İri market şəbəkələri kiçik sahibkarlarla niyə işləmir? – Ekspert səbəbləri açıqlayır
“Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət tərəfindən marketlərə heç bir təsir mexanizmi ilə bağlı qanun yoxdur. Yəni, qanunda elə bir maddə yoxdur ki, dövlət orqanları marketlərə hansı şirkətlərlə işləyəcəkləri barədə müdaxilə edə bilsin”.
Bu sözləri Valyuta.az-a iqtisadçı Natiq Cəfərli kiçik və orta sahibkarların iri marketlərə əksər hallarda daxil ola bilməmələrinin səbəbləri haqqında danışarkən deyib.
Ekspertin sözlərinə görə bu məsələ ilə bağlı bir çox problemlər mövcuddur:
“Əsəas problemlərdən biri şirkətlərin dövriyyə məsələsidir. Böyük şirkətlərin üstünlüyü dövriyyələrinin böyük olmasıdır. Dövriyyəsi böyük olan şirkətlər də satış üçün marketlərə verdikləri birinci partiya məhsulların pullarını almırlar. Bu da marketlərə sərf edir. Onlar pullarını ikinci partiya verəndən sonra birinci partiyanın pullarını alır. Birinci dəfə verilən məhsullar marketin öz dövriyyəsində qalır. Amma kiçik sahibkarların dövriyyəsi çox az olduğuna görə bunu edə bilmirlər. Onlar hər marketə verdiyi məhsulun pulunu birinci dəfədən almasalar, işləyə bilməyəcəklər.
İkinci problem böyük şirkətlər marketlərə güzəştlər, endirimlər təklif edə bilməsidir. Bu da marketlərə sərf edir. Bu zaman marketlər hər məhsulun üzərinə 25-30 faiz qoya bilirlər. Lakin kiçik sahibkarlar belə güzəştlər edə bilmirlər. Digər bir problem isə bəzi böyük şirkətlərin məmurlara bağlılığıdır. Onlar da inzibati resurslardan istifadə edərək, market şəbəklərinə təsir göstərərək, öz məhsullarının daha tez satılmasını təmin edirlər. Lakin kiçik sahibkarların da buna gücü yoxdur”.
Natiq Cəfərli əlavə edib ki, bu sahədə olan problemləri aradan qaldırmaq üçün dövlət müəyyən təşviq edici proqramlar hazırlaya bilər:
“Bu məsələ qanunvericiliklə yox, təşviq proqramları ilə tənzimlənə bilər. Məsələn, marketlərə dövlət təklif edə bilər ki, əgər sizin təchizatçılarınızın 30-40 faizi kiçik və orta sahibkarlar olsa, sizə mənfəət vergisindən müəyyən güzəşt oluna bilər. Yəni marketlər şəbəkəsinə dövlət güzəştlər tətbiq etməklə onların kiçik və orta sahibkarların məhsullarını cəlb etməyə şərait yarada bilər. Qanunla mümkün olmayacaq ki, dövlət orqanı bu məsələ ilə bağlı market şəbkələrinə müdaxilə etsin. Çünki onlar özəl sektordur. Bu şəbəkələrdə kiçik və orta sahibkarlarla işləmək üçün maraq yarada bilər. Bu zaman onlar həmin sahibkarlarla əməkdaşlıq edə bilərlər”.
Qeyd edək ki, bir neçə gün öncə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Təchizat Zənciri Liderləri Zirvəsində deyib ki, Azərbaycanda kiçik sahibkarlar, xüsusilə böyük marketlərdə yer tapmağa çətinlik çəkirlər, bəzi hallarda isə ümumiyyətlə ora daxil ola bilmirlər. Azərbaycanda çalışan hər böyük sahibkar yerli kiçik şirkətlərə şans verməyə borcludur.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay