Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?
Zaman-zaman ölkədə regional və xarici ölkələrlə birgə bankların açılmasına böyük ehtiyac olması ilə bağlı fikirlər səsləndirilir.
Bu da həmin bank mühitində rəqabətliliyin artmasına, regionlarda əhali üçün kreditlərin əlçatanlığının daha rahat ola bilməsi ilə əsaslandırılır.
Bəs regional və xarici ölkələrlə birgə bankların açılması bank sektorunun inkişafına necə təsir edər? Ümumiyyətlə, hazırda buna zərurət varmı?
Mövzu ilə bağlı Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov düşünür ki, bu cür bankların yaradılmasına heç bir ehtiyac yoxdur:
“Ümumiyyətlə bu banklara ehtiyac olduğu necə müəyyən edilir? Bu gün Azərbaycanda 20-dən çox bank var, onlardan da ikisi - Beynəlxalq Bankla, AzərTürk Bank dövlətindir. Prinsipcə bu banklar bütün regionlarda təmsil olunur. Bundan başqa bank olmayan kredit təşkilatlarımız var. Bunlar da regionlarımızda fəaliyyət göstərir. Lakin bu bank və təşkilatların regionlarda kifayət qədər aktiv olmaması isə başqa məsələdir.
Buna görə də xüsusi bank açmağa ehtiyac yoxdur, əksinə, olanların fəaliyyətini gücləndirmək lazımdır. Bundan başqa Azərbaycanın bir neçə bankının da xaricdə filialları var”.
İqtisadçı Natiq Cəfərli isə bildirib ki, bank sektorunda rəqabətli mühitə ehtiyac var:
“Azərbaycanda 4 iri bank demək olar ki, bank sektorunun 75 faizinə nəzarət edir. Buna görə də rəqabətli mühitlə bağlı problemlər var. Ona görə də Azərbaycanda birbaşa xarici kapitalı olan bankların açılması, onların həm kreditləşmə məsələsində, həm digər məsələlərdə rəqabətli mühit şəraitində fəaliyyət göstərməsi ölkədə bank xidmətinin keyfiyyətinin artmasına kreditlərlə bağlı daha məqbul siyasətin yeridilməsinə səbəb ola bilər”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay