
Ekspertdən hökumətə təklif: \"Bu, 800 minə yaxın vətəndaşın yükünü azalda bilər\"
“Təklif edirik ki, ərzaq məhsulları və dərman preparatları üzrə əlavə dəyər vergisi azaldılsın”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli 2024-cü ildə bir sıra vergi güzəştlərinin tətbiq ediləcəyilə bağlı məlumatları şərh edərkən deyib.
“Gələn il olması gözlənilən vergi güzəştlərinə bu daxil edilərsə, qiymətlərin tənzimlənməsində mühüm rolu olar və gözəl örnəyə çevrilə bilər. Kiçik sahibkarların, əsasən də VÖEN-lə çalışanların Sosial Müdafiə Fonduna ödənişləri də çox yüksəkdir. Bu ödənişlər minimum əmək haqqına bağlıdır ki, o artan kimi sosial ödənişlər də artır. Bu da son nəticədə kiçik sahibkar üçün əlavə yükə çevrilir. Yaxşı olar ki, bu formula aradan qaldırılsın. Onun baş verməsilə həmin sahədə çalışan 800 minə yaxın vətəndaşın yükü azala bilər.
Mənfəət vergisilə bağlı dəyişikliklərin olması da mühümdür. Onun baş verməsi də müsbət nəticələrə gətirib çıxarar. Ümumiyyətlə, vergi dərəcələrinin necə və hansı formada azaldılacağı vacibdir. Amma istiqamətlər əsasən ƏDV və VÖEN-lə çalışanların Sosial Müdafiə Fonduna ödənişlərin azaldılması istiqamətində olmalıdır”.
Qeyd edək ki, Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində 2024-cü ildə gəlirlər üzrə siyasətin əsas istiqamətləri üzrə həm sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, həm də sahibkarlıq fəaliyyətinin təşviq edilməsinin nəzərdə tutulduğu bildirilir.
Sənəddə qeyd edilir ki, fiziki şəxslərin gəlirlərinə düşən vergi yükünün azaldılması məqsədilə bəzi kateqoriyalı fiziki şəxslərə verilən güzəştlərin həcminin artırılması və bir sıra gəlirlərinin vergiyə cəlb olunan gəlir bazasına aid edilməməsi nəzərdə tutulub.
Eyni zamanda sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədi ilə, maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, ictimai və sosial məqsədlər üçün ödənilən vəsaitlər üzrə mənfəət vergisindən azad olan hissənin artırılması, bir sıra təsərrüfat sahələri üzrə mülkiyyət vergiləri üzrə əlavə güzəştlərin verilməsi nəzərdə tutulub.
Ramiz
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay