"İranın təşəbbüsü sanksiyalar buxovundan xilas olmağa hesablanıb" - İlham Şaban
İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində neft və qaz layihələrinin birgə maliyyələşdirilməsi üçün fond yaratmaq təşəbbüsü ilə çıxış edib.
Bu barədə ŞƏT-ə üzv dövlətlərin Hökumət Başçıları Şurasının Qırğızıstanda keçirilən geniş tərkibli iclasında bəyanat verilib. “Biz neft-qaz avadanlıqlarının yaradılmasının ilk mərhələsində texniki və mühəndislik avadanlığı ixrac etməyə hazırıq”, deyə İran rəsmisi əmin edib.
Mətbuatın yazdığına görə, İran bərpa olunan enerji mənbələrini də əhatə edəcək regional enerji və ticarət mərkəzi yaratmağa çalışır.
Görəsən, İranın neft və qaz layihələrinin birgə maliyyələşdirilməsi üçün ŞƏT çərçivəsində fond yaratmaq təşəbbüsü nəyə hesablanmış addımdır?
Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban Valyuta.az-a açıqlamasında bildirib ki, Tehranın sözügedən təşəbbüsü sanksiyalar buxovundan xilas olmağa hesablanıb:
"Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində neft-qaz layihələrinin birgə maliyyələşdirilməsi üçün fondun yaradılmasının İran üçün mühüm əhəmiyyəti vardır. Ona görə ki, İran uzun müddətdir ki, sanksiyalar altında yaşayır. 2011-ci ildən sonra isə ona qarşı yönələn bu sanksiyalar daha da gücləndirilib. 2012-ci ildə isə İran SWİT-dən ayrılıb. Bu durumda İran özünün neft-qaz layihələrinə istər Qərb, istərsə də Çin və Rusiyadan bir dollarlıq belə vəsait ala bilmir. Ona görə də Tehran belə bir təkliflə çıxış edib ki, heç olmasa sahəyə müəyyən vəsait cəlb edə bilsin”.
Amma həmsöhbətimiz İranın bu təklifinin reallaşacağını düşünmür:
"Reallaşacağı çətin məsələdir. İndiyə kimi dünya təcrübəsində regional səviyyədə belə bir proses olmayıb. Yalnız özəl şirkətlər səviyyəsində, o da məqbul olduğu təqdirdə, İranın təşəbbüsünə müsbət yanaşılaraq, kapital yatırıla bilər".
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay