9-cuların məktəbdən kənarlaşdırılması nəyə hesablanıb?
IX sinif buraxılış imtahanından sonra nəticələri zəif olan şagirdlərin kütləvi şəkildə məktəbdən kənarlaşdırılması ilə bağlı məlumat yayılıb. Bu haqda Təhsil Nazirliyi tərəfindən məktəb direktorlarına tapşırıq verildiyi bildirilir.
Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov söyləyib ki, bu il məktəblərdə 135 000 min şagird 9-cu sinfi bitirir:
"Neçə ildir ki, bir tendesiya var. Orta ümumtəhsil məktəblərində 9-cu sinfi bitirən şagirdələrə məktəb direktorları tədris qiymətləri zəif olduğuna görə 10-11-ci sinfə keçməyə problem yaradırlar. “Təhsil haqqında” Qanuna görə Azərbaycanda təhsil icbaridir. İcbari təhsil isə 9 illikdir. 10 və 11-ci sinfə getmək könüllüdür, istəsələr təhsillərini davam etdirə bilərlər. Ancaq bir neçə həftədir ki, buraxılış imtahanlarında zəif nəticə göstərən şagirdlərdən tələb olunur ki, sənədlərinizi götürün və məktəbdən çıxın. Bildirirlər ki, bununla bağlı Təhsil Nazirliyi tərəfindən tapşırıq verilib ki, nəticəsi zəif olan şagirdlər peşə təhsilinə yönləndirilsin".
Ekspert bildirib ki, ölkədə hər kəs ali təhsil almalıdır kimi bir qanun yoxdur:
"Peşə təhsilinin inkişafı istiqamətində xeyli işlər görülür. Amma insanların təhsil hüququ tapdalanmamalıdır. Bu hal Bakıda və bölgələrdə kütləvi şəkildə yaşanır. 11-ci sinif nəticələri gələcəkdə zəif olmasın deyə 9-cu sinfi indidən məktəbdən kənarlaşdırmaq nə dərəcədə doğrudur? Şagirdin zəif nəticəsi 9 il ona verilən tədrisin qarşılığıdır. Buna görə də şagirdləri məktəbdən kənarlaşdıran direktorların özü cəzalandırılmalıdır. Bu hal insanların təhsil almaq hüququnun qanunsuz şəkildə məhdudlaşdırılmasıdır".
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məsələ ilə bağlı Modern.az-a açıqlama verib. C. Valehov bildirib ki, heç bir məktəbdən 9-cu sinif şagirdi kənarlaşdırılmayıb:
"Bu məsələ ilə bağlı yayılan bütün məlumatlar yalandır. Şagirdin buraxılış imtahanında əldə etdiyi qiymət imkan verdiyi halda təmayül sinfində və ya yaşadığı rayonun digər məktəblərində yerdəyişmə yolu ilə təhsilini davam etdirmək hüququ var. Onların bu hüququ heç kim tərəfindən məhdudlaşdırıla bilməz”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay