Prezidentin fərmanı: Kimlərəsə bütün bunların olması sərf etmir... (ŞƏRH)
"Məhkəmə qərarları üzrə axtarış sistemi hələ də yoxdur”.
Valyuta.az xəbər verir ki, bunu vəkil Əkrəm Həsənov deyib.
O bildirib ki, məhkəmə qərarları üzrə axtarış sisteminin yaradılması olduqca vacibdir:
"Dünən cənab Prezidentin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 604 saylı Fərmanının 3 ili tamam oldu. Vətəndaşlarımız, cəmiyyətimiz, iqtisadiyyatımız üçün bu fərmanın əhəmiyyəti çox böyükdür. Bu və ya digər şəkildə fərmandakı göstərişlərin (ixtisaslaşmış məhkəmələrin yaradılması, hakimlərin maddi təminatı və s.) əksəriyyəti icra olunub. Lakin icrasız qalan tapşırıqlar da var. Onların ən əhəmiyyətlisi isə 7.5.2-ci bənddə Ədliyyə Nazirliyinə verilmiş bu tapşırıqdır: "Elektron məhkəmə” informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması məqsədilə tədbirlər görsün”.
Vəkil hesab edir ki, məhkəmə qərarları üzrə axtarış sisteminin yaradılmasının üç əsas səbəbi var:
1. Vahid məhkəmə təcrübəsinin formalaşması (Fərmanın tapşırılarından biri də bu idi). Konstitusiyamızın 25-ci maddəsinin I hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Bu, həmçinin o deməkdir, məhkəmələr analoji işlərə eyni cür baxmalıdır. Axtarış sistemi isə hər kəsə imkan verəcək ki, hər hansı sözü (maddəni, bəndi və s.) axtarışa verərək aidiyyəti məhkəmə təcrübəsini öyrənsin və hakimdən həmin təcrübəyə riayət etməyi tələb etsin. Hakim bunu etməsə belə, yekunda heç olmasa Ali Məhkəmə (və ya Konstitusiya Məhkəməsi) mübahisəli iş üzrə vahid yanaşmanı formalaşdırmaq məcburiyyətində qalacaq. Nəticədə məhkəmə qərarlarının qabaqcadan proqnozlaşdırılmasının səviyyəsi xeyli artacaq. Bu da həm vətəndaşların, həm də sahibkarların (şirkətlərin) əminlik hissini artıracaq və ölkədə biznes və investisiya mühiti yaxşılaşacaq. Təbii, məhkəmələrdə korrupsiya da ciddi şəkildə azalacaq. Çünki məhkəmələr dar çərçivəyə salınacaq, özbaşınalıq edə bilməyəcəklər.
2. Hakimlərin iş yükünün azaldılması. Hazırda məhkəmələrin işi çoxdur. Problemlərdən biri də işlərə qiymət verilməsi və məhkəmə qərararının hazılarnmasına vaxtın az omasıdır. Bu da təbii, hakimlərin işinin keyfiyyətini azaldır. Nəzərə alsaq ki, ölkəmizdə hüquq təhsili aşağı (heç normal dərsliklər yoxdur), hüquq elmi isə yox səviyyəsindədir (müdafiə edilmiş dissertasiyalar və elmi adlar, bir qayda olaraq, plagiat və ya mənasız söz yığınıdır), hakimlər əksər hallarda qərarlarını heç normal əsaslandıra da bilmirlər. Axtarış sistemi isə hakimlərə oxşar məhkəmə işlərini tapmağa və qərarlarını onların əsasında hazılrlamağa şərait yaradacaq. Bu da tədricən ölkədə hüquq elminin də inkişafına zəmin yaradacaq. Sonra təhsilin də vəziyyəti düzələcək.
3. Vəkillərin ixtisaslaşması. Hazırda vəkillərin çoxu müxtəlif (bəzən bir-birindən çox uzaq) işlərlə məşğul olur. Çünki ixtisaslaşma demək olar ki, yoxdur. Əsas səbəb də bütövlükdə hüquqşünasların, bir qayda olaraq, yalnız qanunları bilməsi ilə bağlıdır. Məhkəmə təcrübəsini bilən azdır. Əsasən də bu, artıq yaşlı hüquqşünaslardır. Çünki təcrübələri var”.
Əkrəm Həsənovun fikirincə, axtarış sistemi imkan verəcək ki, yaşından asılı olmayaraq, hər bir vəkil aidiyyəti məhkəmə təcrübəsini yaxşı öyrənə bilsin:
"Bu, xeyli vaxt tələb edəcək. Nəticədə vəkillər arasında ixtisaslaşma güclənəcək. Hərəsi yalnız uzağı bir neçə sahə üzrə məhkəmə təcrübəsini yaxşı biləcək (özü də enerjisi çox olan gənclər daha şanslı olacaq!). Tədricən cəmiyyət də bunu biləcək. Hər "xəstəliyin” (hüquqi problemin) öz "həkimi” (vəkili) olacaq. Bu da həm hüquqi xidmətlərin keyfiyyətini artıracaq, həm də vəkillərin işinin nisbətən daha obyektiv qiymətləndirilməsinə və mükafatlandırılmasına xidmət edəcək.
Bu gün isə təəssüf ki, bütün bunlar yoxdur. Niyə? Ona görə ki, Fərman hələ də icra olunmayıb. Deməli, kimlərəsə bütün bunların olması sərf etmir və onlar dövlət başçısının siyasətinin əksinə gedirlər. Nəticədə məhkəmə-hüquq islahatları hazırda durğunluq dövrünü yaşayır. Bəzi məsələlərdə isə, əksinə, geriləmə var. Görünən odur ki, islahatları dirçəltmək üçün köklü kadr dəyişiklikləri də olmalıdır. Digər sahələrdə olduğu kimi...”
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay