ALROSA almaz layihəsindəki payını Oman dövlət fonduna satdı
Omanın "Maaden International Investment LLC" adlı törəmə şirkəti Rusiyanın ALROSA şirkətinin Anqoladakı "Katoka" almaz hasilatı layihəsindəki payını satın alıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" Anqolanın mineral resurslar, neft və qaz naziri Diamantino Pedru Azevedunun açıqlamasına istinadən yazıb.
ALROSA "Katoka"nın 41%-lik payına sahib idi və layihəni Anqolanın dövlət şirkəti "Endiama" ilə birgə təsis etmişdi.
Nazir qeyd edib ki, ALROSA beynəlxalq sanksiyalar səbəbindən layihədə iştirakını dayandırıb. Onun sözlərinə görə, bu məhdudiyyətlər Anqolanın beynəlxalq almaz bazarındakı etibarına mənfi təsir edib. ALROSA nümayəndələri "Bloomberg"in bu məsələ ilə bağlı şərh sorğusuna cavab verməkdən imtina ediblər.
Diamantino Pedru Azevedu əvvəlki çıxışlarında ALROSA-nın Rusiyanın nəzarətində olan bir qurum kimi qlobal siyasi kontekst səbəbindən toksik tərəfdaşa çevrildiyini bildirmişdi. Yakutiyanın rəhbəri Aisen Nikolaev (region ALROSA səhmlərinin 66%-nə sahibdir) sentyabr ayında şirkətin Anqola layihələrinin gələcəyini müzakirə etdiyini və potensial investorlarla danışıqlar apardığını bildirib.
ALROSA-nın cari ilin ilk doqquz ayı üzrə Rusiya Mühasibat Uçotu Standartlarına (RSBU) əsasən xalis mənfəəti üç dəfəyə yaxın azalaraq 28,3 milyard rubl təşkil edib. Şirkətin satışların maya dəyəri 14% azalaraq 112,4 milyard rubla düşüb. 2024-cü ilin nəticələrinə görə, "Rapaport"un proqnozlarına əsasən, tədarük həcmi 17% azalaraq 3,19 milyard dollara qədər enə bilər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay