İşə müraciət edən zaman şəkilsiz CV-lərə baxılmır?
İş elanı paylaşılan zaman şirkətlərə gələn CV-lərin bir qismi şəkilsiz olur. Amma bəzi iş elanlarında “Şəkilsiz CV-lərə baxılmayacaq” qeydini belə görürük. Bütün elanlarda bu tip qeyd olmasa da, ümumilikdə, belə fikir var ki, şəkilsiz CV-lərə diqqət yetirilmir. Bu yanaşma doğrudurmu?
Valyuta.az-a danışan HR Hunter şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə deyir ki, Avropa ölkələrində CV-nin şəkilli və ya şəkilsiz olmasına ciddi fikir verilmir, əksinə şəkilsiz olanlara üstünlük verilir:
“Çünki şəkil insan haqqında ilkin təssürat yaradır. Bu da, namizədin görünüşünü nə iləsə əlaqələndirməyə gətirib çıxara bilər. Məsələn, işəgötürən namizədin şəkilinə baxıb deyər ki, bu şəxsdən yaxşı əməkdaş olmaz və o prinsiplə iş görüşməsinə çağırmaz. Və ya hər hansı dini və irqi məsələlərə görə, şəkilsiz CV-lərə daha çox üstünlük verirlər. Amma bəzi vəzifələr var ki, məsələn, satış, müştəri təmsilçisi kimi, bunlar müştəri ilə birbaşa olaraq işlədikləri üçün şəkil vacibdir”.
Konsultant ölkəmizdə məhdud sayda olan CV-lərdə şəkilsiz CV-lərə baxıldığını bildirir:
“Mütəxəssis, rəhbər, proqramçı kateqoriyası üzrə CV göndərən zaman şəkilsiz CV-lərə də baxılır. Çünki bu sahədə məhdud sayda CV gəlir. Namizəd məhdud saydadır və görünüşə xüsusi əhəmiyyət vermirlər. Amma xüsusi görünüşə önəm verilirsə, şəkilsiz CV-lərə ümumiyyətlə baxılmır. Bəzən vakansiyada xüsusi olaraq qeyd edirlər ki, şəkilli CV lazımdır”.
“Şəkilsiz CV-lər İnsan Resursları mütəxəssislərində xüsusi təəssürat yaratmır. Amma müəyyən vakansiyalar var ki, şəkilli CV istənilir və şəkilsiz CV-lər göndərilir. Bu zaman artıq həmin şəxsin seçilməməsinə xüsusi şərait yaranır” - deyə, İlkin Mirzəzadə əlavə edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay