Qiymət bahalaşdıqca, vəziyyət ağırlaşır - Taksi islahatları
Hazırda paytaxt Bakıda ictimai nəqliyyat, taksi xidməti ilə bağlı ciddi problemlər hökm sürməkdədir. Xüsusilə Bakıətrafı qəsəbələrə, mikrorayonlara gedən insanlar yollarda qalır, bir çox marşrutlarda avtobuslar köhnədir, Bakı-Sumqayıt yolundakı fəlakətdən danışmaq isə “kitablıq” məsələdir.
Bir müddət öncə ictimai nəqliyyatda qiymətlər bahalaşdırılanda bildirildi ki, bu, vəziyyətin yaxşılaşdırılması üçün edilir. Ancaq nə qiymət artımı, nə avtobus zolaqları vəziyyəti yaxşılaşdırdı, əksinə, pisləşdi.
İnsanlar daha çox metroya üz tutur, burada da yüklənmə o qədər çoxdur ki, insanların eskalatorlarda, platformalarda “tıxacı” yaranır. Günlərdir bu mənzərəni müşahidə edirik. Qrafik çoxaldılmır.
Niyə aparılan islahatlar tərs nəticə verir? Planlı işlər görmək mümkün deyilmi?
Nəqliyyat eksperti Ərşad Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Şəxsən mən gözləmirdim ki, nəqliyyatda qiymət 10 qəpik artırıldıqdan sonra nəqliyyatdakı problemlər öz həllini tapacaq, tıxaclar aradan qalxacaq və sairə.
Dünyanın heç bir yerində gedişhaqqının artırılması və yaxud gedişhaqqı hesabına ictimai nəqliyyatı maliyyələşdirmək mümkün deyil, belə bir təcrübə yoxdur. İctimai nəqliyyat çox bahalıdır və sosial məsələdir. Dövlət necə ki, təhsilə, yeni infrastrukturların yaradılmasına, ümumi yol şəbəkəsinə pul ayırır, eləcə də ictimai nəqliyyata pul ayırmalıdır. Problem dayanıqlı maliyyə sisteminin olmamasıdır. Həmçinin ola bilsin ki, mövcud maliyyə sistemindən də uğursuz istifadə edilir. Məsələn, mümkün olan, əlçatan avtobuslar əvəzinə ola bilsin ki, daha bahalı avtobuslar alınır və sairə.
Bir sözlə, gedişhaqqı hesabına ictimai nəqliyyat maliyyələşə bilməz, bu, qətiyyən mümkün deyil.
Hesab edirəm ki, ictimai nəqliyyat şəbəkələşmiş formada inkişaf etməlidir. Yəni Bakı Metropoliteni genişlənməlidir. Dünyanın inkişaf etmiş ölkələrində, o cümlədən Avropada, Çində, Yaponiyada Bakı kimi şəhərlərdə metro stansiyalarının sayı 200-dən çoxdur. Bakıda isə cəmi 25 stansiya var. Dövlətimiz müstəqillik əldə etdikdən sonra təxminən 6-7 yeni stansiya tikildi. Onların da yarısı sovet dövründən yarımçıq qalanlar idi. Hətta 10 ilə cəmi 1 stansiya ortalığa çıxarda bilmişik. Təkcə “8 noyabr” stansiyası 8-9 ilə tikildi.
Bundan başqa, avtobus parkı təxminən 50 faiz civarında köhnədir. Yay dövründə köhnə avtobusların içində dayanmaq qeyri-mümkündür. Qışda isə səs-küyündən, tüstüsündən dayanmaq olmur. Və yaxud bəzilərinin pilləkənləri yuxarı olur, bəzi sərnişinlər avtobusa minək istəyəndə çətinlik çəkirlər. Xeyli avtobus isə ümumiyyətlə çatışmır. Bakıda elə ərazilər var ki, yüz minlərlə insan yaşayır, amma orada yetəri qədər ictimai nəqliyyat yoxdur. Ona görə də kütləvi şəkildə şəxsi avtomobillərdən istifadə olunur ki, bu da tıxaclara səbəb olur".
Ekspert hesab edir ki, Bakıda tıxacların yaranmasının əsas səbəbi şəhərsalma və məskunlaşma ilə bağlıdır: “Çünki araşdırılsa məlum olar ki, Azərbaycanın sosial aktiv əhalisinin yarısı Bakıdadır. İnsanlar, taksi sürücüsündən tutmuş universitet müəlliminə, həkiminə qədər, hər kəs düşünür ki, yaxşı dolanmaq üçün yeganə məkan Bakıdır. Ona görə də fürsət düşən kimi Bakıya köçmək qərarına gəlirlər. Bunun qarşısı alınmalıdır. Rayonlarda sosial-iqtisadi vəziyyət inkişaf etməlidir ki, insanlar paytaxta axın etməsin”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay