Çinin ən böyük şirkətlərindən birinə qarşı istintaq başlandı - Milyardlarla borcu var
Çinin ən böyük aktiv menecerlərindən biri olan "Zhongzhi Enterprise Group"a (ZEG) qarşı istintaq başladılıb.
Valyuta.az xəbər verir ki, Pekin polisinin Bələdiyyə İctimai Təhlükəsizlik Bürosu tərəfindən verilən açıqlamada, şirkətin həyata keçirdiyi qanunsuz fəaliyyətlərlə bağlı istintaq başladıldığı bildirilib. Səlahiyyətlilər təfərrüatları paylaşmasa da, Çin Kommunist Partiyasının ingiliscə nəşri olan "Global Times", polisin istintaqda "bir çox şübhəli şəxsə qarşı tədbir gördüyünü" bildirdi. İstintaqda adı keçən şübhəlilərin kimliyi hələlik açıqlanmayıb. Araşdırmalar şirkətin bir müddət əvvəl dərin iflasa uğradığını elan etməsindən sonra başladılıb.
Baş ofisi paytaxt Pekində olan şirkət, investorlarına göndərdiyi məktubda ümumi borc öhdəliyinin 420-460 milyard, aktivlərinin isə 200 milyard yuan olduğunu bildirib. Çindəki böhrandan təsirlənən daşınmaz əmlak şirkətlərinə milyardlarla dollar borc verən "ZEG"in məktubunda "Nağd aktivlər kifayət deyil və onların satışından əldə edilə biləcək məbləğ azdır. Şirkətin borclarını qısa müddətdə ödəməsi üçün kifayət qədər resursları yoxdur” - ifadələri yer alıb.
"ZEG" yüksək riskli və yüksək gəlirli investisiyaların borc istiqrazları, qiymətli kağızlar, vauçerlər və digər borc alətləri ilə maliyyələşdirildiyi “kölgə bankçılığı” adlanan qeyri-rəsmi maliyyə sektorunun ən böyük aktorlarından biri idi. Böyük Britaniyanın ictimai yayımçısı BBC-nin məlumatına görə, Çində “kölgə bankçılıq” sektoru təxminən 3 trilyon dollar dəyərindədir.
Böyük Britaniyada fəaliyyət göstərən bazar təhlili şirkəti "Orient Capital Research"dən Endryu Kollier ZEG-in problemli maliyyə vəziyyətinin və şirkətlə bağlı araşdırmanın Çinin maliyyə sektoruna mənfi təsir göstərə biləcəyinə diqqət çəkib. O, bildirib ki, bu, ölkənin müntəzəm bank sektoruna da təsir edərək daha geniş böhrana səbəb ola bilər.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay