Rəqabət Məcəlləsindən xəbər var - "İlin sonuna qədər qəbul edilə bilər..."
Martın 16-da Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Rəqabət Məcəlləsinin qəbul edilməsi məsələsi qaldırılıb. Deputatlar artıq 17 ildir müzakirə olunan Rəqabət Məcəlləsinin qəbul edilməsinin vacibliyini növbəti dəfə vurğulayıblar.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ərzaq və qeyri-ərzaq bazarında qiymət artımı müşahidə olunur: "Qiymətlər durmadan artır. Görülən çox mühüm işlərə baxmayaq, bunun qarşısı alınmır. Hökumət bununla bağlı təkliflər hazırlamalıdır. Qiymət artımı çox ciddi problemlər yarada bilər. Bu gün bazarda inhisarçılıq və monopoliya var. Rəqabət Məcəlləsi qəbul edilməlidir. Bu məcəllənin qəbul edilməsi Azərbaycanda həm qiymət siyasətinə, həm də bazarda rəqabətə dəstək olacaq".
Son illər strateji yol xəritələrində Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı məsələ öz əksini tapsa və 2017-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində sözügedən layihənin müzakirələri aparılsa da, sənədin qəbulu hələ də gecikir. 2004-cü ildə hazırlanan Rəqabət Məcəlləsinin vacibliyi nədədir? 2006-cı ildə prezidentin Milli Məclisə təqdim etdiyi, həmin il iki oxunuşdan keçən və 15 ildir üçüncü oxunuşa çıxarılmayan məcəllənin qəbul olunmasına nələr mane olur?
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən "Turan" agentliyinə bildirilib ki, Rəqabət Məcəlləsinin təkmilləşdirilməsi üzrə görülən işlər artıq tamamlanıb və sənəd beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanıb: "Bu sənəd beynəlxalq standartlar səviyyəsinə uyğundur".
Dövlət Xidmətindən vurğulanıb ki, Rəqabət Məcəlləsinin qəbulu prezident İlham Əliyevin strateji yol xəritələri çərçivəsində verilən bir tapşırıqdır və Məcəllənin layihəsi artıq aidiyyəti qurumlara təqdim olunub: "Cənab prezidentin tapşırığına uyğun olaraq, Rəqabət Məcəlləsinin qəbulu bu ilin sonunadək gözlənilir". //azpolitika
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay