Pensiya yaşına çatıb işdən ayrılmaq istəməyənlər - Buna səbəb nələrdir?
Azərbaycanda pensiya yaşına çatan insanların bundan heç xoşhal olmadıqlarını müşahidə edirik. İnsanlar uzun müddət işlədikləri üçün anidən işsiz qalmaları, öyrəşdikləri iş mühitindən uzaqlaşmaları, pensiya yaşına çatmaları onlara pis təsir edir. Nə edəcəklərini bilmirlər. Hətta pensiya yaşına çatdıqda depresiyaya düşənlər də var. İşdən ayrılmaq istəmədiklərinə görə işləməyə davam edənlərə də rast gəlinir. Maraqlıdır, pensiya yaşına çatanlar niyə işdən ayrılmaq istəmirlər?
Psixologiya elmləri üzrə fəlsəfə doktoru Bahar Bəylərova Valyuta.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda insanların pensiya yaşına çatdıqları zaman işdən ayrılmaq istəməmələrinin və depresiyaya düşmələrinin səbəbləri var:
“Azərbaycanda insanlar pensiya yaşına çatandan sonra aldıqları məvacibin çoxunu dərmana, həkimlərə sərf etməli olurlar. Digər ölkələrdə isə görürük ki, pensiya yaşına çatanlar aldıqları pul ilə həyatlarını yaşayırlar. Ona görə də, onlar pensiya yaşına çatmağı bizim yaşlılarımız kimi pis hal kimi düşünmür, əksinə buna həvəsli olurlar.
Səyahət edirlər, müxtəlif məşğuliyyətlərlə məşğul olurlar. Bizim yaşlılarımız isə düşünür ki, bütün günü evdə oturacaq, ürəyi sıxılacaq, aktivliyini itirəcək”.
Bahar xanım deyir ki, insanların işdən qopa bilməmələrinin səbəbi təklikdən qorxmalarından irəli gəlir:
“Bəzi yaşlı insanlar var ki, fiziki olaraq gücü çatmasa belə işə getməyə davam edir. Pensiya yaşına çatsa da, işdən imtina edə bilməmələrinin səbəbi həyatlarını tamamilə ona bağlamalarından irəli gəlir. Çünki insanın özü ilə məşğuliyyəti olarsa, işə o qədər bağlı olmaz. Həmçinin bizim yaşlılarımızın təklik qorxusu var. Özü ilə xoşbəxt, rahat, barışıq olan insanlar heç vaxt təklikdən qorxmurlar. Əlbəttə, insan sosial varlıqdır, amma kim ki, özü ilə qalmaq istəmirsə, deməli, o təklikdən qorxur”.
Psixoloq bildirir ki, insanlar özlərindən çox başqalarını düşünürlər. Fədakarlıq hissinin yüksək olmasının yaratdığı problemlər pensiya yaşına çatdığınız dönəmdə özünü biruzə verə bilər:
“Məncə, Azərbaycan cəmiyyətində “yaşamaq nədir?” sualını çox az adam özünə verir. Pensiya yaşına çatan kimi ancaq problemləri düşünürlər, pullarını övladlarına verməyi planlayırlar. Çünki bizim cəmiyyətdə fədakarlıq hissi geniş yayılıb. Bizim insanlar özlərindən daha çox ailə üzvlərini, övladlarını düşünürlər. Bununla yaxşılıq etdiklərini və ya buna borclu olduqlarını düşünürlər. Əslində isə bu, çox problemlərə yol açır. Onlardan biri də pensiya yaşına çatdıqda yaranan depressiyadır”.
Bahar xanım onu da qeyd edir ki, pensiya yaşına çatmaq artıq cəmiyyət üçün yararsız olduğunuz mənasına gəlmir. Pensiya yaşında da görə biləcəyiniz işlər var:
“Məsələn, başqa ölkələrdə pensiya yaşına çatmış insanlar öz sahələri üçün artıq başqa cür əmək verirlər. Bunu dövlət tənzimləyir. Məsələn, imtahan suallarını pensiyada olan müəllimlər hazırlayır. Çünki onlar daha təcrübəlidir. Onların təcrübəsi gənclərə istiqamətlənir. Həmin insanlar da artıq özünü lazımsız, cəmiyyətə yararsız hiss etmirlər. Dövlət qurumları pensiya yaşına çatan şəxslərin psixoloji və fiziki durumunu nəzərə alaraq, öz peşələrinə yeni töhvə vermək istəyən yaşlılar üçün şərait yaradırlar. Bu Azərbaycanda da tənzimlənsə, yaxşı olardı”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay