Avropada qazın qiyməti bahalaşdı: Rəsmi Bakının gəlirləri artacaq?
"Avropada qazın qiyməti Niderlandda yerləşən spot bazarındakı fyuçerslərlə tənzimlənir. Hazırda bazarda yaşanan qiymət artımı da məhz spot bazarı üçün keçərlidir. Misal üçün uzunmüddətli kontraktlar əsasında satılan boru kəmərləri ilə daşınan qazın qiymətində bu artım müşahidə edilmir”.
Bu sözləri iqtisadçı Natiq Cəfərli Avropada qazın qiymətinin 840 dolları keçməsi barədə danışarkən deyib.
Onun sözlərinə görə, spot bazarında yaşanan qiymət artımı uzun müddət davam etməyəcək:
"Boru kəməri ilə daşınan qazın qiyməti spot bazarlardakı qaza nəzərən daha gec artır. Çünki boru kəmərləri ilə daşınan qaz uzunmüddətli kontraktlarla tənzimlənir və adətən 6 aydan bir yenilənir. Misal üçün, bu gün "Qazprom" Avropaya satdığı qazın qiymətini dəyişmədi. Çünki yanvar ayına qədər kontraktı var. Yəni Avropa bazarında qazın qiyməti 800 dolları keçsə də "Qazprom" uzunmüddətli müqavilə imzaladığı üçün qazı 235 dolara satır”.
N. Cəfərliyə görə, Avropa bazarında qazın qiymətinin 800 dollara qədər artmasının əsas səbəbi elektrik enerjisinə olan tələbatın artmasıdır:
"Məsələ ondadır ki, hazırda Avropada elektrikə olan tələbat kəskin surətdə artıb. Kömürlə işləyən elektirk stansiyalarının bağlanması qazla işləyən modul tipli elektrik stansiyalarına tələbatı artırıb. Buna görə də qaz qiymətlərində artım müşahidə olunur. Mənə elə gəlir ki, bu müvəqqəti haldır və bir müddət sonra qiymətlər tənzimlənəcək. Çünki Avropa bazarında qazın qiymətinin bu səviyyədə olması sənaye mallarınında da qiymətlərin artmasına səbəb ola bilər”.
Ekspertin sözlərinə görə, Avropa bazarında qazın qiymətinin artmasının ölkəmiz üçün faydası ola bilər:
"Azərbaycan da Avropaya qaz ixrac edən ölkələrdəndir. Lakin ölkəmiz də Avropaya uzunmüddətli kontraktlar əsasında qaz satır. Yəni indiki vəziyyətdə qazın qiymətinin artmasının bizim üçün elə də bir təsiri olmayacaq. Lakin gələcək kontraktlar üçün mövcud vəziyyəti nəzərə alsaq, düşünürəm, bu vəziyyətdən istifadə edə bilərik”.
Mənbə: Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay