"Commerzbank"a ilk dəfə qadın rəhbərlik edəcək - "UniCredit"ə qarşı plan
Almaniya "Commerzbank"ın Müşahidə Şurası hazırda Almaniyanın ikinci ən böyük bankının baş maliyyə direktoru olan Bettina Orloppu yeni baş direktor təyin edib. Orlopp hazırkı səlahiyyət müddətinin sonunda Martin Knoffun yerinə keçəcək.
Valyuta.az xəbər verir ki, "Bloomberg" mənbələrinə görə, bu, yaxın günlərdə və ya həftələrdə baş verə bilər.
"Commerzbank" tarixində ilk dəfə olaraq banka qadın rəhbərlik edəcək. 2014-cü ildə "Commerzbank"a qoşulmazdan əvvəl Bettina Orlopp 19 il "McKinsey"də çalışıb. 2017-ci ildən "Commerzbank"ın Direktorlar Şurasının üzvüdür. O, uzun müddətdir ki, Martin Knoffun üstünlük verdiyi varisi kimi görünürdü və onun maliyyə direktoru kimi fəaliyyəti həm həmkarları, həm də investorlar tərəfindən yüksək qiymətləndirilib. "Commerzbank"ın müşahidə şurası bildirib ki, onlar həm bankın işçiləri arasında, həm də üçüncü tərəf strukturlarında varis axtarırlar, lakin nəticədə Bettina Orlopp yekdilliklə seçilib.
Müşahidəçilərin fikrincə, yeni CEO-nun ilk vəzifələrindən biri "UniCredit"in (İtaliya) mümkün ələ keçirmə cəhdinə qarşı çıxmaq olacaq. Sentyabrın əvvəlində "UniCredit" "Commerzbank"ın 9%-ni satın alaraq, alman bankının Almaniya hökumətindən sonra ikinci ən böyük səhmdarına çevrilib. Eyni zamanda, İtaliya bankı öz payını artırmaqda maraqlı olduğunu açıq şəkildə bildirib. Müşahidəçilər "UniCredit"in "Commerzbank"ı ələ keçirməyə hazırlaşdığını düşünməyə başlayıb. İki gün əvvəl "UniCredit" öz payını 9%-dən 21%-ə yüksəltdiyini açıqlamışdı.
Bununla belə, bu əməliyyat hələ də müvafiq tənzimləyicilərdən icazə almalıdır. Məlumdur ki, "UniCredit" öz payını 29,9%-ə çatdırmaq üçün artıq ərizə verib. Almaniya hökuməti 12% paya malikdir, onu azaltmaq niyyətində deyil və "Commerzbank"ın "UniCredit" tərəfindən alınmasına qarşıdır. Almaniya kansleri Olaf ŞolTS "UniCredit"in hərəkətlərini "qəbuledilməz" və "düşmən hücumu" adlandırıb. Almaniya hökuməti "bankın strategiyasının müstəqilliyə yönəldiyini" vurğulayıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay