Türkiyə Azərbaycan və İran vasitəsilə 2 milyard kubmetr türkmən qazı alacaq
Ankara Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə vermək məqsədilə təbii qaz idxalının artırılması üzrə addımları davam etdirir. Bu baxımdan biz türkmən qazının Türkiyəyə tədarükünə başlamağı və sonradan Avropaya ixracını vacib hesab edirik.
Valyuta.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Nazir xatırladıb ki, Türkmənistanla enerji əməkdaşlığı mövzusu artıq uzun müddətdir Ankaranın gündəmindədir.
“Addım-addım Türkmənistanla enerji əməkdaşlığını həyata keçirməyi planlaşdırırıq. İlk mərhələdə qonşu İran və Azərbaycanla türkmən qazının svop tədarükü üzrə razılığın əldə edilməsi mümkündür”, - deyə Türkiyənin energetika və təbii sərvətlər naziri qeyd edib.
Bayraktar bildirib ki, Türkmənistan qazının tədarükü ilə bağlı Ankara ilə Bakı arasında artıq ümumi razılıq əldə olunub. “Biz ilkin olaraq Azərbaycan və İran vasitəsilə 2 milyard kubmetrə qədər türkmən qazı alacağımızı proqnozlaşdırırıq”, - deyə energetika və təbii sərvətlər naziri dəqiqləşdirib və Türkiyənin boru kəmərləri şəbəkələri ilə qonşu ölkələrdən qazın nəqli imkanının genişləndirilə biləcəyini qeyd edib.
“Bu yolda ciddi texniki maneələr yoxdur və proses böyük investisiyalar tələb etmir. Əsas olan siyasi iradənin mövcud olmasıdır. Türkmənistan qazı üzrə Azərbaycanla əməkdaşlıq məsələsində heç bir problem yoxdur. Ümid edirəm ki, İran da konstruktiv mövqe nümayiş etdirəcək. Türkmənistan qazının Türkiyəyə tədarükünün başlanması yaxın aylarda və ya gələn il mümkündür”, - deyə türkiyəli nazir bildirib.
Bayraktar əlavə edib ki, növbəti addım Türkmənistandan boru kəmərinin çəkilməsi və onu müşayiət edən kompressor stansiyalarının tikintisi ola bilər ki, bu da Aİ-nin enerji təhlükəsizliyinə mühüm töhfə olacaq.
Türkiyənin energetika və təbii sərvətlər naziri həmçinin yaxın zamanda dost Türkmənistana da səfər etməyi planlaşdırdığını açıqlayıb.
© Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay