"Zubrları təbiətimizə qaytaraq!" ekoloji yay düşərgəsi keçirildi (FOTO)
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Azərbaycanda zubrların reintroduksiyası” proqramı üzrə "Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsi İsmayıllı rayonunda keçirilib.
IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən düşərgəyə Qəbələ və İsmayıllı rayonlarından ümumilikdə 30 məktəbli qoşulub.
“Zubrları təbiətimizə qaytaraq!” yay düşərgəsinin əsas məqsədi təbiətimizə qaytarılması nəzərdə tutulan zubrların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, ətraf mühitin qorunması sahəsində onlarda xüsusi bilik və bacarıqların, təbiətə qayğıkeş və məsuliyyətli münasibətin formalaşdırılmasıdır.
Düşərgənin ilk günündə gənclər zubrların həyat tərzi, ölkəmizdə məskunlaşma tarixi, yayıldığı ərazilər və təbiətdəki rolu, bu nadir canlı növünün təbiətimizə qaytarılması üzrə görülən işlər haqda təqdimatlarda iştirak edib, zubrların populyasiyasının məhvinə səbəb olan amillərlə bağlı təlimlərə, o cümlədən müxtəlif ekoloji müsabiqələrə, biomüxtəlifliklə bağlı əyləncəli bilik yarışmalarına qoşulublar.
Düşərgənin ikinci günündə iştirakçıların Şahdağ Milli Parkına ekskursiyası təşkil olunub. Burada məktəblilər Milli Parkın zəngin bioloji müxtəlifliyi ilə tanış olub, zubların yaşadıqları ərazilərlərə baxış keçirib. Məktəblilərə ölkəmizə gətirilərək uğurlu adaptasiya dövrü keçmiş zubrlar, layihənin icra mərhələləri və uğurları haqda məlumatlar verilib. Düşərgə müddətində məktəblilərə komandalararası ekoloji oyunlar, fauna növlərimizin ayaq izləri əsasında təyin edilməsi üzrə çalışmalar, düzgün sığınacaq yerlərinin təşkili və təbiət ərazilərində təhlükəsizlik qaydaları izah edilib. Sonda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, Avropa zubrlarının Azərbaycan təbiətinə reintroduksiyası ilə bağlı proqram çəçivəsində IDEA İctimai Birliyi öz layihə tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi ilə birgə geniş mühafizə və maarifləndirmə tədbirləri keçirir. 2012-ci ilin sonlarından etibarən zubrların ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində intensiv işlər aparılır. Belə ki, 2015-ci ildə Şahdağ Milli Parkının İsmayıllı rayonunun inzibati ərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılmış, orada onların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilmişdir. Reintroduksiya layihəsi çərçivəsində 2019-2024-cü illər ərzində ölkəmizə Fransa, Belçika və Almaniya zooparklarından 46 baş zubr gətirilmiş və sayında artım müşahidə olunaraq sayı 61 başa çatmışdır. Zubr balalarının 10-u erkək və 5 dişi fərd olmaqla ümumi sayı 15-ə çataraq təbiətə tam adaptasiya olunmuşdur.
IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə İsmayıllı, Salyan, Neftçala, Qəbələ, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik, Lənkəran rayonlarından ümumilikdə 500-dən çox məktəbli iştirak etmişdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay