Tələbatla bağlı narahatlıq getdikcə azalır: Neft qiymətləri isə bahalaşır
İnvestorların pandemiya dövründə xammala olan tələbatla bağlı narahatlıqlarının azaldığı bir zamanda dünya bazarlarında neft qiymətləri bahalaşır.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8.54-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,46 % bahalaşaraq, 1 bareli 73,85 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti 0,56 % artaraq, 1 bareli 71,69 ABŞ dolları, iyul fyuçerslərin qiyməti isə 0,38 % bahalaşaraq, 1 bareli 71,91 ABŞ dolları təşkil edib.
Treyderlər dünyada koronavirusla bağlı vəziyyəti izləməkdə davam edirlər. Dünya ölkələrinin çoxunda vaksinləmə artır, yoluxma halları isə azalır. Bu səbəbdən bəzi karantin məhdudiyyətlərinin aradan qaldırılması neftə olan tələbata müsbət təsir göstərir.
İranın nüvə sazişi ilə bağlı danışıqlar da diqqət mərkəzindədir. Bazar günü İranın nüvə proqramı üzrə Hərtərəfli birgə fəaliyyət planının tam bərpası ilə bağlı danışıqların altıncı raundu tamamlanıb.
Daha əvvəl investorlar İran neftinin tezliklə yenidən bazara daxil olacağından ehtiyat edirdilər, belə ki, əlavə təklif bazardakı balansı poza bilərdi. Lakin analitiklər bildirirlər ki, hazırda xammala olan tələbat artır, təklif isə demək olar ki, dəyişməz olaraq qalmaqdadır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay