ABŞ-dan "Gazprombank"a qarşı yeni sanksiyalar
ABŞ hökuməti Rusiyanın beynəlxalq maliyyə sistemindən istifadə etməsinin qarşısını almaq məqsədilə “Gazprombank”a qarşı sanksiyalar tətbiq edib.
Valyuta.Az "NTV"ə istinadən verdiyi məlumata əsasən, ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, bu addım, Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirmək üçün beynəlxalq maliyyə sistemindən istifadə etməsinin qarşısını almaq məqsədilə G7 liderlərinin öhdəliklərinin icrası çərçivəsində atılıb.
Açıqlamada, 6 xarici törəmə şirkətlə birlikdə “Gazprombank”a qarşı sanksiyalar tətbiq edildiyi vurğulanıb. Həmçinin bankın, Rusiyanın Ukraynaya qarşı müharibədə hərbi təchizatı almasına imkan yaradan bir kanal olduğu qeyd edilib.
Bundan əlavə, Avstraliya, Kanada, Yeni Zelandiya və Böyük Britaniyanın da daha əvvəl “Gazprombank”a qarşı sanksiyalar tətbiq etdiyi bildirilib. Açıqlamada qeyd olunur: “Rusiya hökuməti ‘Gazprombank’ı həm müharibə bonusları daxil olmaqla əsgərlərə ödənişlər etmək, həm də Ukraynaya qarşı aparılan amansız müharibədə ölən rus əsgərlərinin ailələrinə təzminat ödəmək üçün istifadə edir.”
Açıqlamaya əsasən, “Gazprombank”la yanaşı, 50-dən çox beynəlxalq əlaqəli rus bankı, 40-dan artıq rus qiymətli kağız qeydiyyat qurumu və 15 rus maliyyə rəsmisi də sanksiya siyahısına əlavə edilib.
ABŞ Maliyyə Nazirliyi xəbərdarlıq edib ki, sanksiya tətbiq edilmiş banklarla müxbir münasibətlərini davam etdirən xarici maliyyə qurumları da eyni addımları davam etdikləri halda sanksiya riski ilə üzləşə bilər.
ABŞ Maliyyə Naziri Canet Yellen (Janet Yellen) bildirib ki, bu sanksiyalar Rusiyanın “müharibə maşınını” daha da zəiflədəcək. Yellen vurğulayıb: “Biz Rusiyanın Ukraynada apardığı qanunsuz və əsassız müharibəni dəstəkləmək üçün istifadə etdiyi bütün maliyyə kanallarına qarşı qətiyyətli addımlar atmağa davam edəcəyik.”
“Gazprombank”: ABŞ sanksiyaları fəaliyyətlərimizə təsir etməyəcək
Rus “Gazprombank”, ABŞ-ın yeni sanksiyalarına baxmayaraq, bankın fəaliyyətlərinin təsirlənməyəcəyini bəyan edib.
Bankın açıqlamasında ABŞ hökumətinin Rusiyanın beynəlxalq maliyyə sistemindən istifadəsini məhdudlaşdırmaq məqsədilə bankı sanksiya siyahısına daxil etməsinin qiymətləndirildiyi bildirilib.
Açıqlamada, bankın bütün sistemlərinin və filiallarının normal fəaliyyət göstərməyə davam etdiyi vurğulanıb: “ABŞ Maliyyə Nazirliyinin açıqlamasında ‘Gazprombank’ın adının çəkilməsi bankın fəaliyyətinə təsir etməyəcək.”
Həmçinin, rubl və xarici valyuta əməliyyatlarında heç bir problemin olmadığı, “bankımıza aid bütün kartların, o cümlədən xarici ödəniş sistemlərinə məxsus kartların Rusiya daxilində pərakəndə satış və xidmət məntəqələrində, eləcə də bankomatlarda istifadəsinin davam etdiyi” qeyd olunub.
Xatırladaq ki, Rusiyanın enerji şirkəti “Qazprom”un ortaqları arasında yer alan “Gazprombank”, Rusiyanın Avropaya təbii qaz ixracatında ödənişlər üçün istifadə edilirdi. ABŞ hökuməti bu səbəblə bankı əvvəllər sanksiyalardan azad etmişdi.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay