Bu günədək Azərbaycan TAP ilə Avropaya nə qədər qaz ixrac edib? - AÇIQLAMA
2020-ci il dekabrın 31-dən Trans-Adriatik qaz kəməri (TAP) ilə Avropaya 2,8 milyard kubmetr Azərbaycan qazı ixrac edilib.
Valyuta.az İnterfax.az-a istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Azərbaycan 2020-ci il dekabrın 31-dən bu günədək TAP ilə Avropaya 2,8 milyard kubmetr qaz ixrac edib”, - deyə o, bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) energetika nazirlərinin IV iclasında çıxışı zamanı bildirib.
Daha əvvəl nazir bildirmişdi ki, 2021-ci ildə Azərbaycan Avropaya 5 milyard kubmetrdən çox qaz ixrac edəcək.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan CQD layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ötürmə qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay