"Kreditlərin 80 faizi Bakının payına düşür, bu da ondan xəbər verir ki..." - Deputat
“Kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan üçün prioritetdir. Ümumiyyətlə inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ümumidaxili məhsulun formalaşmasında, məşğulluqda və kiçik və orta sahibkarlığın xüsusi rolu var”.
Bu sözləri Valyuta.az-a Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda kiçik və orta sahibkarlığa təkan verəcək, onların böyüməsi üçün atılacaq addımlar haqqında danışarkən deyib.
Deputat deyir ki, Avropa İttifaqında ÜDM-in 64 faizi, məşğulluğun 62 faizi kiçik və orta sahibkarlığın payına düşür:
“Bu da ondan xəbər verir ki, kiçik və orta sahibkarlıq iqtisadi inkişaf və eləcə də sosial təminat məşğulluğu baxımından çox vacibdir. Bu eyni zamanda innovasiyalar, rəqabətin gücləndirilməsi kimi funksiyalara malikdir. Azərbaycanda da xüsusi ilə KOBİA fəaliyyətə başladıqdan sonra bu istiqamətdə işlərin daha sistemli şəkildə həyata keçirlməsi müşahidə olundu. Bununla belə, bir sıra istiqamətdə fəaliyyətlərin genişləndirlməsinə ehtiyac var”.
Vüqar Bayramov deyir ki, kiçik və orta sahibkarların kredit resurslarına çıxış imkanını artırmaq çox vacibdir:
“Nəzərə alsaq ki, xüsusi ilə son 4 ildə hiss edilən addımlar atılıb, amma yenə də bu sahibkarlar üçün kredit resurslarına çıxış vacibdir. Güzəştli kreditlərə çıxış imkanları son 4 ildə daha da genişləndirilib, amma bankların maliyyə resurs imkanlarına çıxış məhdud olaraq qalmaqdadır”.
Deputat qeyd edir ki, xüsusi ilə regionda fəaliyyət göstərən kiçik sahibkarların bu istiqamətdə çətinlikləri var:
“Bankların təklif etdiyi kreditlərin 80 faizi Bakı şəhərinin payına düşür. Bu da ondan xəbər verir ki, bölgələrdə fəaliyyət göstərən sahibkarlar kredit resurslarından daha az istifadə edirlər”.
Vüqar Bayramovun sözlərinə görə, burda digər mühüm məqam xüsusi ilə start-uplara dövlət dəstəyinin gücləndirilməsidir:
“Burda əvəzsiz vəsaitlərin verilməsi və bu istiqamətdə dövlət dəstəyinin genişləndirilməsi çox vacibdir. Kiçik və orta sahibkarlar üçün vergi güzəştlərinə baxılması, xüsusən də sadələşdirlmiş vergi dövriyyəsinin artırılması daha məqsədi uyğundur. Xeyli müddətdir ki, 200000 manatlıq vergi dövriyyəsi stabil olaraq qalır, amma iqtisadiyyat böyüyür. İstehlak bazarında infilyasiya var və dövriyyədə buna uyğun genişlənir. Ona görə də bütün bunları nəzərə alsaq, sadələşdirilmiş dövriyyəyə baxılıb artırılması vacibdir. Xüsusən orta sahibkarlar üçün differensial əlavə dəyər vergisinin tətbiqi də məqsədə uyğun olardı. Bu nəticədə onların xərclərinin azalmasına və bütünlükdə dövriyyələrinin genişləndirilməsi, daha çox sərmayə qoyuluşunun həyata keçirlməsinə imkan yarada bilər”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay