Ötən il 148 milyard kubmetr səmt qazı məşəldə yandırılıb – Dünya Bankı
2023-cü ildə dünyada neft hasil edilən yataqlardan çıxan 148 milyard kubmetr səmt neft qazı (APG) yandırılıb.
Musavat.com Dünya Bankının hesabatına istinadən xəbər verir ki, bu, son 5 ilin ən yüksək göstəricisidir.
Ümumilikdə, il ərzində yanan qazın həcmi 9 milyard kubmetr və ya 7 faiz artıb: 2022-ci ildə 139 milyard kubmetr səmt qazı yandırılmışdı.
Bankın məlumatına görə, səmt qazının məşəldə yandırılması üzrə liderlər Rusiya, İran, İraq, ABŞ, Venesuela, Əlcəzair, Liviya, Nigeriya və Meksikadır. Ötən il dünyada yandırılan səmt qazının 75 faizi bu ölkələrin payına düşdüyü halda, neft hasilatında onların payı cəmi 46 faiz təşkil edib. Üstəlik, yanma intensivliyi Rusiya, İran, İraq, ABŞ və Liviyada artıbsa, Nigeriyada demək olar ki, eyni qalıb, Venesuela, Əlcəzair və Meksikada isə azalıb.
Siyahıda birinci yerdə olan Rusiyada neft hasilatının 2 faiz azalmasına baxmayaraq, bütün neft hasil edən regionlarda məşəldə yandırma dərəcələri artıb. Nəticədə həcmlər 2,9 milyard kubmetr – illik 11 faiz artıb. Müəlliflər bu cür göstəriciləri digər məsələlərlə yanaşı, mövcud geosiyasi vəziyyətlə əlaqədar avadanlıqların məhdud olması səbəbindən neft-qaz obyektlərinin vəziyyətinin mümkün pisləşməsi ilə əlaqələndirirlər.
İranda APG-nin məşəldə yandırma həcmi 3,2 milyard kubmetr – 19 faiz artıb. Bu, neft hasilatının 10 faiz artması və müvafiq qaz infrastrukturuna sərmayənin olmaması ilə əlaqədardır.
2023-cü ildə qlobal neft hasilatı 2022-ci ildəki sutkada 80,4 milyon bareldən cəmi 1 faiz artaraq 81,6 milyon barelə yüksəlib, qlobal məşəldə yandırma intensivliyi (hasil edilən neftin hər barreli üçün məşəldə yandırılan qazın həcmi) isə 5 faiz artıb. 2024-cü ilin aprelinə olan qaz qiymətləri ilə, 2023-cü ildə məşəldə “itirilən” qazın ümumi həcminin potensial bazar dəyəri 9-48 milyard dollar arasındadır.
Səmt qazın məşəldə yandırılmasının tam dayandırılması hər il ən azı 381 milyon ton karbon qazı ekvivalentinin atmosferə daxil olmasının qarşısını ala bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay