Banklara uzunmüddətli əmanət qoyuluşu artır - 2 əsas səbəb
Azərbaycan banklarına qoyulan uzunmüddətli depozitlərin həcmi bu ilin fevralın 1-nə qədər olan müddətdə 29 faiz artıb. Bu, o deməkdir ki, banklara əmanət qoyan zaman uzunmüddətli əmanət formasına üstünlük verənlərin sayı çoxalır. Bəs bankalara qoyulan uzunmüddətli əmanətlərin bu qədər artmasının səbəbləri nələrdir? Banka əmanət yerləşdirən şəxslər niyə məhz uzunmüddətli əmanət formalarını seçirlər?
“FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli Valyuta.az-a bildirib ki, banklara qoyulan uzunmüddətli əmanətlərin artmasının bir sıra səbəbləri olsa da, burada ən vacib iki faktor var. Birincisi odur ki, uzunmüddətli əmanətlər üzrə hesablanan faizlər bütün banklarda artan tendensiya ilə davam edir: “Yəni banklar uzunmüddətli əmanət faizlərini artırırlar və bu da insanları stimullaşdırır ki, əmanətlərini banklara daha uzun müddət üçün yerləşdirsinlər. Çünki, bu banklar üçün maraqlıdır. Banklar likvidlik prosesini idarə etmək üçün qısamüddətli cəlb etdikləri əmanəti qısa müddətə, uzun müddətli cəlb etdiklərini əmanəti uzun müddətə yerləşdirmək istəyirlər. Bunu ona görə edirlər ki, gələcəkdə likvidlik problemləri yaranmasın”.
Ekspert ikinci əsas faktorun vergi ilə bağlı olduğunu qeyd edib:
“2024-cü il yanvarın 1-dən 18 aydan çox müddətə yerləşdirilən əmanətlər üzrə əldə edilən faizlər gəlir vergisindən azad olunur. Bu, əmanətlərin uzunmüddətə yerləşdirilməsini stimullaşdıran əsas səbəblərdən biridir. Burada göstərilir ki, əmanətlər 18 aydan uzun müddətə qoyulursa və bu qədər müddət bankda saxlanılırsa, bu zaman həmin əmanətlər üzrə hesablanan faizlər gəlir vergisindən tam azaddır”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay