ABŞ Çinlə ticarəti gücləndirmək niyyətindədir - Səfir
ABŞ Çinlə ticarət əlaqələrini gücləndirmək niyyətindədir, lakin qabaqcıl texnologiyaların ixracı ilə bağlı milli təhlükəsizliyə mümkün təhdidlərə göz yummağa hazır deyil.
Valyuta.az xəbər verir ki, bu barədə ABŞ-ın Çindəki səfiri Nikolas Börns Bloomberg TV-yə müsahibəsində bildirib.
"Biz Çin Xalq Azadlıq Ordusuna (PLA) üstünlük təmin edə bilən ABŞ-ın qabaqcıl ikili istifadə texnologiyalarının ixracına nəzarət etməkdə ciddiyik. <...> Birləşmiş Ştatlar milli təhlükəsizliyimizə güzəştə getməyəcək və bizcə bu, Çin rəhbərliyinə aydındır”, - diplomat bildirib. O, ABŞ-ın süni intellekt modellərinin inkişafı üçün zəruri olan qabaqcıl yarımkeçiricilərin və çiplərin hərbi məqsədlər üçün istifadə oluna biləcəyinə görə Çinə ixracını məhdudlaşdırmaq niyyətində olduğunu vurğulayıb. Bununla belə, sanksiyalara baxmayaraq, Vaşinqton hələ də Pekinlə “ciddi ticarət əlaqələri”ni inkişaf etdirmək istəyir, - Börns deyib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar “minlərlə Amerika şirkətinin fəaliyyətini və bir milyona yaxın iş yeri” dəstəklədiyi üçün “ölkələr arasında genişmiqyaslı ticarət əlaqələrini pozmağa çalışmır” və 2022-ci ildə ikitərəfli ticarət dövriyyəsinin ümumi həcmi 700 milyard dollara yaxındır. Eyni zamanda, səfir vurğulayıb ki, yarımkeçiricilər və digər qabaqcıl texnologiyalarla bağlı sövdələşmələr ümumi əməliyyatların “cəmi 1%-ni” təşkil edir. O, qeyd edib ki, amerikalı siyasətçilər “Çin hakimiyyətinə ABŞ-ın iqtisadi əlaqələri geniş əsasda davam etdirmək istədiyini başa sala bildilər”. Börns xatırladıb ki, Çin də “risklərin azaldılması” siyasətinin bir hissəsi kimi ABŞ-ın müəyyən texnologiyalarının və Amerika iqtisadiyyatına investisiyaların satışını məhdudlaşdırır ki, bu da onun fikrincə, Vaşinqtonun kursunun düzgünlüyünü təsdiqləyir.
Oktyabrın 17-də ABŞ Ticarət Nazirliyi 13 Çin şirkətinin qara siyahıya salındığını və yarımkeçiricilərin Çinə satışına ixrac məhdudiyyətlərinin genişləndirildiyini açıqlayıb. Bu müəssisələrin “ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına zidd fəaliyyət göstərdiyi” bildirilir.
2022-ci ilin oktyabr ayında ABŞ Çinə qabaqcıl yarımkeçirici istehsal avadanlıqlarının ixracına bir sıra məhdudiyyətlər elan edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay