
Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi imzalandı - Tikinti sahəsində hansı yeniliklər olacaq?
Azərbaycanda fəaliyyət göstərən 11 tikinti şirkəti Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi imzalayıb. Bəyannamənin məqsədi tikinti şirkətlərinin emissiyaların azaldılması məsuliyyətini dərk etdiyini göstərməsidir. Qeyd olunub ki, bəyannamə bu istiqamətdə atılan ilk addımdır. Daha sonra isə məsuliyyəti dərk etmək mərhələsindən əməli fəaliyyətə keçid olacaq.
Tikinti sahəsində emissiyaların azaldılması üçün hansı tədbirlər görülə bilər? Tikinti şirkətləri ilə öz məsuliyyətlərini dərk etmək üçün hansı maarifləndirmə işləri aparılmalıdır?
Mövzu ilə bağlı Valyuta.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, Dayanıqlı Tikinti Bəyannaməsinin imzalanması tikinti şirkətlərinin məsuliyyətini daha da artıracaq:
“Ekoloji təmiz məhsullardan istifadə baxımından, xüsusi ilə də yaşıllıq zonasının mühafizəsi, tikinti zamanı ağaclara zərər verilməməsi və sair məsələlərə görə çox mühim əhəmiyyətə malikdir. Doğrudur, bəyannaməni imzalayan şirkətlərin sayı azdır, lakin hesab edirəm ki, bu bəyannaməyə qoşulmaq bütün tikinti şirkətləri üçün icbari xarakter daşımalıdır. Tikinti şirkətlərinin hamısı bu normalara əməl etməlidir”.
Ekspert düşünür ki, yaşıllıqların qorunması digər tikinti normaları kimi tikinti şirkətləri üçün vacib olmalıdır:
“Təəssüflər olsun ki, tikinti zamanı bəzən tikinti şirkətlərinin ağacları qırması, yaşıllıq zonalarını məhv etməsi kimi hallara tez-tez rast gəlirik. Hesab edirəm ki, digər tikinti norma və qaydaları kimi bu da önəmli və vacib normalar olmalıdır. Yaşıllıq zonalarının mühafizəsi, köçürmələr zamanı bitkilərə, xüsusi ilə ağaclara ziyan vurulmaması bir öhdəlik kimi hər bir tikinti şirkətlərinin əməl etməsi vacib olan qaydalardan olmalıdır. Tikinti şirkətləri, ən azı həmin bəyannaməyə qoşulan şirkətlər bu normalara əməl edəcək. Ancaq bəyannaməni imzalamayanlar, bu kimi normaları qəbul etməyən, qəsdən və bilərək yaşıllığa zərər verən tikinti şirkətlərinə qarşı mübarizə aparmaq lazımdır. Onlara böyük miqdarda cərimələrin tətbiq edilməsi labüddür”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay