Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)
“Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişikliyə görə, dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilir.
Qanun qəbul ediləcəyi təqdirdə isə 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Günəş panellərinin gömrük rüsumundan azad edilməsi bu sahənin inkişafına necə təsir edəcək?
Mövzu ilə bağlı Valyuta.az-a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, günəş panellərinin ölkəyə gətirilməsi gömrük rüsumundan azad olarsa, bu, həmin sahənin inkişafına müsbət təsir edəcək:
“Bir müddət öncə elektromobil və hibrid avtomobillərlə bağlı da belə bir qərar verilmişdi. Qərara əsasən 3 yaşdan yuxarı avtomobillər ölkəyə gətirilərkən gömrük və idxal rüsumlarından azad edildi. Bu qərardan sonra isə Azərbaycanda həmin avtomobillərin sayı artdı. Avtomobil parkının yenilənməsində kifayət qədər canlanma oldu.
Bu günə qədər dövlət öz xətti və investisiyası ilə bir sıra xarici şirkətlərlə bağlanmış xüsusi müqavilələr əsasında günəş və külək turubinlərindən enerji almaq üçün elektrik stansiyalar tikirdi.
Bu qərardan sonra isə günəş panelləri artıq məişətə ayaq açacaq. İnsanlar öz evlərinin damlarında günəş panellərini daha münasib qiymətə quraşdırmaq imkanı əldə edəcək”.
İlham Şabanın sözlərinə görə, bu qanunun qüvvəyə minməsi düzgün addım olar:
“Qeyd edim ki, biz hələ bir qədər gecikmişik. Bununla bağlı müvafiq şirkətlər yaranmalıdır. COP 29 zamanı da gördük ki, Azərbaycanın özəl şirkəti Kəlbəcərdə külək elektrik stansiyasına sərmayə qoymaqla bağlı Enerjetika Nazirliyi ilə razılaşma əldə etdilər.
Biz bu məsələdə elə qonşu Türkiyə ilə müqayisədə 15-20 il geridəyik. Onlar evdə isti su əldə etmək üçün qazdan istifadə etmirlər. Havanın işığına həssas olan fibrooptik elementlərdən yararlanaraq tempraturu 40 dərəcəyə qədər olan isti su əldə edirdilər. Əgər Azərbaycanda 2 milyondan çox ev təsərrüfatı varsa, həmin təsərrüfatın yarısı bu sistemə keçsə, çox qənaət edilmiş olar. Bunun üçün də bilik, bacarıq və maarifləndirmə olmalıdır. Düşünürəm ki, bu qərardan sonra bazar tələbinə uyğun olaraq belə maarifləndirmə məsələləri də ortaya çıxar”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay