“Toyota”nın bazar dəyəri 18,5 milyard dollar azaldı
Yaponiyanın ən böyük avtomobil istehsalçısı “Toyota Motor”un bazar kapitallaşması avtomobillərin təhlükəsizliyi və istismarına dair məlumatların saxtalaşdırılması ilə bağlı qalmaqala görə həftə ərzində 2,9 trilyon yen (18,5 milyard dollar) azalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Məlumata görə, bu, şirkətin ümumi kapitallaşmasının təxminən 5 faizini təşkil edir. Tokio Fond Birjasında “Toyota Motor” səhmlərinin ucuzlaşması iyunun 4-də saxtalaşdırma halları məlum olduqdan sonra demək olar ki, bütün ticarət günlərində davam edib.
Ekspertlər və analitiklər qeyd edirlər ki, bazardakı bu vəziyyət investorların təkcə qalmaqalla bağlı deyil, həm də korporasiyada mümkün idarəetmə problemləri ilə bağlı narahatlıqları səbəb ola bilər.
“Toyota” şirkəti hazırda istehsal olunan üç model üçün piyadaların vurulmasından qorunma sınaqları zamanı əldə edilən məlumatların saxtalaşdırılmasını müəyyən edib. Söhbət “Corolla Axio”, “Corolla Fielder” və “Yaris Cross” modellərindən gedir. Onların istehsalı qeyri-müəyyən müddətə dayandırılıb. Bu modellərin illik istehsal həcmi təxminən 130 min ədəd təşkil edir ki, bu da konsernin ümumi istehsal göstəricilərinin bir faizindən bir qədər çoxdur.
Qeyd edək ki, “Toyota” 2023-cü maliyyə ilində (2023-cü il aprel - 2024-cü il mart) əməliyyat mənfəəti 5 trilyon yeni (34,4 milyard dollar) keçən Yaponiyada ilk şirkət olub. Onun dünya üzrə satışları 10,3 milyon avtomobil təşkil edib ki, bu da korporasiyanın bütün tarixi üçün rekorda çevrilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay