağlıdır. Texnoloji istiqamətdə isə mənə ən maraqlı gələni telekommunikasiya idi. Bir də mən karyerist biri idim. Mühüm bir sahədə karyera qurmaq istəyirdim. Karyera və texnologiyaya olan həvəs sayəsində 1-ci kursda təhsilimi qiyabiyə keçirdim və telekommunikasiya sahəsində iş axtarışına başladım.

- Tarix tələbəsini telekommunikasiyada işə necə götürdülər?
- Xeyli müddət götürmədilər (Gülür). Telekommunikasiya ilə bağlı ölkədəki bütün müəssisələrə iş üçün müraciət etmişdim, cavab “yox” olmuşdu. Məktəbi yeni bitirib universitetin birinci kursunda oxuyan tələbə iş üçün o vaxt nə dərəcədə şanslı ola bilərdi ki? Nə telekommunikasiya üzrə təhsil alırdım, nə də ingilis dili biliyim yüksək idi. “Yox” alsam da, davamlı şəkildə öz üzərimdə işləyirdim. Telekomla bağlı baza məlumatlarını araşdırıb öyrənirdim, dil biliyimi inkişaf etdirirdim. 2007-ci ildə “Azerfon” şirkəti açıldı, ora müraciət etdim. 3-cü kursda – 2007-ci ildə həmin şirkətdə çağrı mərkəzinə operator kimi işə düzəldim.

- O dövr üçün tələbələrdə özünü inkişafla bağlı məlumatlılıq o qədər də çox deyildi. Bu məlumatlılıq sizdə necə yaranmışdı?
- Həmin illərdə məndən böyük dayım qızı “Azercell”də satışda işləyirdi. Onun böyük şirkətdə işləməsi mənim üçün nümunə idi. Eyni zamanda, uğurlu insanların həyatlarını oxuyurdum. Bununla yanaşı, məndən böyük, təcrübəli insanlarla çox ünsiyyətdə olurdum. Çünki onlardan öyrənmək istəyirdim. Bir məsələ də var idi. Həmişə gələcək karyeram məni narahat edirdi. Harda olacam? Kim olacam? Düşünürdüm ki, qadın özünü ailə qurub uşaq dünyaya gətirməklə məhdudlaşdırmamalıdır. Bəlkə də sadə ailədə böyüməyim, maddi çətinlik çəkməyim də məni daha çox şeylər etməyə daxilən məcbur edirdi.

“O işi görəcəyimə məndən daha çox inandı”

- Bəs çətinliklər fonunda ali təhsil almaq nə dərəcədə mümkün oldu?
- Mən indi uşaqlarım üçün çox şey edirəm, amma onun yarısının yarısının yarısı bizdə olmayıb. Çox kasıb ailədə böyümüşəm, həmişə çətinliklərimiz olub. Hətta tələbə adını qazananda düşünürdüm ki, universitetə necə gedib gələcəm? Hər kəs qəşəng geyinir, mən onlarla ayaqlaşa biləcəm? Telekomda iş tapana qədər pul qazanmaq məqsədli işlərdə də çalışdım. İlk işim “Biznesmen” jurnalının redaksiyasında oldu. Bir turizm şirkətində də işlədim. Çox xırda işlər idi. Yol və yemək pulumu qazanırdım. Ailə köməklik edirdi, amma onlara da çox yük salmaq istəmirdim. Öz tələbatlarımı qarşılaya biləcəyimi düşünürdüm.

- İlk başladığınız “Azerfon”da uzun müddət davam etmisiniz. Şirkətdə çağrı mərkəzindən başlayıb hansı vəzifəyə qədər gəldiniz?
- Bəli, “Azerfon” və “Azerconnect” bir yerdə 8 ilə yaxın orda işlədim. Çağrı mərkəzi mənə telekommunikasiyaya daxil olmaq üçün qapı idi, davamını gətirməli idim. “Azerfon”da baza stansiyaların, şəbəkələrin qurulduğu texniki şöbəyə keçmək istəyirdim. Orada işləyənlərin hamısı ingilisdillilər idi. Demək ki, dil biliyimin üzərində işləməli idim. Çağrı mərkəzində işlədiyim vaxt “Biznesmelər üçün ingilis dili” kitabı işdə stolumun üstündə olurdu. Hər gün oxuyurdum, dil biliyimi inkişaf etdirirdim. İşdə imkan olan kimi o kitabı açırdım. Telekom sahəsində kitablar oxuyurdum. Düşünürdüm ki, çağrı mərkəzindəyəm, özümü inkişaf etdirim, bir gün texniki şöbəyə keçmək şansı yarananda, mən ona hazır olum. Bir gün o şans yarandı - texniki direktorun köməkçisi vəzifəsi vakansiyası oldu. Müraciət etdim, müsahibələr çox çətin idi, çox da hazırlaşmışdım. Texniki direktor fransız idi, onun müsahibəsindən keçdim. Telekomla bağlı çox oxusam da, o, daha çox praktik suallar verirdi və mən heç bir şey bilmirdim. Amma müsahibə zamanı adamı o qədər inandırmışdım ki, mənim o işi görəcəyimə məndən çox inandı və o vəzifəyə qəbul etdi (Gülür). Çox həvəsli idim. Bir müddət sonra şəbəkənin istismarı, şəbəkənin qurulması şöbəsinə keçdim. Elə səviyyəyə gəldim ki, bütün telekom layihələrini sərbəst idarə edirdim.

“Qadın nədir, telekom nədir?” – deyirlər

- Telekom sahəsində bizdə xanımlar o vaxt lap az idi. 
- Mən də o nadir xanımlardan idim. Qadın nədir, telekom nədir? Qadın telekomda nə qədər davam gətirə bilər ki? – kimi yanaşmalar var idi. Həmin dönəm ailə qurdum, uşaqlarım olsa da, telekomdan əl çəkmirdim, öyrənirdim. Həmin ərəfədə bir türk direktorum mənə dedi ki, bu sahədən əl çək, telekomda böyük uğur qazanacağını gözləmə, ailəsi, uşağı olan qadını telekomda rəhbər vəzifəyə gətirməyəcəklər və s. Telekomla bağlı bir neçə sertifikat almaq istəyirdim. Bunu deməklə məni fikrimdən daşındırmaq istəyirdi. Qadınsan, insan resursları, maliyyə və s. sahələrə yönəlməyimi, qadın üçün onların daha uyğun olduğunu deyirdi. Ailən, uşaqların var, bu sahədə dayanıqlı, gecəsini gündüzünə qatan adamlar olmalıdır. Şəbəkə qurmaq, kişilərlə burda çalışmaq asan məsələ deyil və s. dedi. Bu fikirləri çox adamdan eşidirdim və mübarizə apara-apara bu sektorda davam edirdim.

- Sonra niyə uzaqlaşıb banka keçdiniz?
- Gördüm ki, proqramlaşdırma çox aktuallaşır. Proqramlaşdırmanı öyrəndim və o sahədə işləyib təcrübə qazanmaq istəyirdim. Proqramlaşdırma ilə bağlı bir-iki layihə işləyəndən sonra onların idarəetməsinə keçdim. Azərbaycanda son işim bank sahəsində oldu. İT xidmətlərinin çatdırılması şöbəsinin rəhbəri idim.

- Ölkə xaricinə getmək səbəbiniz nə oldu?
- Qadın-kişi sahəsi kimi ayrı-seçkiliyi görür və yaşayırdım. Düşünürdüm ki, qızım o cür əziyyət çəkməsin. Həm də sübut etmək istəyirdim ki, texnologiya sahəsində tək Azərbaycanda deyil, Avropada, Asiyada istənilən telekom şirkətində nələrsə edə bilərəm. İnsan üçün sərhəd olmamalıdır. Özünü harda görürsənsə, beynində, fikrində harda özünü otuzdurursansa, sən ordasan. Başqalarının nə dediyi, nə fikirləşdiyi önəmli deyil. Yeni texnologiyalar öyrənmək və özümə çox şeyi sübut etmək üçün ölkədən çıxmaq qərarına gəldim.

- Əmin idiniz ki, ölkə xaricində bacaracaqsınız?
- Çağrı mərkəzində çalışanda, düşünməzdim ki, dünyanın ən böyük texnoloji şirkətlərində işləyəcəm. Nələrsə edəcəyimi düşünürdüm, amma bu qədərini düşünməzdim. İnsan öyrəndikcə, özünü inkişaf etdirdikcə özünə inamı artır. Bilik, savad həqiqətən çox şey deməkdir. Bir az da çəkinməməli, özünə inanmalısan.

“Yaponiyada işə qəbul olmaq mənim üçün möcüzə idi”

- İlk olaraq Gürcüstanda başladınız.
- Çünki həyat yoldaşım Gürcüstandan iş təklifi aldı. Mən də orada iş tapdım. Telekom, bank, İT şirkətlərində konsaltinq işlərində çalışırdım. Ümumiyyətlə, həmişə yeni texnologiyalar, yeni iş yerləri və s. axtarıram, araşdırıram. Gürcüstanda olanda, artıq başqa ölkələrdə işlərə baxırdım. Həmin dövrdə “Nokia” şirkətinin işə qəbul mütəxəssisi “Linkedin”də mənə yazıb bir çox ölkələrdə iş təklif etdi. Yaponiyada da iş var idi. “Nokia” podratçı şirkətdir, onlar hansısa mobil operator üçün işləyirlər. Öyrəndim ki, “Nokia”da otursam da, Yaponiyanın telekommunikasiya şirkəti olan “Rakuten Mobile” üçün işləyəcəm. Fikirləşdim ki, bəlkə elə operatorun özünə CV göndərim? Müsahibəyə çağırdılar. “Rakuten Mobile” bir çox işlərini proqramlaşdırma üzərinə qurmuşdu. Məndə proqramlaşdırma təcrübəsi də var idi. Müsahibələri keçdim və işə qəbul olundum.

- Həyat yoldaşınızın işinə görə Gürcüstana getmişdiniz. Bu dəfə də o, sizə görə Yaponiyaya köçməyə razılaşdı?
- Yaponiyada işə qəbul olmaq mənim üçün möcüzə idi. Azərbaycanda kimə deyirdim, inanmırdı. Bu möcüzə böyük zəhmətimin nəticəsində reallaşmışdı. Birdən-birə hər şeyi atıb Yaponiyaya köçmək qərarı vermək də asan deyildi. Mədəniyyət, mühit, yeməklər və s. cəhətdən tam fərqli ölkədir. Yoldaşımla bir-birimizin işinə həmişə böyük dəyər vermişik. O, mənim əziyyətimi bilirdi və aldığım təklifə çox böyük dəyər verdi. Həmin vaxt Gürcüstanda mebel şirkətlərinin birində satış şöbəsinin rəhbəri idi. O, işindən ayrıldı və ailəvi şəkildə Yaponiyaya köçməyə razılaşdı.

- Yaponiyaya uyğunlaşmaq çətin olmadı?
- İlk vaxtlar inanılmaz çətin oldu. Tam fərqli mühit idi. Heç kim ingiliscə danışmır. Yavaş-yavaş özümüzə yer tapdıq, mən işləməyə başladım, zamanla yoldaşım da özünə iş tapdı.

- “Rakuten Mobile”də işə alışmağınız bəs?
- Yeni qurulan operator idi deyə, ilk vaxtlar az qala 24/7 işləyirdim. Çox işləyirdim, çox yorulurdum, amma innovativ yer idi, gözəl təcrübə qazandım. Artıq “Linkedin”ə daxil olub heç bir işə müraciət etmirəm, şirkətlər özü məni axtarır, işə dəvət edirlər.

- Olduğunuz mühitdə Azərbaycanla bağlı məlumatlılıq necə idi?
- Yeni getdiyimdə Yaponiyada işlədiyim mühitdə, olduğum ətraflarda Azərbaycanı tanımırdılar. Davamlı şəkildə uğur qazandıqca, şöbə rəhbəri vəzifəsinə keçdikcə və “İlin ən yaxşı işçisi” adını aldıqca, artıq mənimlə yanaşı Azərbaycanı da tanıyırdılar. Çünki mənim kim olduğum, haralı olduğum maraqlı idi. Hər kəsə ölkəm haqqında danışmaq, Azərbaycanı tanıtmaq mənim üçün böyük qürur idi.

- Niyə sonra Almaniyaya köçdünüz?
- Yaponiyada uzun müddət yaşamaq çətin idi. Valideynlərimiz Azərbaycanda yaşayırdı. Bizə onları tez-tez görmək lazım idi. Yaponiyadan Azərbaycana hər il gəlib-getmək alınmırdı, yol çox uzaq idi. Mühit, mədəniyyət, dil və s. hər şey cəhətdən Avropa bizə daha uyğun idi. Yaponiyanı qoyub gəlmək də çox çətin idi. Çünki həyatımda böyük dönüş yaratmışdı.

“Amerikada da iş təklifi aldım, amma istəmədim”

- Bəs Amerika təcrübəsi yaşamaq kimi istəyiniz olmadı?
- Amerikada da iş təklifi aldım, amma istəmədim. Çünki Yaponiyada yetərincə beynəlxalq təcrübə qazanmışdım. Ona görə Almaniyadakı işi qəbul edib bura gəldim. Almaniya ailə üçün yaxşı idi. İşlədiyim şirkət də dünyanın ən böyük texnoloji konsaltinq şirkətidir.

- Azərbaycanda telekom sahəsində qadınların az olduğundan danışdıq. Sonra fərqli ölkələrdə çalışdınız. O ölkələrdə bu cəhətdən vəziyyət necədir?
- Yaponiyada qadın var idi, amma çox deyildi. Yaponiyada qadınların çoxu yüksək karyera həvəsində deyildilər. Sabit bir iş tapıb ailə ilə məşğul olsunlar. Düzdür, idarəetmədə olan, karyerist qadınları da var, sadəcə çoxluğu deyirəm. Almaniyada da eynidir, telekom fakültələrinə getsəniz, qadınlar azdır. İdarəetmədə qadınlar var, amma daha çox marketinq, PR, insan resursları, maliyyə və s. kimi sahələrdə çoxdurlar. Telekom sahəsində menecment səviyyəsində qadın var, amma yenə də azdır. Avropada da bunu görəndə çox təəccübləndim. Ancaq burada qadınların bu sahədə olması dəstəklənir, nəinki “sənin işin deyil” kimi yanaşma olsun. “Accenture” şirkətinin CEO-su qadındır. Ona görə qadın liderlərinə dəstək və ehtiyac var.

- Yəni bu məsələ tək bizdə deyil...
- Çox multikultural mühitlərdə işləmişəm, yenə də “sən qadınsan” yanaşması görmüşəm. Ancaq heç birində Azərbaycandakı qədər deyildi. İndi deyə bilmərəm, o vaxt qadın üçün çox çətin idi. Bir dəfə məni dövlət qurumlarından biri üçün İT infrastruktur qurulması layihəsinə cəlb etdilər. Dövlət orqanları tərəfdən olan cavadeh şəxs dedi ki, layihəni bu idarə edəcək? Bunu eşitmək çox çətin idi. Gənc qadınsansa, texnoloji sahədə səni çox da qəbul etmirdilər. Sübut etməyə çalışırdım ki, qadın-kişi fərqi yoxdur, biz də bunu edə bilərik.

“Gecə 1-2-də paltar ütüləyirəm, yemək bişirirəm”

- Sizcə, niyə telekoma daha çox kişilər gəlir?
- Telekom layihələrini idarə etmək çox diqqət tələb edir. Sən bir yox, bir neçə podratçı şirkətlə işləyirsən, çox insanla əlaqə saxlayırsan, ezamiyyətlərin olur. Telekom layihələrini vaxtında və büdcəsi ilə təhvil verməlisən. İdarə edən tərəf olursan, bu bəzən qadınlar üçün qorxulu gəlir. Fikirləşirlər ki, bu qədər diqqəti işimə ayırsam, ailəmə, uşaqlarıma vaxt qalmaz və s. Ona görə qadınlar ailələrinə daha çox vaxt ayıra biləcəkləri işlərə üstünlük verirlər.

- Bəs siz necə edirsiniz?
- Çox çətindir, amma mən ambisiyalarımdan da əl çəkə bilmirəm. Elə olur ki, gecə saat 1-2-də paltar ütüləyirəm, yemək bişirirəm. Yaxud evdən işlədiyim gün onlayn iclasa yemək bişirə-bişirə qatılıram. İclasdakılara qazan-qaşıq səsi gedəndə üzrxahlıq da edirəm (Gülür). İşdən fasilə olan kimi uşaqlarla, dərsləri ilə maraqlanıram. Valideynlərimiz də burada yoxdur, yoldaşımla ikimizik. Çətin mərhələlərdən keçdik, amma bu günümüzə şükür. 2 ildir Almaniyadayıq. Uşaqlarım çox yaxşı nəticələr göstərirlər. Oğlum bu gün gimnaziyaya qəbul olduğunu dedi. Sinif prezidenti seçilib. Almaniyada ev almışıq. Başqa nə istəyə bilərəm?

- Həyat yoldaşınızın dəstəkçiniz olması...
- O qədər gözəl hissdir ki... Yoldaşım dəstək olmasaydı, uğurlarım bu səviyyəyə gəlməzdi. Yoldaşım hər zaman yüzdəyüz dəstək olub. Hətta mən əcnəbilərlə söhbət zamanı iş təklifi alıb ailəvi köçdüyümü deyəndə, inanmırdılar. Çox adam elə bilirdi ki, həyat yoldaşım işinə görə gəlib, mən də onunla gəlmişəm. Heç kim düşünmürdü ki, qadının işi alınar və həyat yoldaşı onunla gələ bilər. İkinci dəfə soruşurdular. Çox vaxt belə olur axı, kişi gedir, qadın da onun arxasınca gedir. Bizdə əksinə oldu. Çünki bu dəfə belə alındı.

“Qürurla deyirəm ki, telekom təhsili almamışam”

- Texnoloji cəhətdən təhsili olmayan bir xanım dünyanın ən böyük texnologiya şirkətlərində işləməyi necə bacardı?
- Öyrəndiklərim və qazandığım təcrübələr sayəsində. Azərbaycanda işlədiyim müddətdə bankda bir təqdimat edirdim. Sonda bir nəfər yaxınlaşıb dedi ki, Səidə xanım, çox əla təqdimat idi və s. Siz harda oxumusunuz? Nə üzrə təhsil almısınız? Çox utanmışdım. Dedim ki, kompüter elmləri oxumuşam (Gülür). O qədər cəsarətli təqdimatdan sonra tarix fakültəsini bitirdiyimi deyə bilmədim. Yaponiyada işləyəndən sonra qürurla deyirəm ki, telekom təhsili almamışam. Almaniyadakı şirkətə işə gələndə müsahibədə də bunu açıq şəkildə demişdim. Dedim ki hamısını təcrübəm, zəhmətim, əziyyətim sayəsində qazanmışam. Təhsil əsas deyil, işə yanaşma, ambisiya və sənin nə düşündüyün önəmlidir.

- Hələ ki çalışdığınız şirkətdə davam etmək fikriniz var?
- Hazırda bu şirkətdəyəm, yeniliklərə hər zaman hazıram. Ümumilikdə isə, telekommunikasiya ilə bağlı konsaltinq şirkəti qurmaq fikrim var. Araşdırmalara başlamışam. Beynəlxalq bir şirkət olacaq. Bunun üçün əlaqələrim də var, lazımı qədər mühəndislərlə də tanışam. Niyə də yox?

Aygün Asimqızı // VALYUTA.AZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin