Azərbaycan taxıl ehtiyacını ödəyə biləcəkmi? - Ekspert
Azərbaycanda hazırda taxıl biçini həyata keçirilir. Rəsmi məlumatlara görə, payızlıq əkin sahələrinin 33 faizində biçin başa çatdırılıb. Belə ki, payızlıq arpa sahələrinin 60 faizində, buğda sahələrinin isə 16 faizində biçin bitib. Taxıl yığımı başlayandan sahələrdən 728 min 937 ton arpa, 366 min 037 ton buğda yığılıb. Onu da qeyd edək ki, bu il ölkədə 1 milyon 58 min 398 hektar ərazidə taxıl əkilib ki, onun da 40 faizi arpa, 60 faizi isə buğda sahəsidir.
Görəsən, bu ilki taxıl biçini ölkənin taxıla olan tələbatının neçə faizini təmin edəcək? Əvvəlki illərdə olduğu kimi, yenə əsas diqqət idxala yönələcəkmi? Əgər idxal olunacaqsa, həcmi nə qədər olacaq?
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Valyuta.az-a açıqlamasında bildirib ki, cari ildə ərzaq buğdasına olan tələbatın yarısını yerli istehsal hesabına təmin edə bilərik:
“Azərbaycanın taxıl tələbatı 2 milyon tondur. Bu günə qədər həmin tələbatın təxminən 700-800 min tonu ölkə daxilində istehsal edilib. İldə 1,2-1,3 milyon ton taxıl isə idxal olunur. Belədə görürük ki, tələbatın 40 faizi yerli istehsal hesabına təmin edilir, 60 faiz isə idxal olunur.
Keçən il məhsuldarlıq 27-28 sentner olub. Bu il üçün isə 30 sentner ola bilər. Digər tərəfdən, cari ildə işğaldan azad olunmuş ərazilərdə də taxıl istehsalı müəyyən qədər genişlənib. Bu yerlərdə 300-400 min hektarda əlavə taxıl əkilib. Belədə cari ildə yerli istehsal hesabına 900000-1000000 tona qədər taxıl istehsal edə bilərik. Yenə də tələbatın ən azı 50 faizini, 1 milyon ton taxılı idxal etməli olacağıq”.
Ekspert qeyd edir ki, xaricdən idxalı aradan qaldırmaq üçün Azərbaycanda ərzaq buğdasının məhsuldarlığını 40-50 sentnerə qədər artırmalıyıq.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay