Meksikadan Trampa xəbərdarlıq: "ABŞ-da 400 000 iş yeri bağlanacaq!"
Meksika prezidenti Klaudiya Şeinbaum çərşənbə günü bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 25%-lik ümumi tarif tətbiq etmək planını həyata keçirsə, Meksika bunun qarşılığında cavab tədbirləri görəcək.
"Əgər tariflər tətbiq olunarsa, Meksika da tarifləri artıracaq. Bu, texniki bir addım olaraq Meksika üçün də faydalı ola bilər," deyə Şeinbaum vurğulayıb.
Tramp isə tariflərin narkotiklərin, xüsusilə fentanilin, və miqrantların ABŞ-a axını tam nəzarət altına alınana qədər qüvvədə qalacağını bildirib, Valyuta.Az "Reuters"ə istinadən xəbər verir.
Meksika xəbərdarlıq edib ki, belə tariflər ABŞ-da 400,000 iş yerinin bağlanmasına səbəb ola bilər və istehlakçılar üçün qiymət artımı ilə nəticələnəcək.
Trampın təklif etdiyi tarif 2020-ci ildə ABŞ, Meksika və Kanada arasında imzalanmış ticarət müqaviləsinin şərtlərini poza bilər. Bu müqavilə üç ölkə arasında gömrük rüsumlarından azad ticarəti davam etdirmişdi.
Şeinbaum isə müqavilənin qüvvədə qalacağına əmin olduğunu bildirib.
Meksikanın iqtisadiyyat naziri Marselo Ebrard Şeinbaum ilə birgə çıxışında qeyd edib ki, tariflərin artırılması "Ford", "General Motors" və "Stellantis" kimi avtomobil sektorunun əsas sərhədyanı ixracatçılarına ciddi zərbə vuracaq.
Ebrard əlavə edib ki, ABŞ-da satılan pikap avtomobillərinin təxminən 90%-i Meksikada istehsal olunur və bu tariflərin təsiri nəticəsində qiymət artımı ilə üzləşəcək.
Bu nəqliyyat vasitələri, əsasən, Trampa böyük dəstək göstərən kənd bölgələrində populyardır.
Çərşənbə günü Şeinbaum və Tramp arasında telefon danışığı baş tutub. Danışıq zamanı Trampın əsas gündəm mövzuları müzakirə edilib.
Tramp "Truth Social" platformasında bildirib ki, Şeinbaum "Meksika vasitəsilə ABŞ-a miqrasiyanın qarşısını almağa razılaşıb və cənub sərhədimizi effektiv şəkildə bağlayıb." O, danışığı "çox məhsuldar" adlandırıb.
Şeinbaum isə "X" platformasında açıqlama verərək, telefon danışığında Meksikanın miqrasiya strategiyasını təqdim etdiyini bildirib. O, "Meksikanın mövqeyi sərhədləri bağlamaq deyil, hökumətlər və xalqlar arasında körpülər qurmaqdır," deyə əlavə edib.
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay