Avstriya Rusiya qazından imtina etmək fikrində deyil - FT
Rusiyanın Ukraynaya müdaxiləsi və kütləvi anti-Rusiya sanksiyaları fonunda OMV enerji şirkətinin Avstriya qrupu mövcud ehtiyat müqavilələrinə baxmayaraq, qazının böyük hissəsini Rusiya Federasiyasından almağa davam edəcəyini açıqlayıb.
Qaynarinfo "Financial Times"a istinadən xəbər verir ki, bunu OMV-nin baş direktoru Alfred Stern bildirib. O, qeyd edib ki, şirkət 2018-ci ildə "Qazprom”la Rusiya qazının tədarükü üzrə bağlanmış uzunmüddətli müqaviləni ləğv etmək niyyətində deyil.
"Rusiya tədarük etdiyi müddətdə biz bu həcmi "Qazprom”dan alacağıq”, deyə Stern bildirib.
Baş direktor qeyd edib ki, şirkət ehtiyac duyduğu bütün qazın vurulması üçün boru kəmərinin tutumunun icarəsi üzrə müqavilələr imzalayıb, həmçinin Norveç, Niderland və İtaliyadakı LNG terminallarından tədarükləri təmin edib.
"Bütün bunlar bizə qeyri-Rusiya qazına çıxış imkanı verir ki, bu da müştərilər qarşısında öhdəliklərimizi ödəməyə kifayət edir”, deyə Stern bildirib.
Onun sözlərinə görə, keçən il Rusiya qazının tədarükü OMV-nin aylıq idxalının 20%-dən 70%-nə qədər dəyişib.
Ən böyük səhmdarı Avstriya hökuməti olan OMV şirkəti ölkə bazarında qazın 30%-ni təmin edir. Rusiyanın Ukraynaya müharibəsindən sonra bu şirkət dəfələrlə Rusiyanın enerji daşıyıcılarını aldığına görə tənqid edilib. OMV-nin "Qazprom”dan qaz almasına dair müqaviləsi 2040-cı ildə başa çatır.
27 iyun 2023-cü ildə Avstriyanın Energetika Nazirliyi yerli təchizatçıları Rusiya qazının mərhələli şəkildə dayandırılması prosesini sürətləndirməyə çağırıb. Bu bəyanatla Avstriyanın energetika naziri Leonor Qevessler Rusiya qazından imtinada əldə edilən irəliləyişlərin olmasına baxmayaraq, sürət baxımından yetərli olmadığını qeyd edərkən deyib.
Bu arada, "E-Control" şirkətinin keçmiş sədri Valter Boltz Avstriyanı arxayınlığa qarşı xəbərdar edib və ani tədarükün kəsilməsinin tez bir zamanda qıtlığa və qiymətlərin yüksəlməsinə səbəb ola biləcəyini deyib.
Avstriya Sənaye Federasiyası da hökuməti etibarlı qaz təchizatını təmin etmək üçün əlavə tədbirlər görməyə çağırıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay