Tələbə kartında nəqliyyatla bağlı güzəştlər olacaq? -AÇIQLAMA
Ötən ilin oktyabrın 15-dən etibarən "TələbəPlus" layihəsi çərçivəsində universitetlərdə vahid tələbə kartının tətbiqinə başlanılıb. “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. Kart eyni anda bir neçə funksiyanı yerinə yetirir. Həm universitetə giriş-çıxışı təmin edir, həm debet bank kartı kimi fəaliyyət göstərir, həm tələbələrin təqaüd kartı, həm də imtiyazlar, endirimlər təqdim edir.
Tələbələr üçün ən vacib məsələlərdən biri isə ictimai nəqliyyatdır. Lakin bu kartda nəqliyyatdan istifadə ilə bağlı hər hansı bir güzəştə yer verilməyib.
Bəs ictimai nəqliyyatda güzəştlərin də həmin imtiyazlara əlavə edilməsi planlaşdırılmalıdır?
Bu barədə təhsil eksperti Elmin Nuri açıqlamasında bildirib ki, dünyanın əksər ölkələrində tələbələr üçün nəzərdə tutulan endirim kartlarının əsas mərkəz nöqtələrindən biri də nəqliyyat endirimləridir:
“Biz müəyyən layihələr çərçivəsində xaricdə oxuyan azərbaycanlı tələbələrlə çox söhbət etmişik, görüşmüşük, Onların 90 faizinin yekdil qərarı belə olub ki, Avropa, Amerika, Uzaq Şərqi Asiya və Mərkəzi Avropa ölkələrində tələbələrin endirim kartında əsas üstünlüklər məhz nəqliyyatla bağlıdır. Biz də “TələbəPlus” kartı tətbiq olunandan sonra bir neçə dəfə fikrimizi bildirmişdik ki, bu kartın vaciblik göstəriciləri ora tətbiq olunan endirimlərin kəmiyyət və keyfiyyətindən asılı olacaq. Nə qədər şirkətlər endirimə razılıq verəcəklər, hansı sahələri əhatə edəcək və digər üstünlükləri nə olacaq kimi nüanslarla yanaşı, hər zaman nəqliyyat faktorunun birinci olduğunu demişik. Hazırda bir çox universitetlərimizdə “TələbəPlus” kartı ilə bağlı memorandumlar imzalanır. Buna görə Təhsilin İnkişafı Fonduna, universitet rektorlarına, o cümlədən “TələbəPlus” kartını tanıyan şirkətlərə təşəkkürümüzü bildiririk”.
Ekspertin sözlərinə görə, bəzi razılaşmalar var ki, bu qurumlardan asılı deyil və müəyyən bir zaman tələb edir:
“Nəqliyyat xidmətləri ölkəmizdə həm dövlət statuslu, həm də özəl şirkətlər tərəfindən həyata keçirilir. Mən inanmıram ki, gələcəkdə “TələbəPlus” kartında nəqliyyat güzəştlərinə yer verilməsin. Bunun hansı müddətdə olacağını deyə bilmərəm. Amma bu məsələ çox vacibdir. Düşünürəm ki, tələbə üçün hər hansı bir geyim mağazasının endirimindənsə, ümumi nəqliyyat endirimin olması daha yaxşı olar”.
Sualla bağlı Təhsilin İnkişafı Fondundan bildirilib ki, bu, Fondun və Elm və Təhsil Nazirliyinin səlahətində olan məsələ deyil. Müvafiq qurumlarla danışıqlar aparılır. Bu məsələ ilə bağlı yenilik olduğu təqdirdə rəsmi açıqlama veriləcəkdir.
Eyni zamanda qurum tərəfindən “TələbəPlus” kartının əhəmiyyəti barədə məlumat verilib. Qeyd olunub ki, layihəyə 300-dək yerli və xarici şirkət qoşulub:
“Kart sahiblərinə restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda müəyyən güzəştlər ediləcəkdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Layihə çərçivəsində həmçinin Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycan Nəşriyyatları Assosiasiyası, Park Bulvar AVM ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Təhsilin İnkişafı Fondu “TələbəPlus”a daha çox tərəfdaşın qoşulması üçün öz təşəbbüsü ilə yerli və beynəlxalq şirkətlərlə gündəlik görüşlər həyata keçirir. Tələbələrin istəklərinə uyğun, xüsusilə tələbələrin aktiv istifadə etdiyi məkanlar (dəftərxana və kitab, geyim mağazaları, kinoteatr, kafe və restoranlar, təlim və sağlamlıq mərkəzləri) ilə əmakdaşlığa xüsusi önəm verilir, lakin bu şirkətlərlə yanaşı Fonda müraciət edən digər özəl müəssisələrin də bu proqrama qoşulmasında heç bir maneə yoxdur və Fond hər seqmentdən olan iaşə müəssisələrinin müraciətlərini qəbul edir. Endirim verən müəssisələrlə bağlı müvafiq məlumatı “TələbəPlus”ın sosial şəbəkələrindən əldə etmək mümkündür. Bütün bunları Fondun tək etməsi mümkün deyil, ona görə də medianın xüsusi dəstəyi, dövlət-özəl tərəfdaşlığının önəmi, sahibkarların bu prosesdə maraq göstərməsi, təşəbbüsə qoşulması istəyi önəmlidir. Təhsilin İnkişafı Fondu hər bir dövlət və özəl şirkət ilə bu prosesdə əməkdaşlıq etməyə açıqdır".
Fonddan bildirilib ki, layihəyə başlamazdan öncə tələbələr arasında anket sorğusu və müsahibə keçirilib:
"Biz indi də sosial media hesablarında sorğular keçirərək tələbələrin fikir və istəkləri ilə maraqlanıb, bu istiqamətdə müxtəlif müəssisələrlə görüşlər keçiririk. Əməkdaşlıq etdiyimiz şirkətlərin tələbəyönümlü olmasına çalışırıq. Hazırda əməkdaşlıq müqaviləsi imzalanmış 23 universitet üzrə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 190000 tələbə “TələbəPlus” kartı ilə təmin edilib. İrəliləyən mərhələlərdə texniki peşə məktəbləri və orta ixtisas kolleclərinin də (təxminən 70 000 nəfər) bu layihədən yararlanması nəzərdə tutulur”.
©metbuat.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay