Artan Çin istehsalı dünyada ucuzlaşmaya səbəb olacaq? (ŞƏRH)
"The Wall Street Journal”nın (WSJ) yazdığına görə, Çin növbəti dəfə xarici bazarları ucuz mallar ilə doldurmağa başlayıb və dünyanı ikinci dəfə “Çin şoku” gözləyir".
Qəzet qeyd edib ki, 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində ABŞ və qlobal iqtisadiyyat “Çin şokunu” yaşayıb - ucuz Çin istehsalı malların idxalında "bum" inflyasiyanın aşağı səviyyədə saxlanmasına kömək edib. Vəziyyət Çinin ixracını ikiqat artırmaq planları fonunda təkrarlana bilər.
Qeyd olunub ki, Çinin zavod və fabrikləri daxili iqtisadiyyatın qəbul edə biləcəyindən daha çox avtomobil, məişət texnikası və məişət elektronikası istehsal edir. Ucuz dövlət kreditlərinə arxalanan Çin şirkətləri xarici bazarları daxildə sata bilmədikləri məhsullarla "doyurur".
Bu gün həqiqətənmi Çin ucuz məhsulları ilə dünya bazarında liderlik edir? Çinin istehsal etdiyi məhsullar fonunda qiymətlər ucuzlaşa bilərmi?
Valyuta.az bu sualları iqtisadçı Xalid Kərimli ilə müzakirə edib.
Xalid Kərimli bildirib ki, Çin son dövrlər kifayət qədər əlverişli qiymətə müasir avtomobillər, smartfonlar istehsal edir. Bu da qiymətlərə təsir edir:
"Məsələn, eyni parametrli avtomobili Amerika və Avropa iki və daha artıq baha qiymətə satır. Çin varlanır. Çində hazırda əməkhaqqı xərclərinin artımı baş verir".
Ekspert deyir ki, Çinin ən böyük üstünlüyü ucuz və keyfiyyətli məhsullar istehsal etməyə başlaması oldu:
"İndi isə keyfiyyəti artırdıqca qiymətlərin də bahalaşması gedir. Bahalaşmada isə digər məqam Çinin uğur qazanmasını ABŞ-ın həzm etməməsidir. Çinə ixrac rüsumları tətbiq edilməyə, sıxışdırılmasına başlanıldı. Hazırkı Çin iqtisadiyyatı dünya iqtisadiyyatının 25 faizini təşkil edir. Çin iqtisadiyyatı dünyada formalaşmış ucuz qiymətləri təmin edir. Azərbaycanın da idxal etdiyi məhsulların 17 faizini Çindən gələn məhsullar tutur. Çin bizdən uzaq olsa da, məhsulları ucuz olduğuna görə onları okean, dəniz üzərindən idxal edirik. Çin daxili bazarda, dünyada indiki qiymət səviyyəsinin müəyyənləşməsində mühüm rol oynayır. Amma bu qiymətlərin daha da ucuzlaşacağını düşünmürəm. Çünki Çində texnologiyanın inkişafı, işçilik qiymətlərinin artması, dövlətlərin bir-birini sıxışdırması, sanksiyalar, ticari baryerlər qoyması çərçivəsində güman etmirəm ki, Çin ciddi şəkildə qiymətləri aşağı darta biləcək. Eyni zamanda Çin artıq getdikcə yüksək texnologiyalı avtomobilı sənayesində, smartfonlar sahəsində dünyada lider mövqeyə keçir. Hətta ilk dəfə olaraq dünyada avtobil satışına görə lider ölkələri qabaqlayaraq birinci oldu. Yəni, bu faktorlar olsa da Çinin özündə də qiymət artması prosesi müşahidə olunur. Çində həyat səviyyəsi qalxdıqca insanlar daha çox maaş tələb edir. Bununla da istehsal edilən məhsulun maya dəyərinin artması prosesi baş verir”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay