"Bu amillər ölkədə islam bankçılığına mane olur" - İqtisadçı
Bir sıra ölkələrdə çoxdan sələm almayaraq, yalnız gəlirdən pay götürən islam bankçılığı fəaliyyət göstərir. Hətta Rusiya kimi xristian ölkəsinin Tatarıstan, Başqırdıstan, Dağıstan və Çeçenistan kimi bölgələrində belə islam bankçılığı test rejimində tətbiq olunur. Azərbaycanda isə uzun müddətdir bu məsələ müzakirə edilsə də, hələ ki, ölkədə islam bankı fəaliyyət göstərmir?
Valyuta.az-a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərovun fikrincə, islam bankçılığının yaranmasına əngəl olan əsas maneə ölkədə bank sektorunun normal vəziyyətdə olmaması amilidir:
“Azərbaycanda 25 bank fəaliyyət göstərir. Onlardan bəziləri böyük beynəlxalq əlaqələrə malikdir, xarici maliyyə resurslarına çıxışları var. Amma ölkədə normal bank fəaliyyəti yoxdur. Banklar iqtisadiyyatın real sektorunu, yəni istehsal sahəsini maliyyələşdirməkdən çəkinirlər. Ona görə ki, real sektorda risk səviyyəsi yüksəkdir. Bu səbəbdən də banklar uzun müddətli kredit verməkdə maraqlı olmurlar.
Ölkə bankları daha çox istehlak kreditləri verməkdə maraqlıdır. İstehsal sahəsi yaramaq istəyənlər isə bu krediti ala bilmir. Bank onu verməkdən imtina edir, ya da elə bir prosedur ortaya qoyur ki, sahibkar kredit almaqdan vaz keçir.
İslam bankçılığında kredit faizsiz verilir. Bu tip banklar köçürdüyü vəsaiti hər hansı bir real sektora yatırıb, gəliri də oradan götürürlər. Azərbaycanda belə vəziyyətdə digər banklar real sektora vəsait yatırmaqdan imtina edirsə, islam bankçılığı da ölkədə inkişaf edə bilməz. Ölkədə bank sektorunun fəaliyyəti, bazar, kreditləşmə üzrə real vəziyyət bazar iqtisadiyyatının tələblərinə uyğun səviyyəyə çatmalıdır ki, islam bankçılığının yaranması üçün də əlverişli şərait yaransın”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay