“Şahdəniz” gəlir gətirmir – İqtisadçı səbəbləri açıqladı
Azərbaycan Dövlət Neft Fondunun açıqladığı məlumatlardan aydın olur ki, bu il "Şahdəniz” qaz satışından gəlir gətirməyib. 2021-ci ilin yanvar-fevral ayları ərzində Neft Fonduna yatağın istismarından daxil olan vəsait cəmi 3,54 milyon dollar olub. Yataqdan hasil edilən kondensatın satışından daxil olan gəlir nəzərə alınmasa, qaz satışından heç bir gəlir əldə edilməyib.
2021-ci ildən Azərbaycan daha böyük həcmdə "Şahdəniz” qazının satışına başlayıb. Belə bir dövrdə "Şahdəniz” qazının ixracından gəlirin olmaması sual doğurur. 2020-ci ildə də yataq qaz satışından olduqca az gəlir gətirmişdi.
Dövlət Neft Fondunun "Şahdəniz” qazının satışından az gəlir əldə etməsini Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban SOCAR-ın daxili tələbi ödəyə bilməməsi ilə izah etdi.
Saytımıza danışan ekspert söylədi ki, Azərbaycanın illik qaz istehlakı 12 milyard kubmetr olduğu halda SOCAR öz imkanları hesabına bunun 7 milyard kubmetrini təmin edir. İ.Şaban əlavə qaz həcmlərinin isə "Şahdəniz”dən Azərbaycanın payına düşən mənfəət qazı ilə təmin olunduğunu bildirdi. Ekspert bu səbəbdən Dövlət Neft Fonduna "Şahdəniz”in istismarından az vəsaitin daxil olduğunu dedi: "Neft Fondunun gəlirlərlə bağlı açıqladığı məlumat bir ay əvvəlki tarixə qədər olan məlumatlardır. Məlumatlar faktiki olaraq yanvar-fevralı deyil, dekabr-yanvar aylarına aid olan gəlir göstəricilərini əhatə edir.
Açıqlanan məlumatlardan belə anlaşırlır ki, yanvar ayında dövlət "Şahdəniz”dən mənfəət almayıb. Amma əslində belə deyil. Bu il qış sərt olub, daxili bazarda qaza tələb artıb. Dövlət daxili bazarda artan istehlakı təmin etmək üçün əlavə qaz həcmlərini hardan əldə etməlidir? Hazırda yeganə əlavə mənbə "Şahdəniz” qazıdır. "Şahdəniz”də SOCAR-ın da payı var. SOCAR öz payını alır və istehlakçılara satır. Lakin SOCAR-ın aldığı həcm kifayət etmir. Ona görə də dövlət də "Şahdəniz”dəki payını daxili istehlaka yönəldir. Bu səbəbdən "Şahdəniz”dən dövlətə qalan mənfəət payı azalır və Dövlət Neft Fonduna az vəsait daxil olur”.
İ.Şaban hesab edir ki, bu vəziyyətlə bağlı məlumatlar daha təfsilatlı şəkildə açıqlanmalıdır: "İnsanlarda sual yaranır ki, "Şahdəniz”ə böyük məbləğdə sərmayə qoyulub, pul xərclənib, amma dövlətin heç bir mənfəəti yoxdur. Əslində belə deyil. "Şahdəniz”də hasilatın artması dövləti xarici valyutada olan xərclərdən azad etdi. 2000-ci ilin oktyabr ayından 2007-ci ilə qədər Azərbaycan daxili tələbatını ödəmək üçün Rusiyadan hər il 4 milyard kubmetr qaz idxal edirdi. Qaz idxalının dayanması "Şahdəniz”in hesabına mümkün oldu. 2007-ci ildən sonra "Şahdəniz”dən alınan 4 milyard kubmetr qaz hesabına idxal dayandırıldı.
SOCAR 7 milyard kubmetr qaz hasil edir. Azərbaycanda istehlak edilən qazın həcmi isə 12 milyard kubmetrdir. Əlavə qazı məhz "Şahdəniz”dən aldığımız mənfəət qazı hesabına təmin edirik. Əgər həmin qazı daxilə yönəltməsək, onda "Şahdəniz”dən Dövlət Neft Fonduna daha çox vəsait daxil olacaq. Təsəvvür edək ki, "Şahdəniz”dən 4 milyard kubmetr mənfəət qazı daxili istehlaka yönəldilmir. Qazın hər 1000 kubmetrini 70 dollardan hesablasaq, 280 milyon dollar edir. 2020-ci ildə Neft Fondunun "Şahdəniz”dən mənfəəti 294 milyon olub. Bunun 223 milyon dolları kondensat satışından əldə edilib. Deməli, reallıqda "Şahdəniz”dən gəlir 300 milyon dollar yox, 600 milyon dollar olub.
Ona görə də çox yaxşı olardı ki, Dövlət Neft Fondu vəziyyəti izah etsin. Ölkəmizdə qazlaşdırma 96 faizə çatdırılıb, qaz istehlakı artıb və artan tələbatı ödəmək üçün "Şahdəniz” qazından istifadə edilməlidir”.
İ.Şaban onu da bildirdi ki, daxildə qaz istehlakı artacaqsa, Dövlət Neft Fondunun "Şahdəniz”dən gəliri artmaya bilər. Onun fikrincə, Fondun gəlirlərinin artması üçün SOCAR işlətdiyi qaz yataqlarında hasilatı artırmalıdır: "SOCAR-ın özünün işlədiyi qaz yataqları da var. Bunlar "Ümid”, "Bulla-dəniz” yataqlarıdır. Bu yataqlarda hasilat artmalıdır ki, "Şahdəniz” qazına ehtiyac azalsın. Bu halda Neft Fondunun "Şahdəniz”dən gəlirləri artacaq”. // Sfera.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay