Qazaxıstanla Çin arasında investisiya portfeli 60 milyard dolları ötüb
Ötən il Qazaxıstan və Çin arasında ticarət dövriyyəsinin həcmi 44 milyard ABŞ dollarına yaxınlaşıb.
Qazaxıstanın Baş naziri Oljas Bektenov bu gün Çinin yeni səfiri Han Çunlinlə görüşüb.
"Ticari-iqtisadi əməkdaşlıq, investisiya, aqrar-sənaye kompleksi, nəqliyyat və logistika, energetika, mədəni-humanitar, turizm sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsinə dair məsələlər müzakirə edilib. Qeyd olunub ki, 2024-cü ilin yekunu üzrə ikitərəfli ticarət dövriyyəsi 9 % artaraq 43,8 milyard ABŞ dolları təşkil edib", - məlumatda bildirilib.
Tərəflər həmçinin birgə investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı məsələləri nəzərdən keçiriblər.
Məlumatda qeyd olunur ki, Çin Qazaxıstanın 5 əsas investoru sırasında yer alır. Bu günə qədər Qazaxıstanla Çin arasında 8,7 milyard ABŞ dolları dəyərində 62 layihə həyata keçirilib və 11 min iş yeri yaradılıb, 13,5 milyard ABŞ dolları dəyərində 55 layihə isə icra mərhələsindədir və bu layihələr çərçivəsində 17,4 min iş yeri yaradılacaq. Bütövlükdə ümumi portfel dəyəri 60,5 milyard ABŞ dollarından çox olan 222 investisiya layihəsini əhatə edir.
"Görüş zamanı tərəflər tranzit-nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Qeyd olunub ki, 2024-cü ilin 11 ayı ərzində Qazaxıstan və Çin arasında yükdaşımaların həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13 % artaraq 29,3 milyon ton təşkil edib. Yükdaşımaların həcminin daha da artırılması üçün Qazaxıstan-Çin sərhədində yeni buraxılış məntəqələrinin yaradılması və mövcud məntəqələrin modernləşdirilməsi, habelə sərhədyanı gəmiçiliyin inkişafı üzrə birgə tədbirlərin görülməsinin vacibliyi qeyd edilib", - məlumatda vurğulanıb.
Görüşün sonunda tərəflər qarşılıqlı fəaliyyətin bütün əsas istiqamətləri üzrə tərəfdaşlığı gücləndirmək niyyətlərini təsdiqləyiblər.
©report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay