Bali 10 dollarlıq turist vergisi tətbiq etdi
İndoneziya hakimiyyəti çərşənbə günündən etibarən Baliyə gələn xarici turistlər üçün 150,000 İndoneziya rupisi (təxminən 10 dollar) rüsum tətbiq edib.
Valyuta.az xəbər verir ki, oxşar tələblər Bali ilə qonşu olan Nusa Penida, Nusa Lembongan və Nusa Ceningan kiçik adalarına səyahət üçün də tətbiq olunur.
İndoneziyanın digər bölgələrindən daxili reyslər və ya bərə ilə gələn turistlər də vergi ödəməlidirlər. Ödəniş uşaqlar da daxil olmaqla, səyahət edənlərin bütün yaş kateqoriyalarına aiddir.
Bir neçə viza kateqoriyası üçün vergi istisna edilir. Onların arasında diplomatik, rəsmi nümayəndə heyətlərinin üzvləri, ekipaj üzvləri, müvəqqəti və ya daimi yaşayış icazəsi olanlar var. Bundan əlavə, ailə birləşməsi, qızıl, tələbə və iş vizaları ilə Baliyə daxil olanlar üçün ödəniş tələb olunmur. Üstəlik, Baliyə səyahət etməzdən əvvəl, sadalanan insanların bütün kateqoriyaları əvvəlcədən vergidən azad olmaq üçün onlayn ərizə təqdim etməlidirlər.
Həmçinin İndoneziya vətəndaşları və İndoneziya ilə yanaşı Bruney, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tayland və Filippinin də daxil olduğu Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası rüsum ödəməkdən azaddırlar.
Baliyə gələn turistlərin sayını nəzərə alsaq, hakimiyyət hər gün təxminən 180 min dollar qazanacaq. 2023-cü ildə Balini 11 milyona yaxın xarici turist ziyarət edib ki, bu da ilkin hədəfi 2,5 milyon ötüb. 2024-cü ildə səlahiyyətlilər turist axınının daha da artaraq 14 milyon nəfərə çatacağını proqnozlaşdırırlar.
Haqqın ödənilməsi
Rüsumu gəliş yerində - Ngurah Rai Beynəlxalq Hava Limanında və ya Benoa limanında ödəyə bilərsiniz. Bununla belə, İndoneziya hakimiyyəti bunu Love Bali portalı vasitəsilə əvvəlcədən etməyi tövsiyə edir. Ödəniş üçün MasterCard, Visa American Express və JCB kartlarından istifadə edə bilərsiniz.
Ödəniş edildikdən sonra QR kodu olan qəbz səfər müddətində saxlanmalıdır. Sərhəddə, eləcə də xüsusi turist patrullarının tələbi ilə təqdim edilməlidir.
Turist vergisinin turizm xidmətlərini yaxşılaşdırmaq, yerli mədəniyyəti qorumaq və koronavirus pandemiyası Baliyə turist axını gətirdikdən sonra pisləşən zibil problemi ilə mübarizə üçün istifadə ediləcəyi gözlənilir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay