“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb
ABŞ-nin “SpaceX” kompaniyası Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya, Marsa və Yerətrafı orbitə uçuşlar sifariş etmək üçün müraciətlərin qəbuluna başlayıb. Müraciətlər kompaniyanın saytında qəbul olunur.
Valyuta.az xəbər verir ki, uçuşlar iki kosmik gəmi “Dragon” və “Starship” vasitəsi ilə həyata keçiriləcək. “Dragon” kapsulu Yerətrafı orbitə yeddi sərnişini çıxarmaq üçün nəzərdə tutulub. Kompaniyanın ən uğurlu layihələrindən biri hesab olunan “Dragon” ümumilikdə 46 dəfə fəzaya buraxılıb və 42 dəfə Beynəlxalq Kosmik Stansiyaya uçub.
Təkrar istifadə edilə bilən “Starship” isə çox sayda sərnişini və yükü Yerətrafı orbitə, Aya və Marsa göndərmək üçün nəzərdə tutulur. Kosmik gəmi hazırda sınaq mərhələsindədir və kosmosa cəmi üç uçuş həyata keçirib.
“SpaceX” kompaniyasının məlumatına görə, uçuş proqramının ilk təyinat nöqtəsi 2024-cü ilin sonuna planlaşdırılan Yerətrafı orbit olmalıdır. İki nəfərdən dörd nəfərədək sərnişinlə üç, yaxud altı gün davam edəcək səyahət Yerdən 290-480 kilometr məsafədə baş tutacaq. Növbəti planlaşdırılan missiya 2025-ci ildə BKS-yə olacaq. On günlük səfər dörd sərnişinlə həyata keçiriləcək.
Aya missiyanın vaxtı isə hələ müəyyən edilməyib. Səfərin 12 turistlə 7 gün davam edəcəyi və səyahətin təxminən 385 min kilometr məsafəyə uzanacağı gözlənilir. Marsa kommersiya uçuşları haqqında məhdud məlumat olsa da, səyahətin sifarişi üçün konkret tarix yoxdur. Baş tutacağı təqdirdə sərnişinləri orta hesabla 225 milyon kilometrlik səyahət gözləyir.
Kosmik turların qiyməti hələ ki, məlum deyil, lakin “SpaceX” 2022-ci ilin aprelində “Falcon 9” raketi ilə “Crew Dragon Endeavour” kapsulunda BKS-yə səfərlər üçün bir biletin qiymətini 55 milyon dollar müəyyən etmişdi.
© Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay