ABŞ neft tədarükü qarşılığında Venesuelaya qarşı sanksiyaları yumşaldacaq
Birləşmiş Ştatlar Venesuelaya qarşı sanksiyaları bu ölkəyə neft tədarükü şərti ilə yumşaldacaq.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters”ə mənbələri məlumat çatdırıb.
"Mənbələrə görə, rəsmilər venesuelalı həmkarlarına bildiriblər ki, ABŞ sanksiyalarının hər hansı yumşaldılması Venesuelanın birbaşa ABŞ-a neft göndərib-götürməməsindən asılı olacaq”.
Hələ də Venesuelada fəaliyyət göstərən ABŞ-ın son neft istehsalçısı Chevron Corp Nikolas Maduro administrasiyası ilə razılaşma əldə olunarsa, ilk benefisiar ola bilər. Chevron-a 2020-ci ildən bəri birgə müəssisələrindən Venesuela neftinin tədarükü qadağan edilib və kompaniya bu qadağanın aradan qaldırılmasına çalışır. Şirkət yalnız öz obyektlərinə texniki qulluq və təhlükəsizliyi təmin etmək üçün ölkədə aşağı səviyyədə mövcudluğunu qorumağa imkan verən xüsusi lisenziyaya malikdir. Reuters bildirir ki, bu lisenziyanın müddəti iyun ayında başa çatdığından, Chevron ABŞ Maliyyə Nazirliyindən Venesuela neft yüklərinin ticarəti üçün icazə istəyib. Mənbələrdən biri bildirib ki, Vaşinqton sanksiyaları yumşaltmaq qərarına gəlsə, Chevron Venesuelada hasilatı qismən bərpa edə biləcək.
Martın 8-də ABŞ və Venesuela rəsmiləri Rusiyanın Ukraynaya qarşı apardığı müharibə və ABŞ-ın təcavüzkara qarşı mümkün neft embarqosu fonunda enerji təhlükəsizliyini müzakirə etmək üçün görüşüblər.
Həmin gün ABŞ Ukraynadakı müharibə ilə əlaqədar Rusiya neft və qazının ABŞ-a idxalına qadağa qoyub.
Bayden administrasiyası Rusiyanın Ukraynaya müdaxiləsindən sonra əlavə neft mənbələri axtarır.
Xatıladaq ki, Venesuela 2019-cu ildən bəri ABŞ-ın neft sanksiyaları altındadır. Keçmiş prezident Donald Trampın dövründə ABŞ Venesuela prezidenti Nikolas Maduronun rejimini sarsıtmağa çalışırdı. Dövlətlər sanksiyaları sərtləşdirib və müxalifət lideri Xuan Quaydonu qanuni dövlət başçısı kimi tanıyıb. Maduro isə Rusiya ilə daha sıx əlaqələr qurub.
Dünyanın ən böyük ehtiyatlarına malik ölkə hazırda gündə 800 min barel hasil edir ki, bu da Venesuelanın 2017-ci ildə defoltdan əvvəl istehsal etdiyi 3 milyon barelin bir hissəsini təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay